20.10.2021-ci il tarixində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmişdir. İclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat vermişdir.
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədin onlayn andiçmə mərasimi keçirilmişdir.
İclasda Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən göndərilmiş xüsusilə ağır cinayətin aşkar olunması, cinayətkarın ifşa olunması istiqamətində xüsusilə fəallıq göstərməklə hüquq müdafiə fəaliyyətini yüksək peşəkarlıqla icra etmiş, vəkil adına şərəf gətirən əsl nümunəvi davranış sərgiləyən, hər hansı şəxsi mənafe güdmədən cəmiyyətimizin və dövlətimizin maraqları naminə prinsipial və cəsarətli xanım vəkillərimiz barəsində müraciətə baxılmış və dəyərli həmkarlarımız Sevda Məhərrəmovanın və Rövşanə Rəhimlinin fəxri fərmanla təltif edilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Qeyd olunmalıdır ki, vəkilliyimizin şanlı tarixində ilk dəfə olaraq Baş Prokurorluqdan vəkillərin təltif olunması ilə bağlı bu cür müraciət daxil olmuşdur.
Həmçinin iclasda, vəkillərin başqa vəkil qurumuna keçmək, dövlət qulluqlarına qəbul olunma ilə əlaqəli bəzi vəkillərin fəaliyyətinin dayandırılması, üzvlük haqqından azad olunma ilə bağlı məsələlərə baxılmış və müsbət qərarlar qəbul edilmişdir.
İclasda eyni zamanda, səhhəti ilə bağlı köməklik olunmasına dair Kollegiyaya müraciət etmiş vəkilə maddi yardım göstərilməsi barədə müsbət qərar verilmişdir.
Bundan başqa, iclas çərçivəsində Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlər müzakirə edilmişdir.