27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarını azad edən Azərbaycan Respublikasının qələbəsi ilə başa çatmışdır. Bu 44 günlük müharibə yalnız cəbhədə deyil, həmçinin informasiya sahəsində də olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan informasiya müharibəsinin də qarşısı layiqincə almışdır. Həm hərbi əməliyyatlar dövründə, həm də müharibədən sonra müharibə ilə bağlı bir sıra hesabatlar hazırlanmışdır.
Hazırlanan hesabatlardan ən mötəbərlərindən biri də dünyaca tanınan, beynəlxalq, müstəqil ekspertlərin hazırladığı “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda mülki şəxslərin hədəfə alınması, sentyabr - noyabr 2020” adlı aralıq hesabat olmuşdur.
Bu aralıq hesabat “BM Morrison Partners” beynəlxalq hüquq firmasının rəhbəri, tanınmış azərbaycanlı beynəlxalq hüquqşünas Fərhad Mirzəyevin təşəbbüsü və iştirakı, həmçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə "Queen’s Counsel" statuslu, beynəlxalq cinayət hüququ üzrə görkəmli vəkil, “9 Bedford Row” vəkillər palatasının nümayəndəsi Steven Keyin başçılıq etdiyi qrup tərəfindən hazırlanmışdır. Hesabatda müharibə dövründə Azərbaycanın müxtəlif şəhərlərində dinc əhaliyə edilən hücumlar araşdırılmış, ermənilər tərəfindən işğalda olduğu zaman Füzuli rayonunda törədilən əməllərə və hərəkətlərə də hüquqi qiymət verilmişdir. Hesabat beynəlxalq hüququn mənbələrinə, müvafiq norma və prinsiplərinə, həmçinin oxşar presedentlərə (keçmiş Yuqoslaviya, Kosovo və Ruanda) əsasən hazırlanmışdır.