Bu gün Vəkillər Kollegiyası ilə Mediasiya Şurasının rəhbərliyi və 100-dən çox vəkil və mediatorun iştirakı ilə onlayn qaydada “Vəkillər Kollegiyası və Mediasiya Şurası üzvləri arasında görüş - mövcud təcrübə və həllər” adlı onlayn tədbir keçirilmişdir.
Tədbirin giriş sözü ilə açan Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov tədbir iştirakçılarını salamlamış və qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində mübahisələrin məhkəmədənkənar həllində və məhkəmələrin iş yükünün azaldılmasında mühüm vasitə olan mediasiya institutunun qurulması və təşviqi üzrə mühüm tədbirlərlər görülmüş və bu sahədə islahatlar davam etməkdədir.
Bu tədbirlər çərçivəsində 29 mart 2019-cu il tarixində “Mediasiya haqqında” Qanunun qəbul edilməsi xüsusi olaraq vurğulanmalıdır. Belə ki, 2021-ci il iyulun 1-dən Qanun tam olaraq qüvvəyə minmiş və artıq vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
Daha sonra açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Mediasiya Şurasının təsis edilməsi və mediasiya qanunvericiliyinin tətbiqi məqsədilə işçi qrupun yaradılması, fəaliyyəti, nəticəsi, 2 həmtəsisçidən biri kimi Kollegiyanın çıxış etməsi, “Mediasiya Şurası”nın təsis edilməsi, həmçinin, ölkəmiz üçün yeni olan bu instituta ümidlərin çox olması, Şuranın İxtisas və İntizam Komissiyalarının üzvləri sırasında vəkil-mediatorların da təmsil olunmasının müsbət qiymətləndirilməsi, bunun 2 təşkilat arasındakı əlaqələrindəki rolu, “mediasiya ilə vəkillik institutları arasında oxşarlıq və fərqlilliklərdən, vəkil və mediatorların fərqli vəzifələrindən geniş şəkildə bəhs etmişdir.
Bundan başqa, yeni institut sayılan Mediasiya Şurası üçün Kollegiyanın təcrübəsini bölüşmüş, uzun dönəm ərzində görülən işlər, maliyyə müstəqilliyinin formalaşdırılması, həyəta keçirilən islahatlar, Prezidentin 2005 və 2018-ci il Sərəncamları, vəkilliyə qəbul prosesi, gənclər arasında bu səhəyə marağın artırılması, tələbələrə dəstək, gənclər təşkilatları ilə əməkdaşlıq, onların Kollegiyanın qurumlarının işlərinə cəlb olunması, təcrübə keçmələrini qeyd etmiş, bundan başqa Rəyasət Heyətinin fəaliyyəti, Kollegiya tərəfindən təsis edilən Hüquqi Yardım və Tədris Mərkəzinin məqsədləri, bütün vəkilləri təlim-tədrisə cəlb edə bilmək üçün yaradılmış onlayn platforma, sonda qiymətləndirmə funksiyaları, probono, hüquqi yardımın həyata keçirilməsi qaydası, hazırlanan əsasnamələr, qaydalar, təlimatlar və s. bu kimi bir çox təcrübələri bölüşmüş və Kollegiyanın Şuraya hər zaman həm maddi, həm mənəvi, həm də təşkilati işlərdə dəstək göstərməyə hazır olduğunu ifadə etmişdir.
Daha sonra tədbir iştirakçılarının sual və təklifləri dinlənilmişdir. Vəkil və mediatorlar bu sahədə mövcud olan bir sıra problemləri hər iki qurumun rəhbərliyinin diqqətinə çatdırmışlar. İştirakçılar tərəfindən qaldırılan əsas məsələlər vətəndaşlar və vəkillər arasında maarifləndirmə işlərinin aparılması, təlim-tədrisin təşkili, təhsil ocaqları ilə əməkdaşlıq, mediasiya ilə bağlı metodik vəsaitin hazırlanması, mediasiya qurumlarının qeydiyyatı, ofis məsələləri, müraciətlərdəki bir çox məlumatların çatışmazlığı, elektron sistemlərə inteqrasiya, işlərin bölünməsi prinsipi, regionlarda mediatorların fəaliyyəti və s. istiqamətlərində olmuşdur.
Bütün iştirakçılara suallarını, iradlarını, təkliflərini səsləndirmələri üçün geniş vaxt ayrılmış, sonda A.Bağırov və N.Adilov tədbir iştirakçılarının bütüb suallarını cavablandırmışlar.
Sonda, həmçinin, bu tip görüşlərin üç aydan bir təşkil edilməsi və hər iki təşkilatın İxtisas və İntizam Komissiyalarının təcrübə mübadiləsi aparmaları ilə bağlı qərara gəlinmişdir. O cümlədən, qeyd etmək istərdik ki, tədbirdə ayrı-ayrı istiqamətlərlə bağlı qaldırılan məsələlər, söylənilən fikirlər və təkliflər ümumiləşdirilmiş və bu sahələrdə mərhələli şəkil görülən işlərin nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.