Bu gün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Bakı Dövlət Universiteti (BDU) arasında hüquq təhsili və təcrübəsinin sıx inteqrasiyasının təmin edilməsi, hüquq tələbələri və məzunlarının təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması məqsədilə birgə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqaviləni Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev imzalayıblar.
BDU-da baş tutmuş görüşdə çıxış edən rektor Elçin Babayev Universitet ilə Kollegiya arasında əməkdaşlığın gələcək perspektivlərinin əhəmiyyətini vurğulayaraq, Universitetdə tələbələr üçün təcrübə proqramlarının təşkili, akademik sahədə püxtələşmiş vəkillərin Universitetin tədris fəaliyyətinə cəlb edilməsi və digər maraq kəsb edən məsələlər barəsində danışıb.
Kollegiyanın sədri Anar Bağırov təqdimatla çıxış edərək son dövrlərdə vəkilliyin inkişafı və Kollegiyanın fəaliyyəti barədə məlumat verib. Anar Bağırov Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının və 2019-cu il 3 aprel tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında Fərmanının əhəmiyyətini vurğulayaraq, həyata keçirilən islahatları, ölkəmizdə vəkillərin sayının iki dəfədən çox artaraq 2000 nəfərədək yaxınlaşmasını, vəkil qurumlarının sayının isə 39-dan 101-dək artırılmasını, vəkillərin fəaliyyətində elektron texnologiyalardan istifadə imkanlarının genişləndirilməsini qeyd edib. Çıxışda, həmçinin, karantin dövründə vəkillik, LegalAid tətbiqi, Kollegiyanın müharibə dövründəki fəaliyyəti, gənclər və beynəlxalq sahədə görülmüş işlər barədə də tədbir iştirakçılarına geniş məlumat verilib.
İmzalanmış müqavilə tərəflər arasında əməkdaşlıq münasibətlərini tənzimləyir. Müqavilə hüquq fakültəsinin tələbələrini hüquq ixtisası üzrə təcrübəyə cəlb etmək, Bakı Dövlət Universitetinin strukturları tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi, Hüquq fakültəsinin təhsildə fərqlənən tələbələrinə təqaüdlərin müəyyən edilməsi və verilməsi, hüquq təcrübəsinin artırılması ilə bağlı layihələr, konfranslar, simpozium, “moot court”lar və s. tədbirlərin təşkilinin həyata keçirilməsi və s. məsələləri əhatə edir.
Müqavilədə tərəflərin əməkdaşlığın xüsusi bir forması kimi Bakı Dövlət Universitetinin Vəkillər Kollegiyasının üzvü olan professor-müəllim heyətindən ibarət Vəkil Bürosunun yaradılması da öz əksini tapır.
Görüşdə, həmçinin, Vəkillər Kollegiyası Hüquqi Yardım və Tədris Mərkəzinin rəhbəri, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov, Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov, Aparatın İnsan resursları şöbəsinin müdiri Orxan Babayev, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, “Kriminalistika və Məhkəmə ekspertizası” kafedrasının müdiri Kamil Səlimov, BDU Hüquq klinikasının rəhbəri və Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Turqay Hüseynov da iştirak etmiş və hər iki tərəf arasında prioritet əməkdaşlıq istiqamətləri geniş müzakirə olunub.
Tədbirin sonunda Vəkillər Kollegiyası tərəfindən BDU-nun Elmi Kitabxanasına hüquq sahəsinə dair 200-ə yaxın kitab hədiyyə edilib.