VƏKİLLİYƏ QƏBUL
Məlum olduğu kimi 2018-ci ildən etibarən ölkəmizdə nümayəndəlik institutu ləğv olundu və məhkəmə işləri üzərində vəkilliyin qismən monopoliyası təmin edildi. İnkişaf etmiş ölkələrin bu sahədəki təcrübəsi nəzərə alınarsa, ölkəmizdə nümayəndəlik fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qanunvericiliyə edilən dəyişikliyi bəlkə də gecikmiş addım kimi qiymətləndirə bilərik. Dəyişikliyə qədər hətta ixtisasca qeyri-hüquqşünaslar – bənna, dəmirçi və s. məhkəmələrdə insanları təmsil edirdilər. Bu isə qəbulolunmaz hal idi. Ən azı həmin şəxslərin təmsil etdikləri insanlar qarşısında peşə məsuliyyəti yox idi. Savadsız, səriştəsiz, reallıqdan uzaq olan, populist insanlar deyirdilər ki, nümayəndəlik fəaliyyətinin məhdudlaşdırılmasından sonra məhkəmələrdə növbələr yaranacaq, vətəndaşlar onları məhkəmələrdə təmsil etməsi üçün vəkil tapa bilməyəcəklər. Onlar vəkillərin sayının az olduğunu əsas gətirirdilər. Məsələ ondadır ki, iddia olunan o növbələr niyə yaranmadı?! Zamanla hər şey qaydasına düşdü. İnsanlar məmnundur, şikayətlər də azalıb, neqativ hallar demək olar ki, yoxdur. Bəzi hallarda hüquqşünaslardan şikayətlər daxil olur, vətəndaşlara izah edirik ki, onlar vəkil deyillər, bu addan qanunsuz istifadə edirlər. Vəkillər Kollegiyası bu istiqamətdə də tədbirlərini davam etdirir. Vəkillik adından qanunsuz istifadə edənlərlə də mübarizə aparılır.
Beləliklə, 2018-ci ildən başlayaraq Kollegiya tərəfindən ölkəmizdə vəkillərin sayının artırılması üzrə genişmiqyaslı işlərin görülməsinə başlanılmışdır.
2018-ci ildə vəkilliyə qəbul üçün 2 dəfə yazılı test imtahanı keçirilmiş və vəkillərin sayı 931 nəfərdən 1503 nəfərdək artmışdır.
2019-cu ildə 3 yazılı test imtahanı elektronlaşdırılmış qaydada həyata keçirilmiş və vəkillərin sayı 1503-dən 1708-dək artmışdır.
2020-ci ildə 1 dəfə vəkilliyə qəbul üzrə test imtahanı olmuş, habelə namizədlərlə Vəkillərin İxtisas Komissiyası tərəfindən ilk dəfə onlayn qaydada şifahi müsahibələr keçirilmiş və vəkillərin sayı 1708-dən 1844 nəfərədək artmışdır. Bu isə 2017-ci illə müqayisədə vəkillərin sayının 100% artımı kimi başa düşülməlidir.
Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən başladığını nəzərə alaraq qeyd olunmalıdır ki, 2004-2018-ci aralığında (14 il ərzində) vəkillərin sayı 600 nəfər artaraq 931 nəfər olmuş, lakin 2018-2020-ci il aralığında (3 il ərzində) isə vəkillərin sayı 913 nəfər artaraq 1844 olmuşdur. Belə ki, gənc vəkillərin sayı artaraq vəkillik xeyli cavanlaşmışdır.
Eyni qaydada, həm xanım vəkillərin sayı, həm də regionlardakı vəkillərin sayı da dəfələrlə artmışdır. Bundan başqa, 3 il əvvəl vəkil qurumlarının sayı 39 olsa da, hazırda bu rəqəm artaraq 100 olmuş və onların bir çoxu yenilənmiş, əsaslı şəkildə təmir edilmişdir.
Lakin unutmaq olmaz ki, Azərbaycanda hüquqşünas məzunların sayı digər ölkələrdən təqribən 10 dəfə azdır. Bu da vəkillərin sayına birbaşa təsir edir.
Son 3 ildə vəkilliyə sənəd qəbulu daimi əsaslarla aparılır, yazılı test mərhələsi kompüter vasitəsilə Dövlət İmtahan Mərkəzində həyata keçirilir. Şəffaf keçirilən qəbul prosesi BMT, GIZ, Avropa Şurası kimi beynəlxalq təşkilatlar və ABŞ səfirliyinin nümayəndələri tərəfindən izlənilir.
Ötən dövrdə sənəd qəbulu elektron formaya keçirilmiş, Kollegiyanın veb-səhifəsində qeyd olunan imtahan proqramına uyğun olaraq şifahi imtahan mərhələsi üzrə eyni gündə imtahana gələn namizədlərə obyektivlik naminə eyni suallar verilir. Halbuki əvvəlki illərdə fərqli şifahi imtahan təcrübəsi mövcud idi.
Vəkillərin İxtisas Komissiyasının tərkibinə gəldikdə isə 11 nəfərlik heyətdən 5-i vəkil, 3-ü alim, 3-ü isə hakimlərdən ibarətdir. Bəzi beynəlxalq təşkilatlar Komissiya tərkibində vəkillərin sayının alimlərdən az olmasının vəkilliyin müstəqilliyinə xələl kimi qiymətləndirirlər. Lakin keyfiyyətli imtahan prosesinin həyata keçirilməsi üçün bu addım təqdirə layiq hesab olunur və ən əsası, bu günə kimi heç bir namizəddən bu barədə hər hansı irad və ya şikayət daxil olmamışdır.
Bundan başqa, vəkilliyə qəbulun ayrılmaz komponentlərindən biri də Ədliyyə Akademiyasında keçirilən icbari təlimdir. Təlimin Akademiyada keçirilməsi vəkilliyin müstəqilliyinə xələl kimi qiymərləndirilməməlidir. Akademiya yalnız tədris prosesini logistik baxımdan təşkil edir, təlimlər isə əsas etibarilə peşəkar vəkillər tərəfindən keçirilir. İcbari təlimin nəticəsində keçirilən biliklərin qiymətləndirilməsi üzrə imtahandan hər hansı şikayət daxil olmamışdır. Həmin imtahan komissiyasında vəkilliyin nümayəndəsi də iştirak edir.
Həmçinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin ixtisaslaşmış qurumları və digər beynəlxalq təşkilatlar ilə əməkdaşlıq çərçivəsində, 3 il boyunca 705-dən çox vəkilə təlimlər keçirilmişdir. Bundan başqa, 2020-ci ilin əvvəlindən fəaliyyətə başlayan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi tərəfindən də təlimlər həm ənənəvi qaydada, həm də onlayn qaydada keçirilməkdədir.
Ümumiyyətlə, ötən 3 il ərzində 6 dəfə imtahan keçirilmiş və bu imtahanlarda iştirak üçün 2975 hüquqşünas müraciət etmişdir. Əlavə olaraq, hazırda 222 nəfər namizəd test imtahanının keçirilməsini gözləyir.
Son 3 ildə vəkillərin sayının 100% artımı və vəkilliyə qəbul faizinin 60% olması fonunda, imtahan nəticələrindən narazı qalan 11 namizəd məhkəməyə müraciət etmişdir.
Bundan əlavə, Birləşmiş Krallığın vəkillər birliyi olan Hüquq Cəmiyyəti arasında əldə olunmuş razılığa əsasən, artıq Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri Böyük Britaniyada vəkilliyə qəbul üzrə müvafiq imtahanı verməklə orada vəkilliyə qəbul oluna və İngiltərə və Uels ərazisində vəkillik fəaliyyəti ilə məşğul ola bilər.
Xüsusilə onu da qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-i Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi qeyd edilməsi qərara alınmışdır.
DÖVLƏT HESABINA HÜQUQİ YARDIM FƏALİYYƏTİ
Əvvəlki illərdən fərqli olaraq 2020-ci ildə Vəkillər Kollegiyasının vəzifələri sıra yeni fəaliyyət əlavə olundu. Məlum olduğu kimi, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərman ilə 2020-ci ildən etibarən dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin müvafiq İcra hakimiyyətinə deyil, birbaşa Vəkillər Kollegiyasına ayrılması müəyyən olunmuşdur.
Bununla əlaqəli 2020-ci il ərzində 21 913 qərar icra edilmiş və həmin qərarlar üzrə ümumilikdə 2.664.167 manat vəsait istifadə olunmuşdur ki, bu da dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsaitin 48 %-ni təşkil edir. İcra edilmiş qərarların faiz nisbəti isə 100 faiz təşkil etmişdir (Vəkillər Kollegiyası tərəfindən cari il ərzində 88 ödəniş sənədi icra edilmişdir ki, bu da əvvəlki illərdə dövlət büdcəsinin yerli xərclərindən maliyyələşmənin aparılması ilə müqayisədə icra vəziyyətinin təqribən 3,6 dəfədən artıq olduğunu göstərir).
Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin “Vəkilliyin inkişafı barədə əlavə tədbirlər haqqında” 22.02.2018-ci il tarixli Sərəncamına əsasən, dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən haqq 3 dəfə qaldırılaraq 6 manat olmuşdur.
Qeyd olunmalıdır ki, son 3 il ərzində həm paytaxt, həm də regionlarda 23 mindən çox iş üzrə aztəminatlı şəxslərə Kollegiya tərəfində pulsuz hüquq yardım xidmətləri göstərilmişdir.
KARANTİN DÖVRÜNDƏ VƏKİLLİK
Ölkədə koronavirusla mübarizə sahəsində Kollegiya tərəfindən görülmüş işlərə gəldikdə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına dəstək olaraq yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Rəyasət Heyətinin qərarı ilə 50 min manat vəsait köçürülmüşdür. Həmin vəsait Vəkilliyin İnkişafı Fonduna vəkillərin ödədikləri order markasından (xərcindən) yığılan vəsait hesabına köçürüldüyündən bu aksiyada bütün vəkilllərin iştirakı təmin olunmuşdur.
Bu çərçivədə vəkillər karantin dövründə (cari ilin iyul, dekabr və 2021-ci ilin yanvar aylarında) üzvlük haqqından azad olunmuş, həmçinin, 60 və daha yuxarı yaşlı vəkillərin isə bunlardan əlavə 2020-ci ilin mart ayının 24-dən iyun ayının 1-ə kimi üzvlük haqqından tam azad edilmiş, karantin dövründə 60 və daha yuxarı yaşlı vəkillər vəkil qurumlarında növbətçiliyə cəlb olunmaması üzrə tədbirlər görülmüşdür.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının ölkəmizdə insan hüquq və azadlıqlarının peşəkar müdafiəsi işinin təşkilinə cavabdeh təşkilat olması, bu istiqamətdə vəkillik fəaliyyətinin məhdudiyyətsiz həyata keçirilməsi, dolayısilə Kollegiya üzvlərinin ölkə hüdudlarında sərbəst hərəkətinin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinə müraciət ünvanlanmış və Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, vəkillər üzvlük vəsiqələri əsasında ölkə ərazisində sərbəst hərəkətinə şərait yaradılmışdır.
Həmçinin koronavirus infeksiyası ilə bağlı vəziyyət və bu infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində vətəndaşlar üçün ödənişsiz onlayn hüquqi yardım xidmətləri göstərilmişdir.
Həmçinin, ötən dövr ərzində koronavirusdan və digər xəstəliklərdən əziyyət çəkən 6 vəkilə Vəkilliyin İnkişafı Fondundan maddi yardım göstərilmişdir.
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
Əvvəlki illərdə beynəlxalq əməkdaşlığın zəif olmasına baxmayaraq, 2018-ci ildən artıq vəziyyət dəyişməyə başladı. Fəaliyyətini ictimaiyyətə açıq və şəffaflıq üzərində quran Vəkillər Kollegiyası bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə başladı.
Bu dövr ərzində BMT-nin ixtisaslaşmış qurumları olan Beynəlxalq Miqrasiya Təşkilatı, İnsan Hüquqları, habelə Uşaq hüquqları üzrə komissarlıqları, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), habelə Avropa Şurası, Avropa İttifaqı və Dünya Bankı ilə əməkdaşlıq münasibətləri davam etdirilərək möhkəmləndirilmiş, Almaniya-Azərbaycan Ticarət Palatasının üzvlərinin iştirakı ilə müxtəlif tarixlərdə keçirilmiş yerli tədbirlərdə iştirak edilmişdir.
2018-2019-cu illərdə Kollegiyanın rəhbərliyi və üzvləri Çin, Polşa, Rusiya, Türkiyə, Avstriya, Belarus, Gürcüstan, Qazaxıstan və bir sıra digər ölkələrdə keçirilən hüquq konfranslarında iştirak etmiş, Azərbaycan vəkilliyini təmsil etmişlər.
2020-ci ildə isə Avropa Vəkillər Kollegiyaları Assosiasiyasının (CCBE), Almaniya Fedral Vəkillər Palatasının, Qazaxıstan Vəkillər Kollegiyasının, Vəkillər Kollegiyası Hüquqşünasların Beynəlxalq Assosiasiyasının (UIA), Asiya və Okeanı Ölkələrinin Hüquq Assosiyasının (LAWASIA), Belarusiyanın, Rusiyanın təşkil etdiyi onlayn konfranslarda iştirak edilmişdir.
Eyni zamanda, 2020-ci ərzində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası UIA-ya və LAWASIA-yə üzv seçilmişdir.
Həmçinin, vəkillik sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla (CCBE, ICJ) səmərəli əməkdaşlıq münasibətləri qurulmuşdur. Bu təşkilatların tövsiyələri ilə “Vəkillərin davranış qaydaları haqqında” Əsasnaməyə əlavə və dəyişikliklər edilməklə həmin sənədlər təkmilləşdirilmişdir.
Azərbaycan vəkilliyinin 100 illiyi münasibətilə Bakıda silsilə olaraq keçirilmiş beynəlxalq tədbirlərdə 20-dən çox ölkənin vəkillər kollegiyalarının rəhbərləri və üzvləri, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatların nümayəndələri daxil olmaqla, 200-dən çox xarici iştirakçı, o cümlədən Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və digər məhkəmələrin sədrləri və hakimləri, prokurorluq və ədliyyə orqanlarının rəhbərləri və nümayəndələri, digər dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, hüquq ictimaiyyətinin təmsilçiləri iştirak etmişdir.
GƏNCLƏRƏ DƏSTƏK – Gənclərdə vəkil peşəsinə marağın artılması
Vəkillər Kollegiyası ilə ELSA (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən, Vəkillər Kollegiyasının dəstəyi ilə birgə layihələr, konfranslar, dəyirmi masalar, seminarlar, müzakirələr, məhkəmə müsabiqələri, yay və qış hüquq məktəbləri keçirilir, o cümlədən ELSA üzvləri müraciət edərək vəkil qurumlarında istənilən zaman təcrübə keçə bilirlər.
2 il ard-arda Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsinin həm Azərbaycanda keçirilməsi üçün, həm də qaliblərin ABŞ-dakı raundlarda iştirakı üçün maddi dəstək göstərilmişdir.
Bundan başqa Vyanada keçirilmiş 26-cı Beynəlxalq Kommersiya Arbitraj Müsabiqəsində (26th Willem C. Vis Moot) Azərbaycanı təmsil edən komandanın səfər xərcləri qarşılanmışdır.
Bundan başqa, Universitetlərin daxili tədbirləri zamanı, o cümlədən ayrı-ayrı gənclərə müxtəlif sahələrdə dəstək hər zaman göstərilir. Həmçinin “Vəkillər Kollegiyası könüllüləri” və digər bir çox layihələrin icrası artıq bu ildən etibarən başlayacaqdır.
HÜQUQ İSLAHATLARINA DƏSTƏK
Məlum olduğu kimi, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanının icrası ilə bağlı Vəkillər Kollegiyası tərəfindən mülki və cinayət hüququ istiqamətləri üzrə 2 işçi qrup formalaşdırılmış və hər 2 qrupun hazırladığı geniş məzmunlu təkliflər paketi qanunverici orqana göndərilmişdir. O cümlədən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna bir çox dəyişikliklər edilmişdir. Həmçinin, "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanuna edilmiş dəyişiklərə əsasən, fiziki və ya hüquqi şəxslərin vəkilləri məhkəmə ekspertizasının aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdir.
Bununla yanaşı, 2019-cu ilin əvvəlindən etibarən, Vəkillər Kollegiyası tərəfindən “Prodemos – Xalq üçün” layihəsi həyata keçirilməyə başlanılmışdır. Bu layihənin əsas məqsədi qanunvericilikdəki ictimai əhəmiyyət kəsb edən yenilikləri sadə dildə vətəndaşlarımıza izah etmək, hüquqi yardıma ehtiyacı olanlara dəstək olmaq, o cümlədən hər həftə ən aktual mövzular üzrə həmin sahədə ixtisaslaşmış vəkilləri dəvət etmək, vətəndaşlarımızın suallarını onlayn cavablandırmaqdan ibarətdir.
VƏKİLLƏRƏ MADDİ DƏSTƏK
Ötən dövr ərzində koronavirusdan və digər xəstəliklərdən əziyyət çəkən 6 vəkilə Vəkilliyin İnkişafı Fondundan maddi yardım göstərilmişdir.
Ümumiyyətlə, ötən dövrdə 136 vəkil analıq məzuniyyəti, təhsil və s. digər əsaslarla üzvlük haqqı ödəməkdən azad edilmişdir.
Bundan başqa, 2-ci Qarabağ müharibəsi çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 8 üzvü döyüşlərə qatılmış və Rəyasət Heyəti tərəfindən onların ailə üzvlərinə hərbidə olduqları bütün müddət ərzində aylıq şəkildə maddi yardım göstərilmişdir.
VƏKİLLİKDƏ İNNOVASİYALARIN TƏTBİQİ - ELEKTRON XİDMƏTLƏR
Vətəndaşların hüquqi yardıma çatımlılığını təmin etmək üçün, Vəkillər Kollegiyasının veb-saytında bütün vəkil qurumlarının və vəkillərin onlayn reyestri yaradılmışdır. Həmçinin, hər bir vəkil üçün elektron kabinet istifadəyə verilmiş, Kollegiyanın rəsmi sənədləri və vəkillərə aid sənədlər həmin bölmədə yerləşdirilmişdir.
Bundan başqa, Vəkillər "Elektron məhkəmə" informasiya sisteminə inteqrasiya olunaraq hər bir vəkil üçün yaradılmış “şəxsi kabinet” vasitəsi ilə məhkələrə iddialarını elektron qaydada göndərə, işlər barədə sms və e-mail vasitəsilə məlumatlandırıla və məhkəmə sənədlərini elektron qaydada əldə edə bilirlər.
2020-ci ildə Pandemiya səbəbilə, karantin rejimi nəzərə alınmaqla "LegalAid" elektron hüquqi yardım mobil tətbiqi hazırlanaraq vətəndaşların istifadəsinə verilmişdir.
Həmçinin, vəkil sorğularının elektron formada əldə olunması üzrə Elektron Hökumətin İnkişafı Mərkəzi ilə işlər davam etdirilməkdədir. Bundan başqa, yaxın gələcəkdə “Elektron vəkil orderi” və “Davamlı tədris üzrə” elektron platformalar vəkillərin istifadəsinə təqdim olunacaqdır.
SOSİAL AKSİYALAR, YARIŞMALAR
Qocalar və uşaqlar evinə tez-tez səfərlər, ətraf mühitin mühafizəsi üçün aksiyalar daim təşkil edilir, o cümlədən idman və elmi səhələrdə çoxsaylı yarışlar, müsabiqələr həyata keçirilir. Bunlara misal olaraq beynəlxalq və yerli futbol və şahmat turnirlərini, rəssamlıq, ədəbiyyat və bir çox bədii yaradıcılıq müsabiqələrini göstərə bilərik.
DİGƏR MƏSƏLƏLƏR
Dövlət qurumlarında süni maneələr barədə vəkillərin müraciətlərinin təmin edilməsi məsələsi ilə bağlı qeyd olunmalıdır ki, əvvəlki illərdən fərqli olaraq Vəkillər Kollegiyasının rəhbərliyi vəkillərin müxtəlif dövlət orqanlarında rastlaşdıqları problemlərə operativ reaksiya verərək onların qarşılaşdıqları çətinliklərin həllinə öz dəstəyini verməkdədir.
Həmçinin, əvvəlki illərdən fərqli olaraq intizam icraatı sahəsində humanist yanaşma mövcuddur. Vəkillərin sayı artsa da intizam işlərinin sayı azalmışdır. Hətta, bir çox hallarda Rəyasət Heyəti tərəfindən dövlət qurumlarından daxil olan müraciətlər Vəkillərin İntizam Komissiyasına göndərilməmiş və vəkillər barədə intizam icraatı başlanılmamışdır.
Nəticə etibarilə, hüquq-mühafizə orqanlarından daxil olan müraciətlərin 40%-i barədə Rəyasət Heyəti tərəfindən intizam icraatı başlanılmamışdır. Ümumiyyətlə isə, bütün müraciətlərin 81%-i barədə heç bir intizam tənbehi tədbiq edilməmişdir.
Həmçinin hazırda Vəkillər Kollegiyasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı vəkillərin rəy və təklifləri nəzərə alınır, ixtisaslaşmalarından asılı olaraq onlar Kollegiyanın tədris fəlaiyyətinə, innovativ layihələrə, habelə qanunvericiliyin təkmilləşdirilməsi üzrə işlərə cəlb olunurlar.
Bu gün vəkillər hətta müxalif siyasi partiyaların işində fəaldırlar və əminliklə deyilməlidir ki, onların siyası fəaliyyət və baxışlarına görə Kollegiya tərəfindən hər hansı təzyiq halları mövcud deyildir. Eyni zamanda, onların böyük əksəriyyətindən şikayətlər daxil olmamışdır.
Beynəlxalq təşkilatlar tərəfindən qaldırılan məsələlərdən biri də guya Kollegiya üzvlüyündən xaric edilmiş vəkillərin AİHM-də insanları təmsil etməkdə problemlərlə qarşılaşmalarıdır. Bununla bağlı qeyd edirik ki, AİHM-dəki işlərlər bağlı nə onların hüquqlarını məhdudlaşdırmırıq, nə də buna səlahiyyətimiz çatmır. Belə ki, onlar vəkil olmasalar da AİHM-də nümayəndə kimi proseslərdə iştirak edə bilərlər.
Bəzi beynəlxalq təşkilatların hesabatlarında Osman Kazımov və ya Cavad Cavadov kimi vəkillərin Kollegiya tərəfindən təqib olunduğu yanlış olaraq göstərilir. Əminliklə bildiririk ki, həmin vəkillər ilə bağlı Kollegiyanın hər hansı problemi mövcud deyil – barələrindən hər hansı intizam icraatı başlanılmayıb və ya aparılmır.
Bundan başqa, Qanuna uyğun olaraq, vəkillər həm fərdi, həm də büroda fəaliyyət göstərə bilərlər. Vəkillərin fərdi qaydada fəaliyyət göstərməsi məhdudlaşdırılmır. Lakin, onlar Rəyasət Heyəti tərəfindən qəbul edilmiş qaydalara, tələbələrə əməl etməli, fəaliyyət göstərdikləri ofislərin şəraiti buna imkan verməli və konfidensiallıq qorunmalıdır.