Bu gün Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri cənab Volfqanq Maniqin rəhbərlik etdiyi nümayəndə heyəti Vəkillər Kollegiyasının Rəyasət Heyətində olmuşdur.
Qonaqları salamlayan Vəkillər Kollegiyasının sədri Anar Bağırov son iki ildə ölkəmizdə vəkilliyin inkişaf etdirilməsi sahəsində görülmüş işlər, xüsusilə vəkillərin sayının artırılması, regionlarda vəkil çatışmazlığı, Kollegiyanın müxtəlif yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığı barəsində ətraflı məlumat vermiş, habelə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə Vəkillər Kollegiyası arasında formalaşmış əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və bu əlaqlərin davam etdirilməsinin zəruriliyi barədə fikirlərini bölüşmüşdür.
Daha sonra səfir Maniq ölkəmizdə artıq 6-cı aydır ki fəaliyyətinin davam etdirməsi, peşəcə hüquqşünas olduğunu nəzərə alaraq Azərbaycanda hüquq institutlarının inkişafında maraqlı olmasını, bundan əvvəl ölkəmizin Konsititusiya Məhkəməsinin sədri və Baş prokuroru ilə görüşdüyünü bildirmişdir. Eyni zamanda, qonaq tərəfindən bildirilmişdir ki, ölkəmizin iqtisadi potensialının gücləndiyini, ələlxüsus, Azərbaycanın inkişaf etməkdə olan ölkələrin sırasından çıxaraq inkişaf etmiş ölkələrin sırasına daxil olma potensialının yüksək olduğunu nəzərə alaraq gələcəkdə müəyyən istiqamətlər üzrə Almaniya Federativ Respublikasının inkişaf proqramları çərçivəsində ölkəmizə dəstəyinin həcminin azaldılacağı barədə fikirlərini bildirmişdir. Bununla belə, GIZ-nin “Yaxşı idarəçilik və qanunun aliliyi” təşəbbüsü üzrə vəkillərin peşə bacarıqlarının artırılması və sair aidiyyəti istiqamətlər üzrə dəstəyin verilməsinin vacibliyi qeyd olunmuşdur.
Sonda rəsmi qonağa Vəkillər Kollegiyasının xatirə hədiyyələri təqdim olunmuş, xatirə fotosu çəkilmişdir.