Vəkillərin həyəcan dolu futbol turnirinin III turunun oyunları 10 aprel 2021-ci il tarixdə keçirilmişdir.
Turun ilk görüşünü “derbi" adlandırmaq olardı. Belə ki, çempionluğa iddialı “Ədalət - Ağdam" komandası cari çempion “Abşeron - Şuşa" komandasını qonaq etmişdir. Maraqlı epizodlarla dolu gərgin görüşdə qonaqlar təsadüfi çempion olmadıqlarını bir daha isbat etdilər. Oyun 0:3 hesabla Abşeronun xeyrinə bitmişdir.
Növbəti görüşdə sabiq çempion “Advokat - Xankəndi" komandası “Veteranlar - Xudafərin" komandasının qonağı olmuşdur. Görünür Veteranlar ötən tur qarşılaşdığı böyük hesablı məğlubiyyətdən (0:16) aldıqları sarsıntını hələ də üzərilərindən ata bilməmişdirlər. Bu dəfə də yekun hesab böyük fərqlə qeydə alınmışdır. “Veteranlar” 2: 14 “Advokat”.
Turun sonrakı, 3-cü görüşündə sürpriz nəticə qeydə alınmışdır. Belə ki, “İnter - Laçın" ilə “Lawyers - Ərgünəş" cütlüyü arasında keçirilmiş görüşdə kimin daha güclü olması müəyyən edilmədi, vəkil komandaları həmrəylik göstərərək heç-heçə hesabla meydandan ayrılmışdılar. Hesab 1:1.
Turun son görüşündə “Kəpəz – Murov” komandası “Barrister”lərlə görüşdülər. Oyunun ilk hissəsində intriqa davam etsə də, ikinci hissədə “dağlıların” təcrübəsizliyi bir daha özünü göstərmişdir. Yekunda “Barrister” komandası məğlubiyyətsiz seriyasını davam etmişdir. “Kəpəz” 1: 8 “Barrister”.
Növbəti, 4-cü turun oyunları 17.04.2021-ci il tarixə saat 11:00-13:30 radələrinə təyin edilmişdir.
Turnirin Katibliyi bir daha karantin tələblərini iştirakçılara xatırlatmaq istəyir ki, həvəskar turnir karantin qaydalarına uyğun olaraq, açıq havada, tamaşaçıların iştirakı olmadan keçirilir.