Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası ilə BMT-nin Azərbaycan nümayəndəliyi arasında əməkdaşlıq genişlənir

17 yanvar 2018    1931 share share

Bu günlərdə BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ölkə üzrə nümayəndəsi Furio De Angelis və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Azərbaycandakı ofisinin rəhbəri Kamran Bağırov Azrəbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşmüşlər.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov qonaqları salamlayaraq BMT-nin və onun müvafiq strukturlarının insan hüquqlarının səmərəli müdafiəsindəki rolu, həmçinin bu kimi fəaliyyətdə vəkillərin müstəsna funksiyaları barədə öz fikirlərini bildirmiş, daha sonra ölkəmizdə son dövrlər vəkillərin sayının artırılması ilə bağlı görülən işlər, vəkilliyin nüfuzunun artırılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan planlar barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədi ilə vəkillərin sayının artırılması barədə tövsiyəsindən irəli gələrək, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası 11 dekabr 2017-ci il tarixdən 11 yanvar 2018-ci il tarixədək vəkilliyə sənəd qəbulunu bərpa etmiş, bunun nəticəsində vəkilliyə sənəd verənlərin sayı 2000-ə yaxın olmuşdur. Natiq tərəfindən gələcəkdə bu sayın artırılmasının perspektivi, habelə gənc hüquqşünasların vəkilliyə üz tutmasını təmin etmək üçü vəkillik haqqında qanunvericilikdə təsbit olunmuş 3 illik iş stajının aşağı salınması məsələləri xüsusi qeyd olunmuşdur.

Bundan başqa, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ölkə üzrə nümayəndəliyi ilə Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində gələcəkdə aztəminatlı təbəqədən olan qaçqın və məcburi köçkünlərə ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi barədə müzakirələr aparılmışdır.

Görüş zamanı BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai növbəti aylarda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə əməkdaşlığın zəruriliyini xüsusi vurğulayaraq, ən qısa zamanda bu istiqamətdə əməli addımların atılması barədə fikir bildirmişdir.

Sonda qonaqlarla xatirə şəkli çəkdirilmişdir.