Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Almaniya-Azərbaycan Ticarət Palatasının üzvlərinin Vəkillər Kollegiyasının sədri Anar Bağırovla görüşü keçirilmişdir

22 iyul 2020    1605 share share

Bu gün Almaniya-Azərbaycan Ticarət Palatası və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə palatanın "Vergi, gömrük və hüquq məsələləri" işçi qrupunun üzvləri ilə Kollegiyanın sədri Anar Bağırovun onlayn dəyirmi masa formatında görüşü keçirilmişdir.

Görüş “Azərbaycanda məhkəmə-hüquq islahatları - vəkilliyin prizmasından” mövzusunun müzakirəsinə həsr olunmuşdur.

Görüşü giriş sözü ilə açan Palatanın sədri Fərid İsayev Palatanın yaradılması qayəsi, sahibkarlarının maraqlarının müdafiəsi işində təşkilatın oynadığı müstəsna rol barədə məlumat vermiş, ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının sahibkarlıq fəaliyyətinə müsbət təsiri barədə fikirlərini bölüşmüşdür.

Daha sonra çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbir iştirakıçılarını salamlayaraq, son illər Azərbaycanda məhkəmə-hüquq islahatlarının yeni proqressiv fazaya qədəm qoymasında Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilmiş fərman və sərəncamların tarixi əhəmiyyəti, sahibkarlarının maraqlarının məhkəmə müdafiəsi işinin təkmilləşdirilməsi, bu istiqamətdə vəkillərin ixtisaslaşmasının aparılmasının zəruriliyi, məhkəmə hakimiyyəti sahəsində aparılan islahatların azad sahibkarlığa təsiri, xüsusilə mediasiya, habelə arbitraj məhkəmələri institutunun kommersiya mübahisələrinin həllində yeri barədə məlumat vermiş.

İki saatdan artıq davam edən tədbir öz işini diskussiya formasında davam etdirmiş, sahibkarları maraqlandıran suallar, xüsusilə vəkilliyin inkişaf perspektivləri, sahibkarların maraqlarının məhkəmə müdafiəsi, cinayət mühakimə icraatında qət imkan tədbirləri qismində girovdan istifadə olunması, mediatorların hazırlığı və s. qaldırılan məsələlər Vəkillər Kollegiyasının sədri tərəfindən hərtərəfli cavablandırılmışdır.

Görüşə moderatorluğu Palatanın sədri Fərid İsayev etmişdir.

Qeyd olunmalıdır ki, görüşdə 30-dan artıq vəkil, habelə Vəkillər Kollegiyasının aparatının rəhbəri Fərhad Nəcəfov, aparatın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Sayad Qılıcov da iştirak etmişdir.