Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

BDU-NUN HÜQUQ FAKÜLTƏSİNİN TƏLƏBƏLƏRİ HÜQUQİ YARDIM VƏ TƏDRİS MƏRKƏZİ İLƏ TANIŞ OLMUŞLAR

25 yanvar 2020    2336 share share


Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 22.02.2018-ci il tarixli Sərəncamından irəli gələrək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən yaradılmış və 26.12.2019-cu il tarixdən fəaliyyətə başlamış Hüquqi Yardım və Tədris Mərkəzi əsas etibarı ilə vətəndaşlara peşəkar hüquqi yardımın göstərilməsini, mövcud qanunvericiliyə əsasən vəkillərin dövlət hesabına hüquqi yardımın göstərilməsinə cəlb olunduğu işlərin təşkil edilməsi, habelə vəkillərin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün onların tədrisə cəlb olunması işlərini təmin etməkdədir.

Yanvarın 24-də Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 60-dan artıq tələbəsi tanışlıq məqsədilə Mərkəzi ziyarət etmişlər. Tanışlıq görüşündə Vəkillər Kollegiyasının sədri Anar Bağırovun salamları tələbələrə çatdırılmış, daha sonra onlar yeni açılmış Mərkəzin fəaliyyəti ilə Mərkəzin direktoru, vəkil Şahmar Məmmədov tərəfindən tanış edilmiş, xüsusilə yeni nəsil vəkillərin vətəndaşların hüquqi yardım çatımlılığındakı əvəzsiz rolları barədə məlumat verilmiş, gələcəkdə tələbələrin vəkil peşəsini seçmələrinə sövq edilməsi üçün onların mərkəzdə təcrübə keçmə imkanları müzakirə edilmişdir.

Daha sonra Mərkəzin tədris məsələləri üzrə koordinatoru, hüquq elmləri doktoru, vəkil Mayis Əliyev tərəfindən gənc hüquqşünasların təcrübi bilikləri ilə bərabər nəzəri biliklərinin artırılması üçün Mərkəzin imkanlarından istifadə etmək üçün münbit şəraitin olması qeyd olunmuşdur.

Görüş zaman bütün tələbələr Mərkəzdə könüllü olaraq işləmək istəkləri barədə niyyətlərini bildirmiş və onların yaxın günlərdə həm Mərkəzdə, həm də digər vəkil qurumlarında fəaliyyətə başlamalarına razılıqlarını bildirilmişlər.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən bu kimi qarşılıqlı faydalı görüşlərin respublikamızın digər ali təhsil müəssisələrinin hüquq fakültələrinin tələbələri ilə də keçirilməsi nəzərdə tutulmuşdur.