Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Avropa İttifaqının layihəsi üzrə əsas ekspertlə görüş keçirilib

28 sentyabr 2021    1430 share share

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda mübahisələrin alternativ həlli və ixtisaslaşmış məhkəmələrin inkişafına əlavə dəstək” layihəsi üzrə əsas ekspert Mark Seqal ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində (“Mərkəz”) bu gün ikitərəfli görüş keçirilmişdir.
 
İlk olaraq, “Mərkəz”in direktoru Şahmar Məmmədov qonaqları qarşılayaraq onları əsaslı təmir olunmuş inzibati bina ilə tanış etmiş və bildirmişdir ki, “Mərkəz” tam maddi-texniki baza ilə təchiz olunmuş, yüksək tələblərə cavab verən avadanlıqlar quraşdırılmış, konfrans zalında əhəmiyyətli tədbirlərin keçirilməsi üçün yüksək şərait yaradılmışdır. Daha sonra qeyd etmişdir ki, “Mərkəz”in əsas fəaliyyət istiqamətləri aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsindən, mövcud qanunvericiliyə əsasən vəkillərin dövlət hesabına hüquqi yardımın həyata keçirilməsinin təşkil edilməsindən, həmin işlər üzrə müəyyən edilmiş haqqın vəkilə ödənilməsi prosedurları üzrə sənədləşdirmə işlərinin aparılmasından, vəkillərin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədi ilə cari və davamlı tədrisin və habelə gənc hüquqşünasların təcrübi biliklərə yiyələnməsini təşkil edilməsindən ibarətdir.
 
Daha sonra, Mark Seqal Avropa İttifaqı tərəfindən həyata keçirilən sözügedən layihə barədə ətraflı məlumat vermiş, indiyə qədər görülən işləri vurğulamış və gələcəkdə planlaşdırılan təlim, tədris və digər layihələr barədə fikirlərini bölüşmüşdür. Həmçinin, bu ay keçirilmiş 2 təlim - İnzibati məhkəmələrdə pensiya və sosial müavinətlərə dair məhkəmə icraatı və Kommersiya məhkəmələrində müqavilə mübahisələri ilə bağlı təəssüratlarını bildirmiş, bununla yanaşı oktyabr ayı üçün planlaşdırılmış təlimlər ilə bağlı təşkilati məsələlər barədə qeydlərini səsləndirmişdir.
 
Bundan başqa, Vəkillər Kollegiyasının aparat rəhbəri Bayram Orucov son dönəmdə keçirilən təlimlər, onlara maraq və qatılanların aktivliyi, təlimlərdə keçirilən mövzuların iştirakçılar tərəfindən nə qədər mənimsənilməsi və ya praktikada istifadəsi ilə bağlı məlumatlar vermiş, təlimlərin proqramı ilə bağlı fikirlərini bildirmiş, bu ay keçirilmiş 2 təlim barədə zəruri qeydləri və təkmilləşdirilməsinə ehtiyac duyulan məsələləri səsləndirmiş, həmçinin layihənin davamı olaraq qarşıda keçiriləcək digər 2 təlim barədə təkliflərini söyləmişdir.
 
Eyni zamanda, Şahmar Məmmədov və Mərkəzin direktor müavini Gülşən Salmanova qarşıda keçirilməsi planlaşdırılan 2 təlim “Təlimçilərin təlimi” və “Qeyri-verbal kommunikasiya üzrə təlim”in formatı, keçirilmə qaydası və iştirakçıların maraq dairəsinə uyğun olaraq müəyyən qədər dəyişdirilməsi barədə öz fikirlərini bildirmişlər. O cümlədən, gələcəkdə digər təlimlərin təşkili üçün Mərkəzdə hər cür şəraitin mövcudluğunu qeyd etmiş və bu kimi digər təlimlərin regionlarda da təşkil edilməsinin vacibliyini vurğulamışlar.
 
Sonda səmərəli məlumat mübadiləsi davam etmiş və hər iki tərəf arasında prioritet əməkdaşlıq istiqamətləri geniş müzakirə olunmuşdur.