Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkil qurumlarının rəhbərləri ilə görüş keçirilmişdir

29 mart 2018    2885 share share

Dünən Vəkillər Kollegiyası Rəyasət Heyətinin rəhbərliyinin iştirakı ilə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən vəkil qurumlarının rəhbərləri ilə iclas keçirilmişdir.

İclasda açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamı, Sərəncamın Azərbaycanda vəkillik institutu üçün önəmi, bununla bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə iclas iştirakçılarına məlumat verdikdən sonra vəkil qurumları ilə bağlı bir sıra məsələlərə toxunmuşdur.

Qeyd olunmuşdur ki, bir müddət öncə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən mütəmadi olaraq təqdim edilən statistik hesabat formasının yeni nümunəsi təsdiq olunmuş, bu nümunəyə uyğun olaraq statistik göstəricilərin vaxtlı-vaxtında təqdim olunmasının əhəmiyyəti vurğulanmışdır.

Bundan başqa, iclasda vəkil qurumları tərəfindən hazırlanan vəkillərin növbətçilik cədvəllərinin təqdim olunması, o cümlədən dövlət hesabına ödənişsiz hüquqi yardımın keyfiyyətinin artırılması məsələlərinə toxunulmuşdur. Sözügedən Sərəncamla vəkillərə belə hüquqi yardım üçün ödənilən vəsaitin məbləğinin artırılmasının bu sahəyə göstərilən diqqətin və əhəmiyyətin göstəricisi olduğu, bu səbəbdən də vəkillərin yüksək keyfiyyətli hüquqi yardım göstərmələrinin zəruriliyi qeyd olunmuşdur.

İclasda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən hüquq məsləhətxanalarının nizamnamələrinə müvafiq dəyişikliklərin edilərək adlarının dəyişdirilməsi və “vəkil bürosu” olaraq fəaliyyətlərinə davam etmələri təklif olunmuş, bununla bağlı fikir mübadiləsi aparılmışdır.

İclasda, həmçinin ölkədə fəaliyyət göstərən vəkil qurumlarının maddi-texniki təminatının yaxşılaşdırılması məsələsi müzakirə olunmuş, 22 fevral 2018-ci il tarixli Sərəncamın bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyi, vəkil qurumlarının fəaliyyət göstərdikləri binaların vətəndaşlara yüksək keyfiyyətli hüquqi xidmət göstərilməsi üçün əlverişli vəziyyətə gətirilməsi, qurumların elektron avadanlıqlarla təchiz edilməsi və digər məsələlər qeyd edilmişdir.

Sonda vəkil qurumlarının təmsilçiləri ilə qurumların fəaliyyətləri zamanı qarşılaşılan çətinliklərin müzakirəsi, onların həlli yolları barədə fikir mübadiləsi aparılmışdır.