Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının büdcəsindən Silahlı Qüvvələrinə Yardım Fonduna Azərbaycan Vəkilliyinin adından 150 000 manat köçürülmüşdür.

05 oktyabr 2020    1376 share share

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov son bir həftə ərzində cəbhə bölgəsində davam edən əməliyyatlar, o cümlədən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan xalqına tarixi müraciəti barədə danışmış, tarixi Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi münasibətilə iclas iştirakçılarını təbrik etmişdir.

İclasda qeyd olunmuşdur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən dinc əhaliyə qarşı törədilən terror əməlləri, əhalinin kompakt olduğu məntəqələrin intensiv atəşə tutulması beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusudur.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirmişdir ki, Azərbaycan vəkilliyi hazırda davam edən Vətən Müharibəsində dövlətimizə, ordumuza və xalqımıza hərtərəfli dəstək göstərməkdədir. Vəkillər Kollegiyasının üzvləri və vəkil qurumları tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım etməklə bağlı hər gün çoxsaylı müraciətlər daxil olmaqdadır.

İclasda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Vəkilliyi adından Vəkillər Kollegiyasının büdcəsindən Silahlı Qüvvələrinə Yardım Fonduna 150 000 manat məbləğinin köçürülməsi qərara alınmışdır.