Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

BAŞ PROKURORLUQ İLƏ VƏKİLLƏR KOLLEGİYASI ARASINDA SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ DAVAM EDİR

26 fevral 2020    3350 share share

Fevralın 25-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin yeni təyin olunmuş rəisi Orxan İsayev Vəkillər Kollegiyasının Rəyasət Heyətində olmuşdur.

Rəsmi qonağı salamlayan Vəkillər Kollegiyasının sədri Anar Bağırov onu yeni təyinatı ilə bağlı təbrik edərək işində uğurlar arzulamış, idarənin fəaliyyətinin məzmunca yeni xarakter alacağına, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanından irəli gələn aidiyyəti tapşırıqların uğurla yerinə yetiriləcəyinə dair əminliyini ifadə etmiş, Dövlət ittihamının müdafiəsi üzrə idarə ilə Kollegiya arasında səmərəli əməkdaşlıq münasibətlərinin zəruriliyi barədə fikirlərini səsləndirmişdir.

Vəkillər Kollegiyasının sədrinin müavinləri, Rəyasət Heyətinin və Vəkillərin İntizam Komissiyasının üzvlərinin də iştirak etdiyi görüşdə tərəflər üçün qarşılıqlı maraq kəsb edən məsələlər, xüsusilə vəkillər ilə hüquq-mühafizə orqanlarının nümayəndələri arasında qeyri-prosessual münasibətlərin yolverilməzliyi, məhkəmə proseslərində dövlət ittihamçıları ilə vəkillər arasında daha peşəkar münasibətlərin qurulmasının ədalət mühakiməsinin səmərəli həyata keçirilməsindəki rolu ətrafında müzakirələr aparılmışdır.

Sonda tərəflər dövri olaraq analoji görüşlərin keçirilməsinin hər iki qurum üçün faydalı olacağı, gələcəkdə daha geniş tərkibdə tədbirlərin keçirilməsinin zəruri olması barədə fikirlərini bildirmişlər.