Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

RESPUBLİKA ÜZRƏ BÜTÜN VƏKİL QURUMLARININ RƏHBƏRLƏRİNİN İŞTİRAKI İLƏ ONLAYN İCLAS KEÇİRİLMİŞDİR

30 iyul 2020    1083 share share

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında ölkə üzrə 60-dan çox vəkil qurumlarının rəhbərlərinin və 80-dən çox vəkilin iştirakı ilə geniş tərkibdə iclası keçirilmişdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti barədə məlumat vermiş, bu dönəmdə vəkillərimizin karantin, habelə peşə etikası və davranış qaydalarına ciddi şəkildə riayət etmələrinin zəruriliyi barədə fikirlərini bölüşmüşdür.

Bununla yanaşı, iclasda vəkillik fəaliyyəti zamanı qeyri-prosessual münasibətlərə yol açan, habelə korrupsiya hüquqpozmaları və ya korrupsiyaya şərait yaradan hüquqpozmalarla nəticələnə bilən hər bir hərəkətin yolverilməz olduğu xüsusilə qeyd edilməklə, vəkil qurumları və bütün vəkillər tərəfindən bu kimi məsələlərin diqqətdə saxlanılmasının zəruriliyi vurğulanmış, bu işdə vəkil qurumlarının rəhbərlərinin üzərinə böyük məsuliyyətin düşdüyü bildirilmişdir.

Daha sonra iclasda Hüquqi Yardım və Tədris Mərkəzinin rəhbəri Şahmar Məmmədov dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən vəsaitlərin cari vəziyyəti, bu sahədə fəaliyyətin daha da səmərələşdiriməsinin yolları barədə fikirlərini bölüşmüş, bir sıra vəkil qurumlarının rəhbərləri - Bakı şəhəri 4, 7, 20 saylı və digər vəkil bürolarının rəhbərləri Ramiz İbrahimov, Qəmizə Qəhrəmanova, İlhamə Həsənova, Rövşən Mərəndskiy iclasda qurumların fəaliyyətləri ilə bağlı məlumat vermiş və səmərəli təkliflərlə çıxış etmişlər.

Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilmiş, 2 nəfər yeni üzv vəkilliyə qəbul olunmuşdur.

Eyni zamanda, səhhətlərindəki problemlərlə və onların müalicəsi ilə bağlı Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılmış, onların müxtəlif müddətlərə üzvlük haqqından azad olunması barədə müvafiq qərar qəbul olunmuşdur.

İclasda avqust ayı üçün vəkillərin növbətçilik siyahıları təsdiq edilmiş, vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri ilə bağlı məsələlərə baxılaraq müsbət qərar verilmişdir.

Eyni zamanda iclasda Rəyasət Heyətinin qərarı ilə son günlər baş verən erməni təcavüzü ilə bağlı vətəndaşlarımızın hüquqlarının bərpası məqsədilə "Erməni təcavüzü nəticəsində hüquqları pozulmuş şəxslərə hüquqi yardım üzrə" İşçi Qrup yaradılmışdır. Rəyasət Heyətinin üzvü, hüquq elmləri doktoru Turqay Hüseynov qrupun rəhbəri təyin olunmuşdur.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.