9 dekabr 2020-ci il tarixində Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan sədr Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə məlumat vermiş, o cümlədən sərtləşdirilmiş karantin dövründə vəkillərin sərbəst hərəkətinə icazə verilməsi, karantin qaydalarına ciddi əməl olunması və s. məsələlərə toxunmuşdur.
İclasda UNICEF Azərbaycan və Vəkillər Kollegiyası arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən hazırlanmış “Uşaq hüquqlarının müdafiəsinə dair bələdçi”yə dair məsələyə baxılmışdır. Beləki, sədrin müşaviri Fərhad Nəcəfov bildirmişdir ki, uşaq hüquqları üzrə vəkil-ekspert Rafiq Alışov və UNICEF-in ekspertləri tərəfindən uşaqların hüquqlarının vəkillər tərəfindən müdafiəsi üzrə bələdçi hazırlanmışdır. Bələdçidə uşaq hüquqları, onların vəkillər tərəfindən müdafiəsi ilə əlaqəli bir sıra məsələlərin öz əksini tapdığı vurğulanmışdır. Sözügedən bələdçinin vəkillərə tövsiyə olunması ilə bağlı qərar qəbul edilmişdir.
Eyni zamanda, iclasda qəbul edilən qərara görə, vəkillər tərəfindən şəhid ailələrinə və yaralanmış qazilərə ödənişsiz hüquqi yardım göstəriləcək, o cümlədən məhkəmə proseslərində ödənişsiz təmsilçilik həyata keçiriləcəkdir. Şəhid ailələri və yaralanmış qazilər ödənişsiz hüquqi yardımla bağlı Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinə müraciət edərək qeydiyyatdan keçməlidirlər. Onların vəkil qurumuna getməsinə ehtiyac olmayacaq, vəkillər özü həmin şəxslərin evlərinə gedərək yerində hüquqi yardımın göstərilməsi ilə əlaqədar lazımi işlər görəcəkdir. Beləliklə, qeydiyyatdan keçmək istəyənlər Mərkəz ilə aşağıda göstərilən vasitələrlə əlaqə saxlaya bilərlər:
Əlaqə telefonu: +994 12 594 99 85, +994 50 205 20 14
Elektron poçt: legalaid.training@barassociation.az
Daha sonra, iclasda intizam icraatı çərçivəsində Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılmış, müvafiq qərarlar qəbul olunmuşdur.