06 aprel 2021-ci il tarixdə Qələbəyə həsr edilmiş 3-cü Vəkil Futbol Liqasının (VFL) II turu çərçivəsində növbəti oyunlar keçirilmişdir. Bu tur, ilk turda olduğu kimi həyacanlı və maraqlı oyunlarla yanaşı, həmçinin bol qolları ilə yadda qalmışdır.
Belə ki, turun ilk görüşündə “Barrister – Cəbrayıl” komandası qələbə seriyasını davam edərək, favorit komandalardan sayılan “Ədalət – Ağdam” komandasını 2:0 hesabla məğlub etmişdir. Xatırlasaq ki, ötən tur Barristerlər Abşerondan xal ala bilmişdirlər, bu turdakı qələbələri onları çempionluğa ciddi yaxınlaşdırmışdır.
Turun ikinci görüşündə “Abşeron- Şuşa” komandası keçən tur yaşadığı məğlubiyyətin ağır yükünü üstündən ataraq “Veteranlar – Xudafərin” komandasının qapısından 16 cavabsız qol keçirə bilmişdir. Abşeronun oyunçusu Rauf Əmiraslanov turnirlərimizdə nadir rastlanan nailiyyətə imza ataraq bir oyunda 7 qol vurmağı bacarmışdır. (16:0)
Növbəti görüşdə turnirin ən güclülərindən sayılan “Advokat – Xankəndi” komandası turnirə qoşularaq “Kəpəz – Murov” komandasını qonaq etmişdir. Kəpəzin gəncləri ikinci hissənin ortalarına qədər ciddi mübarizə göstərməyi başarsalar da, son 15 dəqiqədə Advokatın təcrübəsi və fərdi ustalığı öz sözünü dedi, nəticədə oyun 9:1 hesabla bitmişdir.
Turun son görüşündə ötən tur qəfil məğlubiyyət yaşamış “Lawyers -Ərgünəş” komandası birinci turda qələbə sevinci yaşamış “Sumqayıt Reqional - Qubadlı" komandasının qonağı olmuşdur. Oyun bərabər səviyyədə keçsə də, Lawyerslər Sumqayıtlıların cüzi səhvindən yararlanaraq minimal top fərqi ilə qələbə qazanmışdırlar (1:2).
Növbəti, 3-cü turun oyunları 10.04.2021-ci il tarixə saat 11:00-13:00 radələrinə təyin edilmişdirlər.
Turnirin Katibliyi bir daha karantin tələblərini iştirakçılara xatırlatmaq istəyir ki, həvəskar turnir karantin qaydalarına uyğun olaraq açıq havada, tamaşaçıların iştirakı olmadan keçirilir.
Turnirlə bağlı əlavə məlumat almaq üçün VFL Katibliyinin məsul şəxsləri - vəkillər Feyzulla Mehdiyev və Rövşən Mərəndskiylə əlaqə saxlanıla bilər.