Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində (“Mərkəz”) Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə əməkdaşlıq perspektivlərini müzakirə üçün ikitərəfli görüş keçirilmişdir.
İlk olaraq, “Mərkəz”in direktoru cənab Şahmar Məmmədov qonaqları qarşılayaraq onları əsaslı təmir olunmuş inzibati bina ilə tanış etmiş və bildirmişdir ki, “Mərkəz” tam maddi-texniki baza ilə təchiz olunmuş, yüksək tələblərə cavab verən avadanlıqlar quraşdırılmış, konfrans zalında əhəmiyyətli tədbirlərin keçirilməsi üçün yüksək şərait yaradılmışdır. Daha sonra qeyd etmişdir ki, “Mərkəz”in əsas fəaliyyət istiqamətləri aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsindən, mövcud qanunvericiliyə əsasən vəkillərin dövlət hesabına hüquqi yardımın həyata keçirilməsinin təşkil edilməsindən, həmin işlər üzrə müəyyən edilmiş haqqın vəkilə ödənilməsi prosedurları üzrə sənədləşdirmə işlərinin aparılmasından, vəkillərin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədi ilə cari və davamlı tədrisin və habelə gənc hüquqşünasların təcrübi biliklərə yiyələnməsini təşkil edilməsindən ibarətdir.
Daha sonra, BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin Layihə Koordinatoru xanım Ersilia Apreda görüşün təşkili ilə bağlı təşəbbüsə müsbət yanaşıldığına görə təşəkkür etmişdir. İnsan Alverinə qarşı mübarizə üzrə Fəaliyyət layihəsinin əlavə fazasının cari icra vəziyyəti barədə məlumat verən xanım Apreda, Layihədə əsas məqsədin Azərbaycanda İnsan Alverinə qarşı mübarizənin effektivliyinin artırılması olsa da burada qurban yönümlü və insan hüquqlarına əsaslanan yanaşmanın əsas prinsip olduğu vurğulamışdır.
İnsan alverinə qarşı mübarizədə peşəkar hüquqi yardımın əldə olunmasının vacib rolunu vurğulayan Kordinator, “Mərkəz” in iştirakı ilə müvafiq proqram üzrə fəaliyyətlərin birgə həyata keçirilməli olduğunu bildirmişdir. Covid-19 pandemiyasının Proqram üzrə fəaliyyətə təsirindən asılı olaraq növbəti rübdə vəkillər üçün təlimin keçirilməsi və sonrakı mərhələdə İnsan alveri qurbanlarının hüquqi müdafiəsi ilə bağlı dəyirmi masanın təşkilinin nəzərdə tutulduğu qeyd etmişdir. Həmçinin, məlumat vermişdir ki, ilkin yardım tərəfləri üçün qurbanların müəyyən edilməsi üzrə təlim, Milli İstiqamətləndirmə Mexanizmləri ilə bağlı müqayisəli təhlil və təlim səfərlərin təşkili zamanı “Mərkəz”in cəlb edilməsi gözlənilir. Xanım Apreda bütün bu fəaliyyətlər üzrə birbaşa və davamlı kommunikasiyanın qurulmasının əhəmiyyətini önə çəkmişdir.
Görüşdə, həmçinin Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov, “Mərkəz”in direktor müavini Gülşən Salmanova, əməkdaşı Bəylər Məmişov, BMqT Layihə Koordinatorunun köməkçisi Nərgiz Kərimova da iştirak etmiş, səmərəli məlumat mübadiləsi edilmiş və hər iki tərəf arasında prioritet əməkdaşlıq istiqamətləri geniş müzakirə olunmuşdur.