Mediasiya Şurası tərəfindən mediatorların ilkin hazırlığı üzrə tədbirlərin həyata keçirilməsi davam etməkdədir.
Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mediatorların hazırlanması məqsədilə Mediasiya Şurası tərəfindən elan verilmiş, elan nəticəsində 400 nəfərə yaxın şəxsin müraciəti qəbul edilmişdir. Qəbul edilmiş müraciətlər Azərbaycan Respublikasında yeganə mediasiya təlimi qurumu olan Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına yönəldilmişdir. Qanunvericiliyin tələblərinə cavab verdikləri təqdirdə, müraciət etmiş şəxslər Ədliyyə Akademiyası tərəfindən 15 nəfərlik qruplar şəklində təlimlərə cəlb ediləcəklər.
COVİD-19 pandemiyası şəraitində əyani təlimlərə icazə verilmədiyi və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, hər bir qrupda maksimal 15 nəfərin təlimə cəlb edilməsi nəzərdə tutulduğu üçün təlimlərin təşkil edilməsi bir neçə ay çəkə bilər.
Təlimlərlə bağlı bundan sonrakı müraciətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 383 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qayda”sına uyğun olaraq birbaşa Ədliyyə Akademiyasına təqdim edilməlidir.
Təlimlərə cəlb edilmə və onların təşkili ilə bağlı digər məsələlər üzrə Ədliyyə Akademiyasına müraciət edə bilərsiniz.
Ədliyyə Akademiyasının telefon nömrəsi: +99412 493 71 31 (daxili 161), ünvanı: AZ 1000, Bakı şəhəri, Vidadi küçəsi 158