Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov vəkilliyə namizədləri və digər iclas iştirakçılarını Azərbaycan Ordusunun Şanlı qələbəsi münasibəti ilə təbrik etmiş, Kollegiyanın cari fəaliyyəti barədə məlumat vermiş və bildirmişdir ki, bu gün and içəcək vəkilliyə namizədlərlə birlikdə Vəkillər Kollegiyası üzvlərinin sayı 1837 nəfərə çatacaqdır.
Həmçinin, Sədr öz çıxışında mərkəzi Şuşa şəhərində yerləşən Qarabağ Regional Vəkil Bürosunun təsis ediləcəyi məsələsinə toxunmuşdur. Bildirmişdir ki, həmin büroda fəaliyyət göstərmək istəyən vəkillər və namizədlər bu barədə Rəyasət Heyətinə müraciət edə bilərlər.
Bununla yanaşı, iclasda namizədlərə vəkillik fəaliyyəti dövrlərində qarşılaşdıqları problemlərlə, qarşıya çıxan qeyri-prosessual münasibətlərlə əlaqədar neqativ hallar və hüquqpozmalar barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat verilməsi tövsiyə olunmuşdur.
Vəkillik fəaliyyəti zamanı qeyri-prosessual münasibətlərə yol açan, habelə hüquqpozmalarla nəticələnə bilən hər bir hərəkətin yolverilməz olduğu xüsusilə qeyd edilməklə, bütün vəkillər tərəfindən bir sıra məsələlərin diqqətdə saxlanılması vurğulanmışdır.
Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi keçirilmiş, vəkilliyə namizədlər and içmişlər.
Daha sonra, yeni vəkillər çıxış etmiş, vəkil peşəsini seçdikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdar olduqlarını bildirmişlər.
Vəkilliyə namizədlərin andiçməsi tarixində ilk dəfə Vətən Müharibəsində cəbhəyə könüllü kimi yollanmış vəkilliyə namizəd cəbhədə vəkil andı içərək vəkil olmuşdur.