Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunmuşdur.
Göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, 15 fevral tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı Kürdəxanı qəsəbəsində ödənişsiz hüquqi yardım göstərilmişdir.
Bakı şəhəri 20 saylı Vəkil Bürosu tərəfindən 100-dək vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilmiş, onların problemləri ilə tanış olunmuş, müvafiq məsləhətlər verilmiş, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılmış, o cümlədən hüquqi maarifləndirmə işi aparılmışdır.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin Respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulmuşdur.