Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının Nazirlər Kabinetinə müraciəti müsbət həllini tapdı

20 noyabr 2020    2465 share share

Məlum olduğu kimi, dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə ödənilməli olan məbləğlər “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarına əsasən indiyədək yalnız məhkəmə qərarı əsasında ödənilirdi.
 

2020-ci ildən başlayaraq bu məbləğlərin vəkil qurumlarına və fərdi qaydada fəaliyyət göstərən vəkilllərə ödənişi mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən həyata keçirilir.
 

Qeyd edilməlidir ki, indiyədək vəkillərə həmin məbləğlərin ödənişi qanunvericilikdə yalnız məhkəmə qərarı əsasında təsbit edildiyindən, məhkəməyədək olan icraat zamanı (işə xitam verildiyi hallarda) vəkilin dövlət hesabına göstərdiyi hüquqi yardımla bağlı haqqının əldə etməsi praktiki cəhətdən böyük çətinliklər yaradırdı.
 

Həmin çətinliklərin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təşəbbüs qaydasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etmişdir.
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli 452 nömrəli Qərarı ilə Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında edilmiş dəyişikliyə əsasən vəkillərə ödənilməli olan məbləğlərin cinayət prosesini həyata keçirən orqanının əsaslandırılmış qərarı əsasında dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına Vəkillər Kollegiyası tərəfindən vəkil qurumlarına və fərdi qaydada fəaliyyət göstərən vəkillərə ödənilməsi təsbit edilmişdir.
 

Göstərilən yüksək etimada görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi vəkil korpusu adından Azərbaycan Respublikasının Nazirlər Kabinetinə öz təşəkkürünü bildirir!