Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə məlumat vermiş, vəkilliyə qəbulla bağlı keçirilən ixtisas imtahanının yazılı test mərhələsində 250-dən, şihafi müsahibə mərhələsində iştirak üçün 200-dən çox namizədin gözlədiyini bildirmişdir.
Rəyasət Heyətinin iclasında keçmiş hakim və vəkillərin Kollegiya üzvlüyünə qəbul məsələsinə baxılmış və müsbət qərar verilmiş, həmin şəxslər iclasda vəkil andı içərək vəkilliyə qəbul olmuşlar.
O cümlədən, vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad edilmə, fəaliyyətlərində fərqlənmiş bir sıra vəkillərin və Rəyasət Heyəti aparatının əmakdaşlarının mükafatlandırılması ilə bağlı məsələlərə baxılmış və müsbət qərar verilmişdir.
Eyni zamanda, iclasda “Qanunun Aliliyi” və Qusar rayon Vəkil Bürosunun təsis olunması, həmçinin vəkil kabinetinin yaradılması ilə bağlı məsələyə baxılmış və müsbət qərar verilmişdir.
O cümlədən, “COVID-19” virusuna yoluxmuş və Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılmış, onlara pul formasında maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunmuşdur.
Daha sonra Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərin növbətçilik siyahısı təsdiq edilmişdir.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.