Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin onlayn şəkildə keçirilmiş iclasını giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov hazırki iclasın 2020-ci il Rəyasət Heyətinin son iclasının olduğunu qeyd etmiş, 28 dekabr tarixində Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi qeyd olunması ilə əlaqəli bəzi məsələləri Rəyasət Heyətinin üzvlərinin diqqətinə çatdırmış, onlayn qaydada Vəkillər Kollegiyasının Konfransının təşkili barədə məlumat vermiş və yığıncağın təşkili üçün komissiyanın yaradılması qərara alınmışdır.
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilmiş, yeni vəkil bürosunun təsis olunması və sair müraciətlərə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir.
Həmçinin, məlum olduğu kimi, Rəyasət Heyətinin 05.10.2020 tarixli qərarına əsasən, “Vətən Müharibəsi” ilə əlaqədar hərbi səfərbərliyə cəlb olunan vəkillərimiz tərxis olunanadək, onların ailələrinə hər ay 500 manat ödənilməsi, həmin vəkillərimizin üzvlük haqqından azad edilməsi, səfərbərliyə cəlb olunmuş vəkillərin saxlama xərclərindən azad edilməsinin vəkil qurumlarına tövsiyə edilməsi, o cümlədən səfərbər olunan vəkillərin icraatında olan işlərin əvəzsiz qaydada digər vəkil həmkarlara həvalə edilməsinin vəkil qurumlarına tapşırılması barədə qərar qəbul edilmiş və bugünkü iclasda isə, 28 dekabr peşə bayramı münasibətilə həmin 7 vəkilin “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanları ilə təltif olunması və ailələrinə əlavə də 500 manat məbləğinin ödənilməsi ilə bağlı qərar qəbul olunmuşdur.
Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq qərarı ilə bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin 2021-ci il 18 yanvar saat 00:00-dək uzadılmasını nəzərə alaraq Vəkillər Kollegiyasının üzvləri 2021-ci ilin yanvar ayı üzrə də Vəkillər Kollegiyasına ödəməli olduqları üzvlük haqqından azad olunması barədə qərar qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, vəkillər cari ilin iyul və dekabr aylarında da üzvlük haqqından azad olunmuşlar.
O cümlədən, “COVID-19” virusuna yoluxmuş və Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılmış, onlara pul formasında maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunmuşdur.
Daha sonra, Bakı şəhəri və regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərin növbətçilik siyahısı təsdiq edilmişdir.
Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq aidiyyəti qərarlar qəbul edilmişdir. Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.