Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLİYƏ QƏBUL ÜZRƏ İXTİSAS İMTAHANLARININ YAZILI TEST MƏRHƏLƏSİ KEÇİRİLİR

05 mart 2021    9125 share share

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunmuşdur.

Vəkilliyə sənəd qəbulunun daimi əsaslarla aparıldığını nəzərə alaraq, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 05.03.2021-ci il tarixdə Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilməkdədir. İmtahan koronavirus epidemiyasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən elan edilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq namizədlərin iştirakı ilə saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə elektron qaydada Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində elektronlaşdırılmış qaydada həyata keçirilir.

280 nəfər vəkilliyə namizədin iştirakı ilə keçirilən imtahan Dövlət İmtahan Mərkəzi və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunmuşdur. İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunacaqdır ki, bu suallardan 60 mümkün balı toplaya bilmiş namizədlər imtahanın növbəti – şifahi mərhələsinə keçə biləcəklər. Nəticələr imtahandan dərha sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat veriləcəkdir.

İmtahanın şəffaflığının təmin edilməsi məqsədi ilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökümət təşkilatlarından müşahidəçilər dəvət olunmuş, KİV nümayəndələrinin iştirakı təmin edilmişdir.

İmtahanın təşkili və namizədlərin tərkibinə dair statistik məlumatlara gəldikdə isə, qeyd olunmalıdır ki, imtahanda iştirak edən ən yaşlı namizəd 72, ən gənc isə 23 yaşındadır. O cümlədən, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 65%, Respublikanın digər regionları üzrə isə 35%-dir. Qeyd olunmalıdır ki, say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur, bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcəkdir. Namizədlərin 13%-i xarici, 87%-i yerli ali təhsil müəssisələrində təhsil almışlar ki, bu siyahıda ilk yeri 44% ilə Bakı Dövlət Universiteti tutur. Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 65%-ni təşkil edir. Qadın namizədlər 21%, kişi namizədlər isə 79%-dir.