Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

İCMAL: Vəkillər Kollegiyası 2019 - rəqəmlərlə

30 dekabr 2019    3245 share share

2019-cu il ərzində Vəkillər Kollegiyası Rəyasət Heyətinin 17 iclası keçirilmişdir.

Keçirilmiş iclaslarda mütəmadi olaraq Rəyasət Heyəti tərəfindən həyata keçirilmiş tədbirlər, qarşıda duran vəzifələr barədə məlumat verilmiş, o cümlədən Kollegiyanın cari fəaliyyəti ilə bağlı qərarlar, normativ sənədlər qəbul edilmişdir.

Belə ki, baş tutmuş iclaslarda “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Vəkillər Kollegiyasının 2019-cu il üzrə Tədbirlər Planı, habelə “Vəkillərə (müdafiəçilərə) dövlət hesabına göstərilən hüquqi yardım haqqının Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə” təlimat qəbul edilmişdir. Bundan əlavə, keçirilən iclaslarda “Azərbaycan Respubliksı Vəkillər Kollegiyası üzvlərinin, vəkil köməkçilərinin, Rəyasət Heyəti aparatının və vəkil bürolarının işçilərinin şəxsi işinin aparılması və saxlanılması” Qaydaları, “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilməli olan xidmət haqqının nağdsız formada ödənilməsi barədə” Qaydaları, “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Qaynar xətt”inə daxil olan şikayətlərə baxılması Qaydaları”, “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təsis edilən nişanların Əsasnaməsi”, “Vəkillərə (müdafiəçilərə) dövlət hesabına göstərilən hüquqi yardım haqqının Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə Təlimat”, “Vəkillərin futbol liqası turniri”nin Əsasnaməsi təsdiq edilmiş, “Vəkil qurumlarının təşkili və fəaliyyəti haqqında” və “Vəkil kabinetinin yaradılması” Qaydalarında dəyişiklik edilmişdir.

Vəkilliyə qəbulla bağlı aparılmış tədbirlərlə bağlı qeyd etmək lazımdır ki, 2019-cu il ərzində 31 mart, 8 sentyabr və 31 oktyabr tarixlərində olmaqla 3 yazılı test imtahanı elektronlaşdırılmış qaydada həyata keçirilmiş, bu mərhələdən müvəffəqiyyətlə keçən namizədlərlə Vəkillərin İxtisas Komissiyası tərəfindən şifahi müsahibə mərhələsi keçirilməyə başlamış və hazırda davam etməkdədir. Nəticə etibarilə il ərzində keçirilmiş ixtisas imtahanlarının yekununda Respublikada fəaliyyət göstərən vəkillərin sayı 1503-dən 1708-dək artmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi ilə bağlı tövsiyə icrası ilə bağlı olaraq, bölgələrində hüquqi yardıma ehtiyacı olan atzəminatlı əhalinin bu yardıma çatımlılığını təmin etmək üçün Rəyasət Heyəti tərəfindən alınmış mikroavtobus vasitəsilə Bakı şəhərində fəaliyyət göstərən vəkillərin regionlara səyyar hüquqi yardım səfərləri təşkil edilmişdir. Belə ki, mütəmadi olaraq Vəkillər Kollegiyasının bir qrup üzvləri Respublikanın müxtəlif regionlarına səfər edərək aztəminatlı əhaliyə pulsuz hüquqi xidmətlər göstərməkdədir. Bu kimi tədbirlər ölkənin əksər rayonlarında təşkil olunmuşdur.

Qeyd etmək lazımdır ki, son bir il ərzində isə regionlarda 10, ümumilikdə 19 yeni vəkil qurumu fəaliyyətə başlamış, beləliklə də vəkil qurumlarının sayı 89-a çatmışdır. Bu çərçivədə Dövlət başçısının 22 fevral 2018-ci il tarixli Sərəncamının icrası çərçivəsində Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi vətəndaşların istifadəsinə verilmişdir. Görülən tədbirlər çərçivəsindən Şirvan və Sumqayıt şəhərlərində vəkil bürolarının təntənəli açılışları da keçirilmişdir.

Həmçinin, qanunsuz “vəkillik” halları ilə də geniş mübarizə aparılmışdır. Eyni zamanda, bu kimi halların aşkarlanması və qarşısının alınması məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyətində yaradılan “Qaynar xətt” fəaliyyət göstərməkdədir.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu il də beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm vermiş, bir çox görüşlər keçirmiş, səfərlərdə olmuş, müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmiş, belə tədbirlərin təşəbbüskarı və təşkilatçısı qismində çıxış etmişdir.

Bu dövr ərzində BMT-nin, habelə onun ixtisaslaşmış qurumları olan Beynəlxalq Miqrasiya Təşkilatı, İnsan Hüquqları, habelə Uşaq hüquqları üzrə komissarlıqları, Avropa Vəkillər Kollegiyaları Assosiasiyası (CCBE), Hüquqşünasların Beynəlxalq Komissiyası (ICJ), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), habelə Avropa Şurası və Avropa İttifaqı ilə əməkdaşlıq münasibətləri qurulmuş və möhkəmləndirilmişdir.

Eyni zamanda, Vəkillər Kollegiyasının nümayəndələri bir sıra xarici səfərlərdə olmuş, müxtəlif tədbirlərdə iştirak etmişlər.

Beynəlxalq əməkdaşlıq çərçivəsində Vəkillər Kollegiyasının nümayəndə heyətləri Belarus, Rusiya, Avstriya, Almaniya, Fransa, Polşa, Türkiyə, Gürcüstan, Bolqarıstan, Çin, Özbəkistan və Qazaxstanda səfərlərdə olmuş, müxtəlif məzmunda və formatda keçirilən tədbirlərdə iştirak etmiş, həmin ölkələrin vəkillər kollegiyaları, o cümlədən dövlət orqanları ilə gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparmış, bir sıra anlaşmalar imzalanmışdır.

Eyni zamanda, may ayının 31-də “Hilton” mehmanxanasında Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfrans keçirilmişdir. Konfransda 300-dək vəkil, Milli Məclisin deputatları, hüquqşünas-alimlər, hakimlər, vəkillər, xarici ölkələrin səfirliklərinin, o cümlədən, müxtəlif dövlət və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak etmiş, tədbirin işıqlandırılması üçün kütləvi informasiya vasitələri dəvət edilmişdir. Konfransda açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanının əhəmiyyəti, Fərmanda qeyd olunan göstəriş və tövsiyələrin icrası ilə bağlı Vəkillər Kollegiyası tərəfindən həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat vermişdir.

Bundan başqa, oktyabr ayının 4-də Marriott Abşeron Bakı mehmanxanasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və digər məhkəmələrin sədrləri və hakimləri, prokurorluq və ədliyyə orqanlarının rəhbərləri və nümayəndələri, o cümlədən, 20-dən çox ölkənin vəkillər kollegiyalarının rəhbərləri və üzvləri, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatların, habelə dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, hüquq ictimaiyyətinin təmsilçiləri iştirak etmişdir.

Qeyd olunmalıdır ki, yubiley tədbirləri çərçivəsində 3-6 oktyabr tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Gürcüstan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillər arasında 1-ci Cənubi Qafqaz Beynəlxalq Futbol Turniri” keçirilmiş, turnirdə 10 ölkəni - Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Belarus, İran, Polşa, Qazaxstan, Özbəkistan və Bolqarıstanı təmsil edən 16 komanda birincilik uğrunda mübarizə aparmışdır.

Müxtəlif yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində BMT-nin Azərbaycan Nümayəndəliyi, BMT-nin Qaçqınlar üzrə Komissarlığı, BMT-nin Əhali Fondu, BMT-nin Uşaq Fondu, Azərbaycan Respublikasının Ailə, Qadin və Uşaq Problemləri Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və bir sıra digər təşkilatlarla əməkdaşlıq memorandumları bağlanılmışdır.

Bundan başqa, məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi qeyd edilməsi qərara alınmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri adından bununla bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə minnətdarlıq məktubu da göndərilmişdir. Bu əlamətdar günün qeyd edilməsi ilə bağlı, bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin, Vəkillərin İntizam və İxtisas Komissiyasının, o cümlədən, Vəkillər Kollegiyasının 500-dən çox üzvü Fəxri Xiyabanı ziyarət etmiş, Ümumilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyulmuş, xatirəsi dərin ehtiramla yad edilmişdir.