Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

AZƏRBAYCAN RESPUBLİKASINDA MEDİASİYA ŞURASI TƏSİS EDİLMİŞDİR

16 aprel 2020    8902 share share

Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Mediasiya Şurasının təsis edilməsi və mediasiya qanunvericiliyinin tətbiqi məqsədi ilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə 2 dekabr 2019-cu il tarixində işçi qrup yaradılmışdır. İşçi qrupda Azərbaycan Respublikası Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ali Məhkəmə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Vəkillər Kollegiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi öz səlahiyyətli nümayəndələri vasitəsilə təmsil edilmişdirlər.

İşçi qrupun fəaliyyəti nəticəsində Mediasiya Şurasının nizamnaməsi bütün aidiyyəti qurumlarla razılaşdırılaraq, təsisçi qismində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Vəkillər Kollegiyası çıxış etməklə, 12 fevral 2020-ci il tarixində “Mediasiya Şurası” qeyri-kommersiya hüquqi şəxsi təsis edilmiş, 16 fevral 2020-ci il tarixində Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Mediasiya Şurasının idarə edilməsi hal-hazırda müvəqqəti olaraq Müşahidə Şurası tərəfindən həyata keçirilir. Müşahidə Şurası Məhkəmə Hakimləri Assosiasiyası İttifaqı tərəfindən təyin edilmiş hakim (Səməd Cəfərov), Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkil (Elçin Usub), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təyin edilmiş sahibkar (Vüqar Zeynalov), Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı (Məryəm Hacı-İsmayılova) və müstəqil mediasiya ekspertindən (Ruslan Mirzəyev) ibarət tərkibdə formalaşmışdır.

Mediasiya Şurası tərəfindən qısa müddət ərzində mediasiya təlimlərinin təşkili, belə təlimlərdən keçmiş mediatorların Şuraya üzv olaraq qəbul edilməsi, belə mediatorlardan ibarət Mediasiya Şurasının İdarə Heyətinin yaradılması və ölkə ərazisinində “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Bu istiqamətdə 3 mart 2020-ci il tarixli Mediasiya Şurasının qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası mediasiya təlimi qurumu kimi Mediasiya Şurasının üzvlüyünə qəbul edilmişdir. Mediasiya Şurası “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.6-cı maddəsini rəhbər tutaraq, 8 aprel 2020-ci il tarixində “Mediasiya prosesinin tətbiqi barədə təklif”, “Mediasiya üçün müraciət”, “Mediasiyaya dəvət məktubu”, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”, “Barışıq sazişi”, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”, “Müqavilədə mediasiyaya dair qeyd-şərt olduqda ilkin mediasiya sessiyasinda iştirak edilməməsi barədə arayış”, “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”, “Mediasiya prosesinə xitam verilməsi barədə protokol” formalarını təsdiq etmişdir. Bununla yanaşı, Mediasiya Şurası tərəfindən statistik məlumatların toplanması qaydasını və qiymətləndirmə sorğusunu özündə əks etdirən “Statistik məlumatların toplanması üçün təlimat” və üzvlüyə qəbul prosesini əks etdirən “Mediasiya Şurasının üzvlüyünə qəbul edilmə proseduru” təsdiq edilmişdir. Qeyd edilən sənədlər ictimaiyyətin diqqətinə çatdırılacaq.

Koronavirus (COVİD-19) pandemiyasının qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində mart və aprel aylarında keçirilməsi planlaşdırılan təlimlər təxirə salınmışdır. Lakin, qısa müddət ərzində qeyd edilən tədbirlər nəzərə alınmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında mediatorların ilkin hazırlığı üzrə təlimlərin keçirilməsi və müvafiq istiqamətlərdə işlərin görülməsi nəzərdə tutulur.