07.06. 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən yaşayış massivinin ərazisində baş vermiş hadisələrlə bağlı Kərim Süleymanlı adlı şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən saxlanılmış və o, sonradan azad edilmişdir.Bakı şəhəri 5 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavad Cavadov müqavilə əsasında vətəndaş K.Süleymanlıya hüquqi yardım göstərir.
09.06.2020-ci il tarixdə vəkil C.Cavadov sanki bir jurnalist kimi K.Süleymanlıdan müsahibə götürmüş, aldığı məlumatları sosial şəbəkələrdə yaymış və məsələyə geniş ictimaiyyət tərəfindən yanlış fikir formalaşdırılmasına rəvac vermişdir.Bununla da vəkil C.Cavadovun hərəkətləri ”Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin tələbləri ilə ziddiyyət təşkil etmişdir.
Qeyd edilənlərlə əlaqədar vəkil Cavad Cavadov Vəkillər Kollegiyasının Rəyasət Heyətinə dəvət olunaraq, onunla müvafiq söhbət aparılmışdır.
C.Cavadova xəbərdarlıq edilərək tapşırılmışdır ki, vəkillik fəaliyyətini həyata keçirərkən qanunvericiliklə nəzərdə tutulmuş üsullardan istifadə etsin və ona bildirilmişdir ki, gələcəkdə belə hərəkətlər davam etdirilərsə, daha ciddi tədbirlər görüləcəkdir