Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏR KOLLEGİYASINDA HAKİM TƏYİN OLUNMUŞ VƏKİLLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

12 fevral 2021    5412 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov tərəfindən fevral ayının 12-də hakim vəzifəsinə təyin edilmiş vəkillərlə Kollegiyanın Rəyasət Heyətində görüş keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Anar Bağırov bildirmişdir ki, demokratik hüquqi dövlət quruculuğu yolunu tutmuş ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Ötən müddətdə digər sahələrdə olduğu kimi, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi sahəsində də bir çox işlər, o cümlədən hakimlərin özünüidarə orqanı kimi nəzərdə tutulan Məhkəmə-Hüquq Şurası yaradılmış, hakimlərin müstəqilliyi, seçilməsi, təyin edilməsi, ixtisasının artırılması, fəaliyyətinin qiymətləndirilməsi və s. məsələləri dünya standartlarına uyğunlaşdırılmışdır. Görülmüş bu işlər zamanı Vəkillər Kollegiyası Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunmuşdur.

Sevindirici haldır ki, vakant hakim vəzifələrinə qəbulla bağlı elan edilmiş müsabiqədə yüksək bilik nümayiş etdirmiş Vəkillər Kollegiyasının 9 üzvü - Əliyev Əli Abdulla oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinə, Sevdimalıyeva Günel Arif qızı Bakı İnzibati Məhkəməsinə, Yusifova Ülkər Bayram qızı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə, Cəfərli Nilufər Arif qızı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Mahmudova Həqiqət Sahib qızı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Sultanov Cavid Rizvan oğlu Ağdaş Rayon Məhkəməsinə, Səmədzadə Sərxan Akif oğlu Xaçmaz Rayon Məhkəməsinə, Hüseynov Elmir Xoşbəxt oğlu Sumqayıt Şəhər Məhkəməsinə, Qurbanova Aygün Arzu qızı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunmuşlar. Bununla da hakim vəzifəsinə təyin olunmuş vəkillərin sayı ümumilikdə 80 nəfərə çatmışdır.  

Çıxışını yekunlaşdıran Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov yeni seçilmiş hakimlərə dövlət başçısının «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 03 aprel 2019-cu il tarixli Fərmanını xatırladaraq gələcək fəaliyyətlərində qanunun aliliyini rəhbər tutmalarını, süründürməçiliyə və digər neqativ hallara yol verməmələrini tövsiyə etmişdir.

Tədbirin yekununda Anar Bağırov hakim vəzifəsinə təyin edilmiş şəxslərə Kollegiyanın Rəyasət Heyətinin qərarına əsasən onların təltif edildiyi Fəxri Fərmanları təqdim etmiş, gələcək fəaliyyətlərində uğurlar arzu etmişdir.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilmişdir.