Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

HÜQUQİ YARDIM VƏ TƏDRİS MƏRKƏZİNDƏ VƏKİLLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

15 fevral 2020    2826 share share

Fevralın 14-də Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində Bakı və Abşeronda yerləşən 20-dək vəkil qurumunun rəhbərləri ilə Kollegiya rəhbərliyinin görüşü keçirilmişdir.

Görüşü giriş sözü ilə açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov son dövrlər Kollegiya tərəfindən görülmüş işlər, xüsusilə vəkillərin sayının artımı, 2019-cu il üzrə Rəyasət Heyətinə daxil olmuş müraciətlərin statistikası, vəkil qurumlarına hüquqi yardım üçün müraciət etmiş şəxslərlə vəkillər arasında müqavilələr bağlanarkən ödənişlərin nağdsız əməliyyatlar formasında aparılması, dövlət hesabına həyata keçirilən hüquqi yardım işində vəziyyət və qurumların bu məsələdə rolu, vəkillərin vergi və digər məcburi sosial sığorta yükümlülüyü və bu sahədə gözlənilən müsbət dəyişikliklər, ümumən Respublika üzrə vəkillərin intizam icraatının dinamikası barədə ətraflı məlumat vermişdir.

Sonra qurumların rəhbərlərini maraqlandıran suallar cavablandırılmış və bir sıra əhəmiyyət kəsb edən məsələlər ətrafında müzakirələr aparılmışdır.

Görüşün sonunda bir sıra vəkil qurumlarının rəhbərləri vəkilliyin inkişafına verdikləri töhfələrinə görə “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edilmişlər.

Qeyd olunmalıdır ki, həmin gün Vəkillər Kollegiyasının rəhbərliyi ilə vəkilliyə namizədlərin icbari təlimində təlimçi qismində fəaliyyət göstərən vəkillər, habelə Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanının icrası çərçivəsində formalaşdırılmış mülki və cinayət sahələri üzrə işçi qruplarda fəaliyyət göstərmiş vəkillərlə də görüş keçirilmişdir.

Görüşdə Kollegiyanın sədri Anar Bağırov tərəfindən yaxın perspektivdə vəkillərin artım dinamikası, Hüquqi Yardım və Tədris Mərkəzi tərəfindən vəkillərin davamlı tədrisinin təşkili, bu işə xüsusilə vəkil təlimçilərin cəlb olunmasının zəruriliyi, vəkillərin praktik bilik və vərdişlərə yiyələnmələrində davamlı tədrisin rolunun əhəmiyyəti barədə fikirlər səsləndirilmişdir.

Sonra tədris prosesi və işçi qrupların fəaliyyətində fərqlənmiş vəkillərin mükafatlandırma mərasimi keçirilmiş və fəaliyyətlərində seçilmiş bır sıra vəkillərə “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanları təqdim edilmişdir.