15.09.2021-ci il tarixində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat vermişdir.
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş 2 vəkilliyə namizədin onlayn andiçmə mərasimi keçirilmişdir.
İclasda Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 29.10.2018-ci tarixli qərarı ilə təsdiq edilmiş “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə Dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi Qaydaları”nın müvafiq bəndlərinə dəyişikliklərin edilməsi məsələsinə baxılmış və müsbət qərar qəbul edilmişdir.
İclasda həmçinin, səhhəti ilə bağlı köməklik olunmasına dair Kollegiyaya müraciət etmiş vəkilə maddi yardım göstərilməsi qərara alınmışdır.
Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilmiş və sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlər müzakirə edilmişdir.