Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

İLK DƏFƏ VƏKİLLİYƏ NAMİZƏDLƏRİN ONLINE ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLMİŞDİR

05 iyun 2020    1567 share share

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti barədə məlumat vermiş və bildirmişdir ki, bu gün and içəcək vəkilliyə namizədlərlə birlikdə Vəkillər Kollegiyası üzvlərinin sayı 1783 nəfərə çatacaqdır.

Eyni zamanda, Sədr öz çıxışında “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli Qanunu ilə vəkillərin gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı üzrə tutulma faizinin xərclər çıxılmaqla, 10 faiz miqdarında müəyyən edilməsinin vəkillik üçün əhəmiyyətindən bəhs etmişdir. 

Bununla yanaşı, iclasda vəkillik fəaliyyəti zamanı qeyri-prosessual münasibətlərə yol açan, habelə korrupsiya hüquqpozmaları və ya korrupsiyaya şərait yaradan hüquqpozmalarla nəticələnə bilən hər bir hərəkətin yolverilməz olduğu xüsusilə qeyd edilməklə, vəkil qurumları və bütün vəkillər tərəfindən bir sıra məsələlərin diqqətdə saxlanılması zəruri hesab edilmişdir. 

Xüsusilə, hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquq və mənafelərinin müdafiəsi (təmsil edilməsi) baxımından tapşırıq (müqavilə) münasibətləri yaranarkən müştəri tərəfindən vəkilə ödənilməli olan qonorar məbləğinin tam şəkildə və nağdsız qaydada ödənişinin təşkil olunması; Göstərilən hüquqi yardım çərçivəsində müştərilərdən hər hansı məbləğdə nağd qaydada və ya işin dolayı yolla “həlli”nə yönəlmiş “məqsədlər” üçün müştərindən nağd və ya nağdsız qaydada vəsaitin alınmasının (tələb edilməsinin) yolverilməzliyinə hər zaman riayət olunması; Vəkil qurumlarının rəhbərləri tərəfindən vəkillə müştərinin müqavilə münasibətlərində iştirak zamanı müqavilə məbləğlərinin düzgün təsbit olunmasına ciddi surətdə diqqət yetirilməsi; Qanunvericiliklə nəzərdə tutulan ödənişlərin (tutulmaların) vaxtında ödənilməsi; Vəkil tərəfindən göstərilən hüquqi yardıma görə əldə edilən mədaxildən bu fəaliyyət üçün çəkilmiş xərclər (üzvlük haqqı, saxlanma xərcləri, köçürmələr, vəkil köməkçisinə ödənişlər, vəkillik fəaliyyəti ilə əlaqəli və elektron-qaimə faktura ilə təsdiq olunan digər xərclər) çıxıldıqdan sonra qalan fərqdən məcburi dövlət sosial sığorta haqqının və gəlir vergisinin hesablanıb tutulması; Vəkillərin mənafeyi baxımından ədalət prinsipinin təmin edilməsi məqsədilə vəkil qurumlarının saxlanma xərclərinə yenidən baxılmaqla həmin xərclərin məbləğlərinin bütün vəkil qurumlarında müəyyən mənada bərabərləşdirilməsinə nail olunması; Qarşıya çıxan qeyri-prosessual münasibətlərlə əlaqədar neqativ hallar və hüquqpozmalar barədə dərhal təxirəsalınmaz preventiv tədbirlərin görülməsi və bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat verilməsi tövsiyə olunmuşdur.

Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi keçirilmiş, vəkilliyə namizədlər  and içmişlər.

Daha sonra, yeni vəkillər çıxış etmiş, vəkil peşəsini seçdikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdar olduqlarını bildirmişlər.

Bundan əlavə, iclasda “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi, vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılaraq müsbət qərar verilmiş, eləcə də hüquqi yardıma görə vəkil qurumuna (vəkilə) ödənilən haqqın nağdsız qaydada ödənilməsi prosedurları ilə bağlı “Hüquqi yardımın göstərilməsi haqqında müqavilə”nin nümunəvi formasına müvafiq dəyişiklər təsdiq edilmişdir.

İclasda, həmçinin, Azərbaycan vəkilliyinin yubiley tədbirləri çərçivəsində keçirilən foto və ədəbi müsabiqələrin qalibləri elan olunmuşdur. Fotomüsabiqə üzrə 1-ci yerə vəkil Asif Abdullayev, 2-ci yerə vəkil Nurlana Məmmədova, 3-cü yerə vəkil Arslan Mikayılov, ədəbi müsabiqə üzrə isə 1-ci yerə Şair Abduləzizli, 2-ci yerə vəkil Xəlil Məmmədli, 3-cü yerə vəkil Xədicə Bayramlı layiq görülmüşlər.

Müsabiqələrin qalibləri, müvafiq olaraq 1-ci yer üçün 300 manat, 2-ci yer üçün 200 manat, 3-cü yer üçün isə 100 manat məbləğində pul mükafatı və diplomlarla ilə təltif olunmuşlar. 

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.