Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

DÖVLƏT HESABINA GÖSTƏRİLƏN HÜQUQİ YARDIMA GÖRƏ HAQLARIN VƏKİLLƏRƏ ÖDƏNİŞİ UĞURLA HƏYATA KEÇİRİLİR

05 may 2020    1148 Paylaş Paylaş

Məlum olduğu kimi, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərman ilə cari və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılması nəzərdə tutulmuşdur. Bu məqsədlə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2020-ci ilin dövlət büdcəsində Vəkillər Kollegiyasına 5.519.250 manat vəsait ayrılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında edilmiş dəyişikliyə əsasən 2020-ci il yanvarın 1-dən başlayaraq dövlət hesabına göstərilən hüquqi yardıma görə məbləğlər vəkilin təqdim etdiyi hesabata uyğun olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında Vəkillər Kollegiyası tərəfindən vəkillərə nağdsız qaydada ödənilir.

Hüquqi yardıma görə vəkillərə məbləğlərin Kollegiyanın Rəyasət Heyətinin “Dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkillərə ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə Təlimat”ına uyğun olaraq operativ surətdə ödənilməsi təmin edilir.

Qeyd edək ki, dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın vəkillərə ödənilməsini nəzərdə tutan zəruri sənədlərin toplanması, onlara baxılması və ödənişlərin təmin olunması üçün sənədlərin Kollegiyanın Rəyasət Heyətinin Aparatına təqdim olunması işlərinin mərkəzləşdirilmiş qaydada təşkili Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinə həvalə edilmişdir. 2020-ci ilin yanvar ayından başlayaraq indiyədək vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən Hüquqi Yardım və Tədris Mərkəzinə ümumilikdə 4500-ə yaxın məhkəmə qərarı təqdim olunmuşdur.

Ötən müddət ərzində Rəyasət Heyətinin Aparatına təqdim olunan 4120 məhkəmə qərarı Kollegiya tərəfindən icra edilərək həmin qərarlar üzrə məbləğlərin vəkil qurumları və vəkillərin bank hesablarına köçürülməsi uğurla təmin edilmişdir. Qeyd olunan məhkəmə qərarları üzrə Vəkillər Kollegiyası tərəfindən ümumilikdə 521.016,26 manat məbləğində ödəniş həyata keçirilmişdir.

Hazırda digər məhkəmə qərarlarının icrası istiqamətində müvafiq işlər davam etdirilir və cari büdcə ilində qanunvericiliyə uyğun olaraq təqdim olunacaq məhkəmə qərarları üzrə məbləğlərin ödənilməsi Vəkillər Kollegiyası tərəfindən vaxtında təmin ediləcəkdir.

Dövlət hesabına göstərilən hüquqi yardım üzrə işin ictimai əhəmiyyətini, bu istiqamətdə vəsaitin dövlət büdcəsindən maliyyləşdirildiyini, habelə bu sahədə şəffaflığın təmin edilməsi zərurətini nəzərə alaraq, ictimaiyyət bu barədə vaxtaşırı olaraq məlumatlandırılacaqdır.