Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Türkiyənin dörd bir tərəfindəki vilayətlərin Vəkillər Kollegiyaları, Bələdiyyə sədrlərinin dəstək bəyanatları

12 oktyabr 2020    262 share share

Sentyabr ayının 27-də erməni təcavüzkarları tərəfindən ölkəmizin mülki əhalisinə qarşı törədilən təxribatlara cavab olaraq, şanlı Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatı davam etməkdədir, igid Azərbaycan əsgəri günbəgün işğal altında olan torpaqlarımızı düşməndən azad edir.

 

Ölkə olaraq istər ön, istərsə də arxa cəbhədə həmrəy və vahid bir şəkildə mübarizə apardığımız bu dövrdə ən böyük dəstək hər zamankı kimi qardaş Türkiyə Cümhuriyyətindən və türk soydaşlarımızdan gəlmişdir.

 

Son günlər ərzində Türkiyə Barolar Birliyi, Türkiyənin dörd bir tərəfindəki vilayətlərin Vəkillər Kollegiyaları, o cümlədən Bələdiyyə sədrləri tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına çoxsaylı müraciətlər daxil olmuş və Azərbaycan xalqına və ordusuna dəstəklərini, Azərbaycan haqq işində yanımızda olduqlarını, Ermənistanın heç bir beynəlxalq humanitar hüquq normalarına sığmayan cinayət əməllərini qınadıqlarını müxtəlif bəyanatlar və məktublarla ifadə etmişlər.

 

Türkiyəli həmkarlarımız Ermənistanın 30 ilə yaxın bir müddət ərzində ali beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymamasını, bununla belə davamlı olaraq Azərbaycana qarşı müxtəlif vaxtlarda təxribatlar və hücumlar təşkil etməsini şiddətlə qınadıqlarını, Azərbaycanın beynəlxalq hüquqla təscillənmiş tarixi torpaqlarını azad etmək və öz ərazi bütövlüyünü bərpa etmək uğrunda apardığı mübarizəni tam dəstəklədiklərini, bu istiqamətdə istənilən formada kömək göstərməyə hazır olduqlarını bildirmişlər.

 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Türkiyə Barolar Birliyi, Türkiyənin dörd bir tərəfindəki vilayətlərin Vəkillər Kollegiyaları, Bələdiyyə sədrləri və qardaş Türkiyəli həmkarlarımıza ölkəmizin haqq işində və çətin zamanlarında göstərdikləri dəstək və həmrəyliyə görə dərin minnətdarlığını bildirir.