Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Sahibkarların hüquqlarının etibarlı müdafiəsində Ədliyyə və məhkəmə islahatlarının roluna dair videokonfrans keçirilib

17 mart 2021    1222 share share

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına, ədalət mühakiməsinin əlçatanlığına və vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə xidmət edən mütərəqqi məhkəmə-hüquq islahatları həyata keçirilir.

Dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sistemin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla onun icrası üzrə ötən dövrdə kompleks tədbirlər görülüb.

Bu istiqamətdə görülən tədbirlər çərçivəsində martın 17-da Ədliyyə Nazirliyinin və “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ədliyyə və məhkəmə islahatları sahibkarların hüquqlarının etibarlı müdafiəsinə təminat verir” mövzusunda videokonfrans təşkil olunub.

Tədbirdə Ədliyyə Nazirliyinin, Vəkillər Kollegiyasının, məhkəmə hakimiyyəti orqanlarının, vətəndaş cəmiyyətinin nümayəndələri, sahibkarlar, kütləvi informasiya vasitələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Əfqan Baxışov, Babək Həmidov və Pənah Məmmədov iştirak etmişdir.

Tədbirdə Ədliyyə Nazirliyinin tərəfindən biznesə və vətəndaşlara göstərilən hüquqi xidmətlərin səmərəliliyinin yüksəldilməsi, son zamanlar nazirliyin sahibkarlarla əlaqələrinin inkişafı, sahibkarlıq subyektlərinin ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması ilə bağlı görülən tədbirlər və sair barədə məlumat verilib.

Diqqətə çatdırılıb ki, bütün elektron layihələrdə banklar fəal iştirak edirlər. Bankların “Elektron Məhkəmə” İnformasiya Sisteminə inteqrasiyası artıq başa çatdırılmaqdadır. Zəruri proqram təminatı bankların daxili serverlərinə uyğunlaşdırılıb və yaxın zamanda məhkəmələr tərəfindən müvafiq sorğuların elektron qaydada cavablandırılması təmin ediləcək. Eyni zamanda, “Elektron notariat” və “Elektron icra” sistemi ilə də bağlı müvafiq işlər görülür.

Sonra Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədov qeyd edib ki, dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində mühüm yeniliklərdən biri sahibkarların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə baxılması üçün ayrıca məhkəmənin təsis edilməsidir. Məhkəmənin sədri kommersiya işlərinə çevik baxılması üçün iddiaların elektron qəbulundan və elektron sənəd dövriyyəsindən, əlçatanlığın effektiv müəyyənləşdirilməsi nəticəsində kommersiya işlərinin sayının xeyli artmasından bəhs edib, ötən bir ildə fəaliyyəti barədə məlumat verib.

Konfransda Vəkillər Kollegiyasının üzvü Əfqan Baxışov çıxış edərək vəkillərin banklara sorğu verməsi, bu sorğulara müvafiq cavabların verilməsi sahəsində mövcud olan bəzi problemləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. O, həmçinin, maliyyə bazarları sahəsində müəyyən biliklərə ehtiyacın zəruri olduğunu vurğulamış və bununla bağlı təlimlərin keçirilməsini təklif etmişdir. Daha sonra, elektron fəaliyyət və layihələr barədə müzakirə davam etdirilmişdir.

Onlayn tədbirdə dövlət və özəl qurumların, vətəndaş cəmiyyətinin nümayəndələri, sahibkarlar, media nümayəndələrinin iştirakı ilə mövzu barədə fikir mübadiləsi aparılıb  və ünvanlanan suallar cavablandırılıb.