Bu günlərdə “Huawei” brendinin Qafqaz üzrə regional direktoru və “Huavei Technologies Azərbaycan” MMC-də ictimaiyyətlə əlaqələr üzrə bölmə rəhbəri vəzifəsini icra edən xanım Luo Lanın rəhbərlik etdiyi nümayəndə heyəti Vəkillər Kollegiyasının Rəyasət Heyətində olmuşdur.
Qonaqları salamlayan Vəkillər Kollegiyasının sədri Anar Bağırov son iki il yarım ərzində ölkəmizdə vəkilliyin inkişaf etdirilməsi, peşənin elektronlaşdırılması sahəsində görülmüş işlər haqqında qonaqlara məlumat vermiş, xüsusilə beynəlxalq əməkdaşlıq çərçivəsində Bütöv Çin Vəkillərinin Assosiasiyası (ACLA) ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında 2019-cu ilin dekabr ayında Çinin Quançjou şəhərində bağlanmış əməkdaşlıq sazişi və bu sazişdən irəli gələrək Azərbaycan vəkillərinin ölkəmizdə yaşayan Çin vətəndaşlarının hüquqlarının müdafiəsinə hər zaman dəstək verməyə hazır olması barədə fikirlərini bölüşmüşdür. Eyni zamanda Anar Bağırov qlobal pandemiya şəraitində vəkillərin fəaliyyətində innovativ texnologiyalardan istifadənin artıq zərurətə çevilməsini qeyd edərək bu istiqamətin Kollegiya üçün prioritet sahələrədən biri olduğunu bildirmiş.
Daha sonra xanım Luo "Huawei” brendinin regionda fəaliyyəti və onun genişləndirilməsində maraqlı olmaları, şirkətin innovativ texnologiyalarından vəkillərin istifadə perspektivlərinin stimullaşdırılması, habelə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün dəstək xarakterli tədbirlərin görülməsi barədə danışmış və gələcək əməkdaşlığın möhkəmləndirilməsi üzrə planları barədə fikirlərini bölüşmüşdür.
Sonda rəsmi qonağa Vəkillər Kollegiyası tərəfindən xatirə hədiyyəsi təqdim olunmuş, xatirə fotosu çəkilmişdir.