Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİL İDMANI İNKİŞAF EDİR - VƏKİL FUTBOL LİQASININ 2-Cİ DÖVRƏSİ YEKUNLAŞMIŞDIR

10 mart 2020    2510 share share

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən ölkə ictimaiyyəti arasında vəkil peşəsinin nüfuzunun qaldırılması, xüsusilə vəkil idmanın - vəkil futbolunun təvşiqi məqsədilə çoxsaylı mədəni və sosial tədbirlər həyata keçirilməkdədir.

Martın 7-də II Vəkil Futbol Liqasının 2-ci dövrəsinin son turu keçirilmişdir. Maraqlı mübarizənin nəticəsi kimi yalnız son turda ümumi turnirin nəticələri müəyyən olunmuşdur.

İlk oyun 3-cü və 4-cü yerlər uğrunda “Ədalət” komandası ilə “Barrister” komandası arasında keçirilmişdir. Gərgin mübarizə nəticəsində komandalar bərabər oyun göstərmiş və hesab 2:2 olmaqla oyun heç-heçə bitmişdir. Yalnız turnir cədvəlinin ümumi nəticələrindən məlum olmuşdur ki, bu komandaların ilk görüşü “Ədalət”in qələbəsi ilə bitmişdir (3:2). Beləliklə, şəxsi görüşlər hesabına “Ədalət” komandası turnirin bürünc mükafatlarını qazanmışdır.

Son turun mərkəzi oyunu isə cari çempion “Advokat” komandası ilə çempionluğa iddialı “Abşeron” komandası arasında keçirilmişdir. Qeyd olunmalıdır ki, turnirin həmin ana nəticələrinə görə “Advokat” komandası daha çox xala sahib olduğu üçün oyuna daha rahat başlamışdır. “Abşeron” komandasına isə yalnız qələbə lazım idi.

Gərgin mübarizə şəraitində keçən oyunda “Abşeron” komandası “Advokat”ın qapısından 4 cavabsız top keçirərək həm oyunun, həm ümumi turnirin qalibi olmuşdur.

Oyunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov və RH-nin digər üzvləri də daxil olmaqla çoxsaylı azarkeş kütləsi tərəfindən izlənilmişdir.

Oyundan sonra kollegiya rəhbərliyi və turnirin təşkilatçıları təltifetmə mərasimində iştirak ediblər.

II Vəkil Futbol Liqasının nəticələrinə görə “Abşeron” komandası 1-ci, “Advokat” komandası 2-ci və “Ədalət” komandası 3-cü yerləri qazanmışlar. Komandaların kapitanlarına müvafiq olaraq rəmzi qızıl, gümüş və bürünc kuboklar təqdim edilmiş, həmçinin komandaların bütün üzvləri müvafiq medallarla təltif edilmişlər. Bundan başqa, turnirdə iştirak edən bütün komandalar və oyunçular arasında keçirilmiş səsvermənin nəticəsinə görə “Advokat” komandasının oyunçusu Rəfail Abbasov turnirin “Ən yaxşı oyunçu”su adına layiq görülmüşdür. Turnir ərzində ən çox qol vuran “Ədalət” komandasının hücumçusu Turqay Babayev turnirin “Ən yaxşı bombardir”i, turnir ərzində ən az qol buraxan “Advokat” komandasının qapıçısı Asim Sarıyev isə “Ən yaxşı qapıçı” fəxri adlarını qazanmışlar.

Əlavə olaraq qeyd olunmalıdır ki, turnirin 2-ci dövrəsi başlanarkən, paralel olaraq 2-ci dövrəyə keçməyən 5 komanda arasında “Ümid” Kuboku adlı mini-turnir təşkil edilmişdir. Həmin turnirin final oyunu 14 mart 2020-ci il tarixdə “Kəpəz” – “İnter” komandaları arasında baş tutacaqdır.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bundan sonra da hüquqşünaslar arasında vəkil peşəsinin təşviqi, Kollegiyanın daha da institusionallaşmasına və cəmiyyətin bu sahəyə etimadının yüksəldilməsinə xidmət edən vəkil idmanı və vəkil futbolu kimi aksiyalarına dəstək verəcəyini bildirir.