Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov vəkilliyə namizədləri və digər iclas iştirakçılarını Azərbaycan Ordusunun Şanlı qələbəsi münasibəti ilə təbrik etmiş, Kollegiyanın cari fəaliyyəti barədə məlumat vermiş və bildirmişdir ki, bu gün and içəcək 80 vəkilliyə namizədlərlə birlikdə Vəkillər Kollegiyası üzvlərinin sayı 1931 nəfərə çatacaqdır.
Bununla yanaşı, iclasda namizədlərə vəkillik fəaliyyəti dövrlərində qarşılaşdıqları problemlərlə, qarşıya çıxan qeyri-prosessual münasibətlərlə əlaqədar neqativ hallar və hüquqpozmalar barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat verilməsi tövsiyə olunmuşdur. Vəkillik fəaliyyəti zamanı qeyri-prosessual münasibətlərə yol açan, habelə hüquqpozmalarla nəticələnə bilən hər bir hərəkətin yolverilməz olduğu xüsusilə qeyd edilməklə, bütün vəkillər tərəfindən bir sıra məsələlərin diqqətdə saxlanılması vurğulanmışdır.
Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi keçirilmiş, vəkilliyə namizədlər and içmişlər.
Daha sonra, yeni vəkillər çıxış etmiş, vəkil peşəsini seçdikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdar olduqlarını bildirmişlər.
Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad olunma və yeni vəkil bürosunun təsis olunması ilə bağlı məsələlərə baxılmış və müsbət qərar verilmişdir.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.