Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclas əsas etibarilə Vəkillər Kollegiyasının yeni rəhbərliyinin fəaliyyətinin 100 gününün yekunlarına həsr olunmuşdur.
İclası giriş sözü ilə açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti haqqında məlumat vermiş, Azərbaycan Respublikasının Prezidentinin vəkilliyin inkişafına dair 22.02.2018-ci il tarixli məlum Sərəncamının Vəkillər Kollegiyasına ünvanlanmış tövsiyələrinin icrası istiqamətində görülən işlər, habelə vəkilliyə qəbul üzrə şifahi imtahanların gedişi, gələcəkdə keçirilməsi nəzərədə tutulan icbari təlim proqramının məzmunu barədə iclas iştirakçılarını tanış etmişdir.
Daha sonra iclasın gündəliyinə əsasən, Azərbaycan Respublikası Vəkillər Kollegiyası üçün beynəlxalq və regional peşə təşkilatları ilə əməkdaşlığın əhəmiyyəti haqqında fikirlər səsləndirilmiş və kollegiyanın Türkdilli və Qohum ölkələrin Vəkillər Kollegiyalarının Birliyinə (TÜRK-AV) üzvlük məsələsi müzakirə olunaraq qeyd olunan təşkilata üzv olmaq barədə qərar qəbul olunmuşdur. Bildirimişdir ki, adı çəkilən təşkilatda təsisçi üzvlər sırasına qoşulması Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üçün təşkilata üzv olan ölkələrin – Türkiyənin, Gürcüstanın, Qazaxıstanın, Albaniyanın, Qırğızıstanın və digər ölkələrin vəkillik qurumları ilə əməkdaşlıq, təcrübə mübadiləsi baxımından geniş perspektivlər açacaqdır.
Bundan başqa, Bakı şəhərində iki vəkil qurumunun təsis olunmasına icazə verilməsi barədə qərar qəbul olunmuş, Vəkillər Kollegiyasının bir sıra üzvləri yubileyləri və uzun illik səmərəli vəkillik fəaliyyətləri ilə bağlı təltif olunmuşlar.
İclas ərzində qərara alınmış məsələlərdən biri də vəkilliyə sənəd qəbulunun bərpası ilə bağlı idi. Rəyasət Heyətinin qərarına əsasən, 2018-ci il aprel ayının 16-dan etibarən vəkilliyə sənəd qəbulu qeyd olunan tarixdən etibarən daimi əsaslarla açıq elan olunacaqdır. Hətta sənəd qəbulunun elektron aparılmasının təmin edilməsinə çalışılacaqdır. Bu barədə əlavə məlumat veriləcəkdir.
Sonda Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən Rəyasət Heyətinin üzvləri və iclasın digər iştirakçılarına qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik sözləri çatdırılmış, önümüzdəki dövr ərzindəki fəaliyyətlərində uğurlar arzulanmışdır.