Bu gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, həmçinin KİV nümayəndələrinin iştirakı ilə vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilmişdir.
Tədbirdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov ölkə başçısı cənab İlham Əliyev tərəfindən qəbul edilmiş 22.02.2018-ci il tarixli Sərəncam və 03.04.2019-cu il tarixli Fərmanın xüsusi əhəmiyyət kəsb etdiyini, bu çərçivədə Vəkillər Kollegiyasına sənəd qəbulunun daimi əsaslarla həyata keçirildiyini, hazırda vəkilliyə qəbul üzrə ixtisas imtahanları davam etdiyini, sənəd verən hüquqşünasların sayının günü-gündən artdığını, bu gün and içəcək vəkilliyə namizədlərlə birlikdə ölkədə vəkillərin sayının 1700-ü ötdüyünü qeyd etmişdir.
Ədliyyə Akademiyasının rektoru vəzifələrini icra edən, Vəkillərin İxtisas Komissiyasının üzvü Elçin Xələfov çıxış edərək vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə fikirlərini səsləndirmiş, Vəkillər Kollegiyası ilə birgə hazırlanmış tədris proqramının məzmun baxımından yeniliklərlə zəngin olduğunu bildirmiş və and içəcək namizədlərə gələcək fəaliyyətlərində uğurlar arzu etmişdir.
Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarını müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş 73 namizədlərin andiçmə mərasimi keçirilmiş, vəkilliyə namizədlər Azərbaycan Respublikasının dövlət bayrağı önündə and içmiş, onlara vəsiqələr təqdim edilmişdir.