Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

28 Dekabr Vəkil Gününün icmalı

29 dekabr 2020    3920 share share

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi qeyd edilməsi qərara alınmışdır. 28 dekabr - "Vəkil günü" münasibətilə ənənəvi olaraq Vəkillər Kollegiyasının rəhbərliyi Fəxri Xiyabanı ziyarət etmiş, Ümumilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyulmuş, Ulu öndərin əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilmişdir. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Vəkillər Kollegiyasının rəhbərliyi Şəhidlər xiyabanında ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Sonra Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış Bakı Türk şəhidliyi abidəsi ziyarət olunmuşdur.

Daha sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyası Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın böyük Qələbəsinə həsr olunmuş Vəkillər Kollegiyası üzvlərinin konfransı keçirilmişdir. Konfrans Azərbaycanın Respublikasının dövlət himni ilə açılmışdır. Tədbirdə Respublikada fəaliyyət göstərən bütün vəkil qurumlarının rəhbər şəxsləri və fərdi vəkillər iştirak etmişdir. Konfransı giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində xalqımızın böyük Qələbəsi münasibətilə konfrans iştirakçılarını təbrik etmişdir. Anar Bağırov qeyd etmişdir ki, ölkə başçısının müvafiq fərman və sərəncamları ilə məhkəmə-hüquq sahəsində aparılan islahatlar vəkilliyin nüfuzunun artmasına səbəb olmuşdur. İlham Əliyevin 2018-ci ilin fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam ölkəmizdə vəkillik fəaliyyətinin inkişafına mühüm təkan vermişdir. Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Mediasiya Şurasının təsis edilməsi işçi qrup yaradılmışdır. İşçi qrupda Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ali Məhkəmə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Vəkillər Kollegiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi öz səlahiyyətli nümayəndələri vasitəsilə təmsil edilmişdirlər. Bu çərçivədə, ölkəmizin tarixində ilk dəfə olaraq yaradılmış Mediasiya Şurasının 2 təsisçisindən biri kimi Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə bərabər Vəkillər Kollegiyası çıxış etmişdir.

Daha sonra Anar Bağırov Kollegiya üzvlərinin də Vətən Müharibəsində iştirak etdiyini vurğulamışdır. Belə ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 7 üzvü könüllü şəkildə döyüşlərə qatılmış və onlardan bir neçəsi Dövlət başçısının sərəncamları ilə “Cəsur döyüşçü” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişlər.

Anar Bağırov həmçinin Qarabağda yeni vəkil qurumlarının yaradılması ilə əlaqəli məsələni də konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Anar Bağırov: “qarşımızda Qarabağ bölgəsində yeni vəkil qurumlarının yaradılması kimi şərəfli vəzifə dayanır. Dədə-baba yurdlarına, doğma torpaqlarına qayıdan vətəndaşlarımıza keyfiyyətli hüquqi yardım göstərilməli, onların hüquqi yardıma çatımlılığı təmin edilməlidir. Vəkillik bu vəzifəni də ən qısa zamanda yerinə yetirəcək. Beləliklə, Vəkillər Kollegiyası illər boyu hüquqi yardıma çatımlılığın təmin olunmadığı ərazilərimizdə fəaliyyət göstərəcək. Artıq Qarabağ vəkil bürosu yaradılıb və o, Şuşada yerləşəcək. Biz çalışacağıq ki, həmin qurumun fəaliyyətinin təşkili üçün bütün lazımı səyləri göstərək”.

Konfransda həmçinin təntənəli andiçmə mərasimi də keçirilmişdir.Belə ki, “Vətən Müharibəsi”ndə iştirak edən, ordudan yeni təxris olunmuş “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuş vəkilliyə namizəd Elvin Məhərrəmov təntənəli şəkildə vəkil andı içərək vəkilliyə qəbul olundu.

Həmçinin Anar Bağırov Ermənistanın təxribatı nəticəsində başlanmış 2-ci Dağlıq Qarabağ müharibəsi ilə bağlı Vəkillər Kollegiyasının özündə hüquqi və faktiki əsasları ehtiva edən İngilis və Rus dillərində hazırlanmış hesabat xarakterli 2 müxtəlif müraciətləri beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri daxil olmaqla, toplam 230 beynəlxalq təşkilata və ali qurumların 40 səlahiyyətli şəxslərinə göndərildiyini, Ermənistan tərəfindən həyata keçirilən ekoloji və mədəni terrora qiymət verilməsinə və bu hərəkətlərin kəskin şəkildə qınanılmasına çağırdığını vurğulamışdır.

Həmçinin münaqişənin başlandığı ərəfədə bir sıra ölkələrin xüsusilə - Türkiyə və Pakistan Vəkillər Kollegiyaları tərəfindən ölkəmizin haqq işində dəstək müraciətləri Kollegiyaya göndərilmiş, hətta həmin təşkilatlar münaqişə nəticəsində zərər çəkmiş soydaşlarımıza maddi dəstək göstərilməsi barədə niyyətlərini bəyan etmişlər. Bundan baqşa, Ermənistan hökuməti tərəfindən Dağlıq Qarabağın işğalı ilə bağlı olaraq İran İslam Respublikasının Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının dəstək məzmunlu Bəyannaməsi qəbul etmişdir.

Eyni zamanda Anar Bağırov qeyd etmişdir ki, son bir il ərzində isə regionlarda 2, paytaxtda 8 yeni vəkil qurumu fəaliyyətə başlamışdır ki, ölkə üzrə vəkil qurumlarının sayı 99-a çatmışdır. Son 3 ildə 3 Regional Vəkil Bürosu yaradılmışdır.

Daha sonra İxtisas komissiyasının sədri, Ramiz İbrahimov çıxış edərək göstərmişdir ki, 2018-ci ildən vəkilliyə qəbulla bağlı tam şəffalıqla 6 test imtahanı keçirilmiş və vəkillərin sayı iki dəfə artaraq 938-dən 1844 nəfərə çatmışdır. 2020-ci ildə 16 şifahi müsahibə keçirilmişdir. Şifahi imtahanlarda  iştirak edən 211 şəxsdən 159 namizəd müvəffəqiyyət qazanaraq Vəkillər Kollegiyası üzvlüyünə qəbul olmuşlar.

Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov Hüquqi Yardım və Tədris Mərkəzinin fəaliyyəti barədə məlumat vermişdir. Belə ki, Mərkəz tərəfindən 12 şəhid ailəsinə və 8 qazi ailəsinə pulsuz hüquqi yardım göstərilmişdir. Həmçinin Mərkəz tərəfindən 2020-ci il ərzində 211 ödənişsiz hüquqi yardım göstərilmişdir. Daha sonra Şahmar Məmmədov Mərkəzdə keçirilən tədbirlər və Mərkəzin gələcək planları barəsində məlumat vermişdir. İntizam Komissiyasının fəaliyyəti barədə məlumat verən Şahmar Məmmədov 2020-ci ildə vəkillər barəsində intizam icraatının azaldığını göstərmişdir.

Daha sonra Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatının rəhbəri Bayram Orucov çıxış edərək, Rəyasət Heyəti aparatının fəaliyyəti barədə məlumat vermişdir.  Belə ki, 2020-ci il ərzində baş tutmuş iclaslarda Rəyasət Heyətinin qərarı ilə “Vəkil qurumlarının, vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillərin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemi”, “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemi”, “Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin əsas vəsaitlərinin inventarizasiya qaydaları”, “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mühasibat uçotu siyasəti ilə bağlı qaydaları”, “Vəkillərin sığorta bank hesabı və həmin hesaba daxil olan vəsaitdən istifadə qaydaları” qəbul olunmuş və "Dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkillərə ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə təlimat" dəyişikliklər edilmişdir.

Bayram Orucov daha sonra 2020-ci ildə Rəyasət Heyətinə daxil olan müraciətlər barəsində məlumat verdi. Belə ki,  28.12.2020-ci il tarixədək il ərzində Rəyasət Heyətinə 2779 müraciət daxil olmuşdur. Onlardan 1390-ı vətəndaşlar, 157-si məhkəmələr, 704-ü vəkil qurumları, 36-i beynəlxalq təşkilatlar, 250-i vəkiliyə namizədlər tərəfindən vəkilliyə qəbulla bağlı göndərilmişdir. Rəyasət Heyəti tərəfindən isə 1194 məktub göndərilmişdir.

Həmçinin, Bayram Orucov çıxışında İnnovativ yeniliklərlə bağlı Kollegiyanın öz işini davam etdirməkdə olduğunu vurğulamışdır. Görülmüş işlər qismində vəkil sorğularının elektron formada əldə olunması üzrə Elektron Hökumətin İnkişafı Mərkəzi ilə işlər davam  etdirildiyini,  yaxın gələcəkdə “Elektron vəkil orderi” və “Davamlı tədris üzrə” elektron platformalar vəkillərin istifadəsinə təqdim olunacağını göstərmişdir. Eyni zamanda Bayram Orucov pandemiya səbəbilə Vəkillər Kollegiyasının nümayəndələri 12 beynəlxalq tədbirdə iştirak etdiyini, 2020-ci ərzində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası vəkillik sahəsində ixtisaslaşmış bir sıra beynəlxalq təşkilatlara üzv olduğunu vurğulamışdır. Belə ki, bu il Vəkillər Kollegiyası Hüquqşünasların Beynəlxalq Assosiasiyası (UIA), Asiya və Okeanı Ölkələrinin Hüquq Assosiyasına (LAWASIA) üzv seçilmişdir.

Daha sonra Vəkillər Kollegiyasının Aparat rəhbərinin müavini Anar Əsədov çıxış edərək, Kollegiyanın Rəyasət Heyətinin və Aparatının ötən 3 il ərzindəki maliyyə məsələləri ilə bağlı fəaliyyəti barədə konfrans iştirakçılarına məlumat vermişdir.

Həmçinin, Anar Əsədov çıxışında dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin vəkillərə ödənişinin uçot məsələləri barədə də məlumat verərək bildirmişdir ki, 2020-ci il ərzində qanunvericiliyin tələblərinə cavab verən və Kollegiyanın Hüquqi Yardım və Tədris Mərkəzi tərəfindən Vəkillər Kollegiyasının Aparatına təqdim olunmuş məhkəmə və cinayət prosesini həyata keçirən digər orqanlar tərəfindən qəbul edilmiş dövlət hesabına hüquqi yarıma görə vəkillərə ödənişi nəzərdə tutan ümumlikdə 21913 qərarı icra edilmişdir.

İcra edilmiş həmin qərarlar üzrə ümumilikdə 2.664.167 manat vəsait istifadə olunmuşdur ki, bu da dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsaitin 48 %-ni təşkil edir. İcra edilmiş qərarların faiz nisbəti isə 100 faiz təşkil etmişdir.

Beləliklə, Vəkillər Kollegiyası tərəfindən cari il ərzində 88 ödəniş sənədi icra edilmişdir ki, bu da əvvəlki illərdə dövlət büdcəsinin yerli xərclərindən maliyyələşmənin aparılması ilə müqayisədə icra vəziyyətinin təqribən 3,6 dəfədən artıq olduğunu göstərir.

Bununla bərabər, Anar Əsədov çıxışında bütün vəkillərin cari ilin iyul və dekabr ayları, habelə 2021-ci ilin yanvar ayı üzrə üzvlük haqqından azad olunduğunu,  60 və daha yuxarı yaşlı vəkillərin isə bunlardan əlavə cari ilin mart ayının  24-dən iyun ayının   1-ə kimi üzvlük haqqından tam azad edildiyini göstərmişdir.

Eyni zamanda ötən dövr ərzində ağır xəstəliklərdən və koronavirusdan əziyyət çəkən və müalicə alan vəkillərə Vəkilliyin İnkişafı Fondundan maddi yardımın ayrıldığı göstərilmişdir.

Həmçinin, Vəkilliyin İnkişafı Fondundan Azərbaycan vəkilliyi adından “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 50000 (əlli min) manat və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna” isə 150000 (yüz əlli min) manat köçürüldüyü qeyd olunmuşdur.  

Hesabatlardan sonra konfrans iştirakçıları tərəfindən Vəkillər Kollegiyası Rəyasət Heyətinin 3 illik fəaliyyəti onlayn, gizli və obyektiv qiymətləndirilməsi keçirilmişdir. Qiymətləndirmə nəticəsində Rəyasət Heyətinin fəaliyyəti 10 üzərindən 9.7 kimi qiymətləndirilmişdir.

Konfransda daha sonra Şahmar Məmmədovun təqdimatı ilə “Vəkillərin davranış qaydaları haqqında” Əsasnaməyə əlavə və dəyişikliklər müzakirə olunmuşdur. Müzakirədə konfrans iştirakçıları fəal iştirak etmiş, dəyişikliklərlə bağlı onları maraqlandıran sual və təkliflərini qeyd etmişlər. Konfrans iştirakçıları tərəfindən verilən suallar Kollegiyanın sədri Anar Bağırov və İntizam Komissiyasının sədri Şahmar Məmmədov tərəfindən cavablandırılmışdır. Müzakirənin yekununda təklif edilən dəyişikliklər qəbul olunmuşdur.

Eyni zamanda konfransda Anar Bağırov tərəfindən vəkillər kollegiyasının üzvü Elçin Usubun Vəkillər Kollegiyası Rəyasət Heyətinə, Abbas Kərimbəylinin isə Vəkillərin İntizam Komissiyasına üzvlüyü təklif edilmişdir. Hər iki təklif yekdilliklə qəbul edilmişdir. 
Konfransın işinə Vəkil Marşının səsləndirilməsi ilə yekun vurulmuşdur.