Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının rəhbərliyi Avstriyada beynəlxalq konfransda iştirak etmişdir

21 fevral 2020    1833 share share

Fevralın 21-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Vəkillər Kollegiyasının dəvəti ilə “Avropa vəkillər kollegiyalarının rəhbərlərinin 48-ci toplantısı”nda iştirak etmişdir.

Ənənəvi olaraq Vyana şəhərində keçirilən konfransda əsas etibarilə Avropa Şurasına üzv olan ölkələrin vəkillər assosiasiyalarının rəhbərləri, habelə vəkillik sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların prezidentləri, bir sıra digər peşəkar regional təşkilatların təmsilçiləri iştirak etmişlər.

“Demokratiya və qanunun aliliyi” mövzusuna həsr olunmuş budəfəki konfransda Avstriyanın sabiq kansleri Bricit Birlayn, Avstriyanın sabiq prezidenti Haynz Fişer, Avropa İttifaqının ədliyyə komissarı Didiyer Reynders, Avstriyanın ədliyyə naziri Alma Zadiç və digər rəsmilər tərəfindən çıxışlar edilmişdir.

Qeyd olunmalıdır ki, konfrans çərçivəsindən tədbirə qatılan müxtəlif ölkələrin vəkillər kollegiyaları tərəfindən müvafiq olaraq həmin ölkələrdə vəkil peşəsinin durumu barədə hesabatlar təqdim olunmuş, bir sıra ölkələrin vəkillər assosiasiyalarının rəhbərləri tərəfindən çıxışlar edilmiş və problemlərin həlli istiqamətində müzakirələr aparılmışdır.

Tədbir çərçivəsində Avstriyanın Baş Kansleri Kristian Kurz tərəfindən qonaqların təntənəli qəbulunun keçirilmişdir.

Konfrans ərzində bir sıra ölkələrin vəkillər assosiasiyalarının rəhbərləri ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəhbərliyi arasında görüşlər keçirilmiş, gələcək əməkdaşlığın qurulması, təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparılmışdır.

Rəsmi səfərdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Aparatının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Sayad Qılıcov da iştirak etmişdir.