Bu gün “Caspian European Club”un təşəbbüsü ilə təşkilata üzv 40-dək kommersiya müəssisələrinin rəhbərləri ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun onlayn dəyirmi masa formatında görüşü keçirilmişdir.
Görüşün “Koronavirus (COVİD-19) pandemiyası dövründə vəkillərin fəaliyyəti və sahibkarlara hüquqi xidmətlərin göstərilməsinin yeni üsulları” mövzusunun müzakirəsinə həsr olunmuşdur.
Görüşü giriş sözü ilə açan “Caspian European Club”un sədri və baş icraçı direktoru Telman Əliyev klubun yaradılması qayəsi, onun ilk rəhbərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin olması, sahibkarlarının maraqlarının müdafiəsi işində təşkilatın oynadığı müstəsna rol barədə məlumat vermiş, xüsusilə son illərdə vəkil peşəsinin inkişaf etdirilməsi istiqamətində görülən işlərin fonunda sahibkarların maraqlarının peşəkar hüquqi dəstəklənməsinin əhəmiyyəti barədə firiklərini bölüşmüşdür.
Daha sonra çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbir iştirakıçılarını salamlayaraq, son illər Azərbaycan vəkilliyinin inkişafında Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş fərman və sərəncamların tarixi əhəmiyyəti, sahibkarlarının maraqlarının məhkəmə müdafiəsi işində vəkillərin rolu, bu istiqamətdə vəkillərin ixtisaslaşmasının aparılmasının zəruriliyi, məhkəmə hakimiyyəti sahəsində aparılan islahatlar və islahatların azad sahibkarlığa təsiri, xüsusilə mediasiya institutunun kommersiya mübahisələrinin həllində yeri barədə məlumat vermiş, pandemiya şəraitində hüquqi xidmətlərin distant formada göstərilməsi və bunun üçün zəruri texniki bazanın mövcudluğunun bu günün ehtiyacı olduğunu qeyd etmişdir.
İki saatdan artıq davam edən tədbir öz işini diskussiya formasında davam etdirmiş, sahibkarları maraqlandıran suallar Vəkillər Kollegiyasının sədri tərəfindən hərtərəfli cavablandırılmışdır.
Görüşə moderatorluğu Vəkillər Kollegiyasının üzvü, “Caspian European Club”un Hüquq, ədliyyə və məhkəmə işləri üzrə alt komitəsinin rəhbəri Şaiq Mirzəyev etmişdir.
Görüşdə Vəkillər Kollegiyasının aparatının rəhbəri Fərhad Nəcəfov, aparat rəhbərinin müavini Anar Əsədov, aparatın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Sayad Qılıcov və Kollegiyanın Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı da iştirak etmişdir.