Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

BMT-NİN OMBUDSMANI CÜZEPPE DE PALONUN MEDİASİYA BARƏDƏ MARAQLI MÜSAHİBƏSİ

21 avqust 2020    1530 share share

BMT-nin ombudsmanı Cüzeppe De Palonun (Fondlar və Proqramlar üzrə Ombudsman qurumunun rəhbəri) mediasiya barədə müsahibəsini təqdim edirik. Bu müsahibə dünyanın bir çox ölkəsində silsilə nəşrlər şəklində çap edilir. Cənab De Palonun rəhbərlik etdiyi və ABŞ-ən Nyu York şəhərində yerləşən BMT-nin ofisi bütün dünyada UNDP, UNİCEF, UNFPA, UNOPS və UN-Women-də yaranan əmək mübahisələrinin həlli ilə məşğuldur.

- Anladığımız qədərilə Siz ümumi bir qayda olaraq məhkəmə icraatı başlamazdan əvvəl tərəflərin ən azından mediatorla görüşməsini tələb edən bir sistemin tərəfdarısınız. Həmin ilkin sessiyadan sonra onlar heç bir mənfi nəticə olmadan mediasiya prosesindən imtina etməkdə və məhkəmə prosesini başlatmaqda sərbəstdirlər. Təbii olaraq “ədalətə çatımlılıq” əldə etmək üçün ilkin sessiyanın icbari xarakter daşıması mediasiyanın fundamental cəhətdən könüllü proses olması ideyası ilə uyğunlaşmır. Əlbəttə ki, bütün bunlar “ədalətə çatımlılıq” və “könüllülük” anlayışlarının necə başa düşülməsindən çox asılıdır. Siz “imtina” sistemi kontekstində bu anlayışları necə izah edərdiniz? Və bu konsepsiyalar Birləşmiş Millətlər Təşkilatının Fond və Proqramlarının Ombudsmanı kimi Sizin işinizdə necə tətbiq olunur?

- “Asan imtina” adlandırdığım mediasiya modelini anlamaq üçün mediasiyanın könüllülüyü və ya ədalətə çatımlılığın yeni təriflərinə ehtiyac olmadığını düşünürəm. Əslində, mənə elə gəlir ki, bu model mediasiyanın aparılması üçün bütün tərəflərin razılığının tələb olunduğu ənənəvi könüllülük konsepsiyasına uyğundur. Tərəflərdən sadəcə mediatorları ilə ilkin bir mediasiya sessiyasında iştirak etmələri tələb olunur.

Bu görüş sadəcə “mediasiya məlumat sessiyası” olmamalıdır. Tərəflər prosesə daxil olmazdan əvvəl, xüsusilə öz vəkilləri vasitəsilə, mediasiyanın nə olduğunu və nəyə qadir oluğunu artıq öyrənmiş olmalıdırlar. Görüşdə mediasiyanın hazırkı işdə nə dərəcədə uğurlu olmasına diqqət yetirilməlidir. Bu məqsədlə tərəflərin işin mahiyyəti barədə, ən azından müəyyən dərəcədə, danışması; mediatorlarını fəaliyyətdə görməsi; qarşı tərəfin mövqeyini qiymətləndirməsi;qarşı tərəfin hekayəsini və hüquqi arqumentlərini dinləməsi və s. lazımdır. Odur ki, ilk görüş “mediasiya məsləhətçisi” və ya katib əvəzinə məhz onların əvvəlcədən seçmiş olduğu mediatorun iştirakı ilə baş tutmalıdır. Həmçinin, mediasiya prosesi ilkin əsas fikir mübadilələrinin konfidensiallığını tam təmin etmək məqsədi ilə rəsmi şəkildə hazırlanmalıdır. Restoranda sifarişinizi verməzdən əvvəl yeməyin dadına baxmaq şansınız olmasını istəməzdinizmi?

Bu ilkin görüşün sonunda tərəflər artıq başlanan mediasiya prosesinə davam etməkdə və ya az xərclə və onlara heç bir neqativ nəticə olmadan ona xitam verməkdə tamamilə sərbəstdirlər (yəni ki, analoji olaraq restoran misalından son dəfə istifadə etsəm, yalnız yediyiniz ilk tikənin miqdarına uyğun pulu birgə ödəyərək çıxıb gedə bilərsiniz). Mən bu modeli “asan imtina” adlandırıram, çünki istənilən şəxs istənilən anda mediasiyanı tərk edə bilər. Cərimələr tətbiq olunduğu halda və ya bütün mediasiya prosessi üçün tam ödəniş edildikdən sonra bu cür hərəkət etmək elə də asan olmaz.

Digər tərəfdən, heç kim bütün işi mediasiyada aparmağa məcbur edilmədiyindən və yalnız bir görüşdə iştirak üçün ilkin ciddi cəhdin göstərilməsi tələb edildiyindən mən bu prosesin mahiyyətcə könüllü olduğunu düşünürəm. Təcrübələrimə əsaslanaraq bu ilkin cəhdin tərəflərə mübahisələrini necə həll etməli olduğuna dair daha dəqiq qərar vermək üçün imkan yaradan “açar” olduğunu düşünürəm.

Beləliklə, biz bu modelin təkcə ədalətə çatımlılığa deyil, həm də ənənəvi olaraq başa düşülən formada məhkəmələrə əlçatanlığa (daha dar konseptdə) da necə kömək etdiyini görürük. Bu cür ilkin və həqiqi mediasiya sessiyası sırf bir məlumat sessiyasından və ya tərəflərin məhkəmə prosessindən əvvəl Mübahisələrin Alternativ Həlli (bundan sonra–MAH) imkanlarını ciddi şəkildə araşdırmasının formal təsdiqindən daha çox şey ifadə edir. O, məhkəmənin müdaxiləsi olmadan həll oluna biləcək işlərin yüksək dərəcəli effektiv “süzgəc”i kimi fəaliyyət göstərir və bununla da məhkəmə sistemini vaxt və resurs itkisindən azad edir.

Düzgün ifadəni seçsək, asan imtina modeli “mediasiyanın mediasiyası”dır, çünki bu model iki mübahisəsiz, mahiyyətcə müxtəlif və uyğunsuz görünən “elementlər”in sintezidir. Birinci element heç kəsin mübahisəni həll etməyə məcbur edilə bilməyəcəyini ifadə edən təməl hüquqi prinsipdir. Digər element isə empirik sübutdur: nə dərəcədə təşviq edilməsindən asılı olmayaraq könüllü mediasiyaya adətən tez-tez müraciət olunmur.

İmtina modeli mediasiyasının könüllü təbiətini saxlayaraq onun çoxşaxəli potensialından istifadə etməyə daha geniş imkan yaratdığı üçün BMT-nin Fond və Proqramlarının Ombudsmanı ofisində əmək mübahisələrinə bu modeli tətbiq etməyə çalışmışıq. Son olaraq, “mediasiya əsas mübahisə həlli metodu kimi bütün mümkün hallarda işlədilməlidir” fikri BMT-nin Baş Assambleyası tərəfindən dəfələrlə təsdiq edilmişdir. Şəxsi fikrimcə, biz sadəcə təbliğ etdiyimizi təcrübədən keçiririk.

- Sizin fikrinizcə, mediasiya prosesindən imtina edən tərəflər gələcəkdə məhkəmə prosesində hakim qarşısına çıxdıqları zaman bu qərarlarını əsaslandırmağa hazır olmalıdırlar?

- Çətin sualdır – çox düzgün məqamı vurğulayır. Bu suala cavab verməzdən əvvəl icazə verin bir məqamı qeyd edim. Mediasiyanın nəticəsindən asılı olmayaraq bütün tərəflər üçün dəyərli olduğunu qeyd etmək vacibdir. Əslində, “uğursuz mediasiya” həqiqətən də real uğursuzluq sayılmaya bilər. Həmin anda razılaşma əldə edilməsə belə problemləri üz-üzə müzakirə etmək sonradan barışığa apara bilər və ya ən azından bəzi məqamlarda razılaşma əldə edilə bilər, hansı ki, bu, məhkəmədə daha az məsələyə baxılmasına və dolayısı ilə daha az xərcin çıxmasına səbəb ola bilər. Faktiki cəhətdən sübut olunmuşdur ki, mediasiya başlamazdan əvvəl ona şübhə ilə yanaşanların çox böyük bir hissəsi hətta öz mediasiya prosesləri uğursuzluqla nəticələndikdə belə, sonda mediasiyanı digər şəxslərə tövsiyyə edirlər. Ola bilsin ki mən çox şanslıyam, lakin şəxsən 25 illik mediasiya təcrübəmdə heç bir mediasiya iştirakçısından mediasiyanın “vaxt itkisi” olduğunu eşitməmişəm.

İndi isə gələk Sizin sualınıza. Güman edirəm ki, sualınızın əsasında “Prosesi bu cür asanlıqla tərk etmək olursa, tərəflərdən mediasiyada ilkin ciddi cəhd göstərməyi tələb etməyin mənası nədir? Tərəflər fiziki olaraq prosesdə iştirak edib, sadəcə sözdə (sanksiyalardan yayınmaq üçün) dəstəkləyib və sonra tərk edə bilərlər” kimi başqa bir sual dayanır. Daha böyük bir sual, hətta mənim üçün dəqiq deyə bilərəm ki, çox böyük bir sual mediasiyada “yaxşı niyyət” konsepsiyası ilə bağlıdır. Yığcam izah etsəm, mən ilkin mediasiya sessiyasının sonrakı məhkəmə araşdırmasının obyekti olmasının əleyhinəyəm, çünki bu mediatorun otağında baş verənlərə köklü surətdə təsir edə bilər. Kifayət qədər ciddi cəhdi müəyyən etmək üçün ilkin sessiya zamanı minimum vaxt və ya mediasiya bəyanatı və cavabı hazırlamaq kimi əvvəlcədən müəyyən olunmuş tapşırıqları bitirmək kimi obyektiv parametrlərin müəyyənləşdirilməsinin lehinəyəm.

İki şey əlavə edərdim. Əgər ilkin sessiya ödənişsiz olsa və ya xərclər tərəflər üçün yalnız simvolik bir məbləğ olsa, mediasiya ilə ciddi məşğul olmamaq istəyi daha yüksək olar. Mediatorlar da tərəflərin mediasiyaya davam etməsi üçün əlindən gələni etməyə daha az istəkli ola bilər. Buna görə də, müvafiq xidmət haqqı səviyyəsini müəyyənləşdirmək vacibdir. Əgər “yaxşı başlamaq işin yarısını görməkdir”sə, ilkin sessiya üçün haqq ümumi mediasiya xərcinin 15-25%-i arasında olmalıdır. Mediasiya istifadəçiləri anlamalıdırlar ki, mediasiya xidmətləri məhkəmə prosesləri kimi müəyyən xərcə başa gəlir, hansı ki məhkəmə prosesləri də ödənişsiz deyil və rüsum və ümumi vergi hesabına maliyyələşdirilir.

Asan imtina mexanizminə görə əksər işlər mediasiya kanalından çıxırsa, bu, qanunvericilik səviyyəsində narahatlığa səbəb olmamalıdır. Birincisi, sistem mediasiyaya uyğun olan və olmayan işləri effektiv şəkildə süzgəcdən keçirərək müəyyənləşdirmək üçün mövcuddur. İkincisi, mediasiyada nəyin uğursuzluq hesab edilməsi ilə bağlı yuxarıda deyilənlərdən əlavə, bu “uğursuz” mediasiya işləri sistem nöqteyi-nəzərdən həqiqətən də xərcdir. Bununla belə, bu ləğv olunmuş mediasiyaların hər biri üçün çəkilən (adi halda orta səvviyədə olan) xərclər hər bir uğurlu mediasiyanın nəticəsində qənaət olunan (adi halda daha yüksək səviyyədə olan) pul ilə müqayisə olunmalıdır, hansı ki bu cür uğurlu mediasiyalar ilkin sessiya olmadan baş tuta bilməzdi.

- Barışıq sazişi qeyri-hüquqi qayğılara və tələbatlara da cavab verə bildiyindən mediasiya əksər hallarda tərəflərə məhkəmə qərarına praktiki alternativdən “daha çox şey” əhatə edən nəticə əldə etmə imkanı verir. Mediasiyanın bu cür geniş“potensialı”nın asan imtina sisteminin yüksək səviyyədə leqallaşdırılmış konteksti perspektivində yox olmaması necə təmin edilə bilər (tərəflərin vəkillə təmsil olunduğu və böyük ehtimalla hüquqi terminlərlə müəyyənləşdirilən konflikt anlayışını mənimsədikləri hallarda)?

- Məhkəmə prosesində tərəflər demək olar ki, həmişə vəkillə təmsil olunurlar. Həmçinin, əgər onlar ilkin mediasiya görüşü tələbi ilə üzləşirlərsə, deməli birbaşa danışıqlar uğursuzluqla nəticələnib (əgər bu cür danışıqlar baş tutubsa). Bu mənada, imtina sistemi ilə daha da asanlaşmış mediasiya “tədbiri” həm fərdi, həm də qanunvericilik səviyyəsində daha çox arzu olunan olmuşdur, çünki, mediasiya bizi “daha çox şey”i əldə etmək ehtimalını araşdırmaq üçün mükəmməl (və ya sadəcə daha yaxşı) bir forumla təmin edir. Fikrimcə, buraya mediasiyanın insani və psixoloji tərəfləri (məsələn: üzr istəməyin təklif olunması) və yaxud münasibətləri düzəltməklə, hətta yaxşılaşdırmaqla nəticələnən üstün keyfiyyətli bir müqavilənin hazırlanması daxildir.

- Sizin fikrinizcə, niyə tərəflər mediasiya əvəzinə dəqiq olaraq bir tərəfin qalib, digər tərəfin məğlub olduğu hüquqi proseduru seçməyə meyillidirlər?Yazılarınızda Riçard Salerin əsərlərinə istinad etmisiniz. Davranış elmi və iqtisadiyyatdan hansı nəticələri çıxarmaq olar?

- Sualınızın ilk hissəsinin cavabı uzun və mürəkkəb ola bilər. Qısaca, bir çox etibarlı araşdırmalar göstərir ki, insanlar iqtisadi maraqlarından (hansı ki, verilmiş sistemdə sistemin müəyyən iştirakçıları üçün məhkəmə prosesini mediasiyadan daha arzuolunan edə bilər) asılı olmayaraq mübahisə zamanı düşünülməmiş qərarlar verməyə meyllidirlər.

“Nudge” adlı kitabında Riçard Saler və həmmüəllifi Kass Sansteyn irrasional qərəz və idrakla bağlı səhvlərin bizi yetərsiz qərarlar verməyə apardığını müyəssər yolla izah edirlər. Onlardan əvvəl Daniel Kahneman və Amos Tverski də qeyri-müəyyənlik şəraitində insanların həqiqətən necə qərar verdikləri ilə bağlı dərin (və mənə görə bir az narahatedici) fikirlər irəli sürmüşlər. İşində yaxşı olan istənilən hüquqşünas bunu deyər: hətta faktların və qanunun açıq-aşkar tərəflərdən birinin xeyrinə olduğu hallarda belə məhkəməyə getməkdə həmişə bir qeyri-müəyyənlik var. Buna görə də, qərar vermə mexanizmləri mübahisələrin həlli üçün çox vacibdir.

Saler və Sansteynin bu qərəzin və səhvlərin üstəsindən gəlmək üçün göstərdiyi yol onların “seçim arxitekturası” adlandırdıqları qərarların verilməsi kontekstində dəyişiklik etməkdir. Bunun səbəbi insanların hərəkətə keçməsini və səy göstərməsini tələb edən alternativləri seçmək əvəzinə heç nə etməməyi seçməyə meylli olmasıdır. Qərarların verildiyi konteksti dəyişərkən insanlar qərəz və səhvlər əsasında yetərsiz qərarlar verməkdən uzaqlaşırlar, lakin onlar hələ də qərar verməkdə və öz müqəddəratını müəyyənləşdirməkdə müstəqilliklərini qoruyub saxlayırlar.

Bu cür düşünərkən, könüllü mediasiya (necə təşviq edilməyindən asılı olmayaraq) “iştirak” modelini təqdim edir: tərəflərin prosesin davam etməsi üçün fəaliyyət göstərmələri lazımdır. Əgər onlar heç nə etməsələr, növbəti mərhələ məhkəmə icraatı olacaq. İmtina modelində isə tərəflər mediasiyaya davam etməməkdə sərbəstdirlər, lakin hərəkətsizliyə meyillilik mediasiyaya davam etmə ehtimalını artırır. Əslində, tərəflər dərhal məhkəmə icraatına başlamaq istəsələr, dolayı yolla mediasiyadan yan keçməyə səy göstərməlidirlər. Onlar mümkün sanksiyalarla üzləşə bilərlər, hakimi mediasiyanın uğursuzluqla nəticələnəcəyinə, potensial fayda itkilərinə və s. inandırmaq üçün prosessual addımlar atmaq məcburiyyətində qala bilərlər.

- İtalyan təcrübəsi imtina sisteminin tətbiqinin mediasiyadan effektiv istifadəni necə təşviq etdiyinin inandırıcı nümunəsi kimi görünür. BMT daxilindəki institutların eyni sistemin qəbul olunmasına etirazının səbəbini nədə görürsünüz? (və bundan əlavə: İtaliya sisteminin hazırkı işi ilə bağlı fikir formalaşdıra biləcək yaxın keçmişə dair məlumat varmı?)

- Qeyd etmək lazımdır ki, müxtəlif beynəlxalq hüquqi sistemlər geniş miqyasda mediasiya təcrübəsini təşviq etmək üçün öz istəklərini nümayiş etdirirlər və buna görə də, ədliyyə sistemlərinə mediasiya tələblərini daxil edirlər. Məsələn, 2008/52/EC saylı Aİ Direktivi Avropa İttifaqına üzv dövlətlər tərəfindən öz milli hüquq sistemlərinə daxil etmələri üçün mediasiya qanunvericiliyi ilə bağlı minimum tənzimləyici standartları təqdim edir. 1-ci maddəsində də qeyd olunduğu kimi Direktivin məqsədi “mübahisələrin alternativ həllinə çatımlılığı asanlaşdırmaq və mediasiyadan istifadəyə həvəsləndirməklə və mediasiya və məhkəmə icraatları arasında balanslı əlaqəni qoruyub saxlamaqla mübahisələrin dostcasına həllini təşviq etməkdir”. Mediasiya və məhkəmə icraatı arasında “balanslı əlaqə” o mənaya gəlir ki, milli məhkəmələr qarşısında qaldırılan minimum sayda işlər ilk öncə mediasiya prosesindən keçməlidir. Əgər ehtiyac olsa, bu balansa mediasiyanı məhkəmədən əvvəl məcburi tələb kimi qoymaqla nail olmaq olar (2-ci bölmə, 5-ci maddədə açıq şəkildə icazə verildiyi kimi).

2013-cü ildə asan imtina mexanizmini tətbiq edən İtaliya sistemi çərçivəsində müəyyən mülki işlərdə tərəflərdən mediatorun iştirakı ilə ilkin mediasiya sessiyasında iştirak etmələri tələb olunur, əks təqdirdə sonrakı məhkəmə çəkişmələrində onlar həm maliyyə, həm də prosessual sanksiyalar ilə üzləşə bilərlər. İlk görüşün sonunda mediasiyadan imtina etməyin heç bir mənfi nəticəsi yoxdur.

Artıq 7 ildir ki, İtaliyada tətbiq olunan bu model ildə ortalama 150.000 mediasiya işi ilə nəticələnir və əvvəl də barəsində danışdığım müsbət süzgəc effektini sübut edir. Tərəflər ilkin görüşdən sonra tam mediasiya sessiyasına davam etməyə qərar verərkən, barışıq faizi təxminən 50% -dir. Əgər bu barədə düşünsək, bu faizin təəccüblü olduğunu görə bilərik. Yadda saxlayın : Bunlar üz-üzə barışıq danışıqları aparmağı bacaran (ancaq cəhd etməyən və ya uğursuz olan) tərəflərdir və yalnız məhkəmə icraatından əvvəl məcburi ilkin mediasiya sessiyası tələbi olduğundan mediasiyada iştirak edirlər. Sadə, sürətli və ucuz “mediasiya müalicəsi” qəbul etməsi tələb olunan tərəflər hər iki işdən birində mediasiya nəticəsində barışığa nail olurlar. İllər əvvəl dediyim kimi əgər siz atı çaya aparanda su yaxşıdırsa və atın susuz olduğunu bilirsinizsə, atın suyu içmək və xoşbəxt olmaq şansı var.

Təəccüblü deyil ki, italyan mediasiya modeli mediasiya sahəsində türk, daha sonra yunan qanunlarının əsası olmuşdur. Yeni qanun qüvvəyə minməzdən əvvəl və sonra Türkiyənin statistikasına nəzər salsaq, görərik ki, geniş mediasiya bazarı yaratmaq necə də sadədir. Bu, elə bir bazardır ki, mediasiya olunan mübahisələrin sayı məhkəmə işlərinin kiçik bir hissəsini təşkil etmir. Belə bir bazar olmadan mediasiyanın keyfiyyəti, akkreditasiyası və s. ilə bağlı bütün müzakirələr mənasız və əhəmiyyətsizdir. Qanunvericiliyə əsaslanan mediasiya təcrübəsi və onun üzərində ictimai və fərdi nəzarət mediasiyanın keyfiyyəti üzrə sonsuz müzakirələrdən daha sürətli və effektiv nəticələr verir. Bunu ən azından, mənim BMT-də işləməzdən əvvəl dünyanın bir sıra yerlərində mediasiyanı təşviq etmək üçün bir neçə ən böyük beynəlxalq donor təşkilatlarında işlədiyim zamanlardakı təcrübəm göstərir.

Bu nəticələrə əsasən əksər rəyçilər üçün təəccüblüdür ki, İtaliyada niyə mediasiya tələbi bütün mülki məhkəmə icraatının yalnız təxminən 10%-nə tətbiq olunur. Oxucuların da təxmin edəcəyi kimi belə bir tələbin olmadığı hallarda (yəni işlərin 90%-də) baş tutan mediasiyaların sayı çox aşağıdır. Əksər mediasiyaya maraq göstərənlərin qəbul etməyə çətinlik çəkdiyi rəqəmlərdəki bu kəskin fərq mediasiyanın əsas etibarilə mədəniyyət məsələsi olmağı ilə aradan qaldırılır. Mədəniyyət və mediasiyanın təşviqi təbii ki, vacib mövzulardandır, lakin əsas mövzu deyil. Həqiqətən də, məhkəmə icraatı iştirakçılarının və xüsusilə də hüquqşünasların demək olar ki, eyni olduğu bir ölkədə necə müəyyən növ mübahisələrdə (mediasiya tələb olunan) çoxlu mediasiya işi ola və digər növ mübahisələrdə (mediasiya tələb olunmayan) çox az və ya heç mediasiya işi olmaya bilər? Nobel mükafatı qalibləri Kahneman, Tverski və Salerin izah etdiyi kimi burada əsas məsələ siyasətdir.

BMT kontekstində əsl imtina sistemi hələ də həyata keçirilməkdədir, ancaq ən azından bəzi BMT orqanlarının təcrübəsi əsasında bu sahədə irəliləyişin olduğuna dair sübutlar vardır. Misal üçün, bu yaxınlarda çıxan İllik Hesabatımızda YUNİSEF -də həyata keçirilən daxili mediasiya layihəsinin inkişafı barədə məlumat verilir. Əminəm ki, bu cür layihələr gələcəkdə oxşar BMT orqanları tərəfindən də mənimsəniləcəkdir.

- Konfliktin təhlili bunu tələb etdiyi təqdirdə və ya məhkəmə prosesi kimi müdaxilələrin daha uyğun və ya effektiv olacağı güman edildikdə də tərəflər mediasiyaya (asan imtina sistemində) getməlidirlərmi? Məsələn, biz tərəflərin qanunvericiliyin və ya qanunun müəyyən maddəsinin şərhi barədə mübahisə etdikləri işləri nəzərdə tuturuq.

Xatırlayarsınızsa, mən qeyd etmişdim ki, mediasiya uğursuzluqla nəticələnsə belə faydalı olma ehtimalı var. Odur ki, mən həmişə zəif mediasiya siyasətinə görə mediasiyanın heç baş tutmamasındansa, uğursuz mediasiyanı (mediasiyanın əvvəlindən uğursuz olma ehtimalının olduğu hallar da daxil olmaqla) üstün tuturam. Qeyd edildiyi kimi həqiqətən də qanunverici orqanlar ilkin ciddi səylərin tələb olunduğu mediasiya qaydalarını hazırlayarkən bir neçə seçimlə qarşılaşırlar. Misal üçün müəyyən yurisdiksiyalarda tərəflərin istəyindən asılı olmayaraq mediasiyaya göndərilmiş işlər təsadüfi (məhkəmədə olan hər iki və ya üç işdən biri kimi) seçilə bilər. İtaliyada qanunverici mediasiyanın daha uğurlu olacağını hesab etdiyi və məhkəmədən qabaq şərt kimi ilkin mediasiya sessiyasında iştirak tələbi qoyduğu mübahisələrin dəqiq növlərini (daşınmaz əmlak, vərəsəlik, böhtan və s.) müəyyən etməklə fərqli bir yol seçmişdır. Bu cür məhkəmədən əvvəl mediasiya aparılması tələb olunan işlərdə mediasiya, çox güman ki, daha uğurlu hesab edilmişdir. Hər iki modelin öz yeri var. Əslində, əgər təsadüfi seçim müsbət nəticələr verirsə, mübahisənin təbiətindən asılı olmayaraq mediasiyanın effektiv olduğu deyilə bilər. Bu halda məhkəmədən qabaq mediasiya sessiyasında iştirak tələbinin tətbiqi sferasını məhkəmə prosesinin bütün növlərinə genişləndirməyə qərar verilə bilər. İtaliyan modeli və oxşar modellər digər növ mübahisələr üzərində sınaq keçirməklə daha etibarlı sübutlar təqdim edirlər və əgər mediasiya bəzi işlərdə uğurlu olursa, mediasiyanın uğursuz olduğu mübahisələr üzrə məcburi mediasiya sessiyalarında iştirak tələbini çıxarırlar.

Qeyd: Müsahibə Mediasiya Şurası tərəfindən təqdim olunmuşdur.