Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Şəki regional vəkil bürosunun açılışı keçirilmişdir

27 noyabr 2021    3463 share share

 
Ölkəmizdə vəkilliyin inkişafına mühüm töhfə vermiş “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardıma tələbatını və əlçatımlılığını təmin etmək məqsədilə Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində regional vəkil qurumlarının yaradılması barədə tapşırıq verilmişdir.
 
Sərəncamın icrası ilə bağlı Sumqayıt, Gəncə, Şirvan və Şəki regional vəkil büroları üçün qeyri-yaşayış sahələri verilmiş, Lənkəran şəhərində isə müvafiq binanın tikintisi üçün torpaq sahəsi ayrılmışdır.
 
Hazırda Gəncə şəhərində ayrılmış binanın təmiri, Lənkəran şəhərində isə torpaq sahəsində müvafiq binanın tikintisinin başlanılması məqsədilə hazırlıq işləri aparılır, digər şəhərlərdə ayrılmış binalar isə tam istifadəyə verilmişdir. 
 
Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 139 A ünvanda yerləşən Şəki regional vəkil bürosunun hazırkı qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə əvəzsiz olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının istifadəsinə verilmişdir.
 
Qeyd olunmalıdır ki, əvvəllər fəaliyyət göstərmiş Şəki rayon vəkil bürosunun binası olmadığından vəkillər ayrı-ayrı yerlədə özlərinin icarəyə götürdüyü qeyri-yaşayış sahələrində fəaliyyət göstəriridilər.
 
Sərəncama əsasən ayrılmış sözügedən qeyri-yaşayış sahəsi Kollegiyanın Rəyasət Heyəti tərəfindən vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir tələblərə uyğun olaraq yüksək keyfiyyətdə təmir edilmiş, lazımi mebel və avadanlıqlarla təchiz olunmuş, ətrafında abadlıq işləri görülmüşdür.
 
Eyni zamanda Şəki regional vəkil bürosu təsis edilərək 2020-ci ilin fevral ayında qeyri-yaşayış sahəsi vəkillərin istifadəsinə verilmişdir. Sonradan ölkəmizdə “Koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunduğundan büronun rəsmi açılışını etmək imkan xaricində olmuşdur.
 
Hazırda Şəki regional vəkil bürosu regional əhəmiyyət daşımaqla Şəki Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan 14 rayonda yerləşən 10 vəkil bürosunda fəaliyyət göstərən 47 vəkil və 19 fərdi vəkil (ümumilikdə 66 vəkil) üzrə əlaqələndirici funksiya daşıyır.
 
Mövcud karantin qaydalarına ciddi riayət olunmaqla 26 noyabr 2021-ci il tarixdə Şəki regional vəkil bürosunun təntənəli açılışı keçirilmişdir. Açılışda Vəkillər Kollegiyasının rəhbərliyi, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev, Ədliyyə Nazirliyi Şəki Regional İdarəsinin rəisi Abdulla Yusifov, Şəki rayon Prokuroru Mehman Xankişiyev və digər şəxslər iştirak etmişdirlər.
 
Açılış lentini Kollegiyanın sədri Anar Bağırov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov kəsmişdir. Daha sonra Büro müdiri Xəyal İbrahimov görülmüş işlər barədə məlumat vermiş, büroda vəkillərin fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradıldığını, konfidensial görüş otağının ayrıldığını, o cümlədən büronun müasir kompüter və digər avadanlıqlarla təchiz olunduğunu bildirmişdir.
 
Açılış mərasimindən sonra Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazilərdə fəaliyyət göstərən vəkillərin iştirakı ilə Şəki şəhərində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilmişdir.
 
Sonra Vəkillər Kolleiyasının rəhbərliyi, Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev və Ədliyyə Nazirliyi Şəki Regional İdarəsinin rəisi Abdulla Yusifovun iştirakı ilə Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına, həmçinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid bir neçə rayon və şəhərlərdə fəaliyyət göstərən vəkillərin iştirakı ilə Şəki Məhkəmə Kompleksinin inzibati binasında geniş regional müşavirə keçirilmişdir.  
 
28 dekabr - “Vəkil günü” peşə bayramı ərəfəsinə təsadüf edən müşavirədə ölkəmizin müasir məhkəmə hüquq-sisteminin banisi ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən Azərbaycan vəkilliyinə göstərilən diqqət və qayğı, vəkilliyi inkişafı ilə bağlı görülmüş işlər, qarşıdan duran vəzifələr, məhkəmə və hüquq mühafizə orqanları ilə qarşılıqlı münasibətlər və s. məsələlərlə bağlı fikirlər bildirilmiş, gələcək prespektivlər ətrafında müzakirələr aparılmışdır.
 
Müşavirəni giriş sözü ilə açan sədr Anar Bağırov cənab Prezidentin 2018-ci ilin fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam ölkəmizdə vəkillik fəaliyyətinin inkişafına mühüm təkan verdiyini söyləmişdir. Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn hakimlər, prosesin digər iştirakçıları və vəkillər arasında qeyri-prosessual münasibətlərin qarşısının alınması sahəsində görülən işlər və gələcəkdə bu sahədə planlaşdırılan ciddi tədbirləri konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. O, həmçinin sözügedən fərmandan irəli gələn vətəndaşların keyfiyyətli hüquqi yardıma çatımlılıq və bu sahədə vətəndaş məmnunluğu üçün görüləcək işlər barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.
 
Anar Bağırov çıxışında həmçinin son dövrlərdə qanunvericiliyə edilən dəyişikliklər, elektron məhkəmə sisteminə keçidlə bağlı görülən işlər, eyni zamanda vəkilliyin rəqəmsallaşması barədə məsələlərə toxunmuş bu sahədə görülən və görüləcək işləri konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
 
Sonra çıxış edən Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev çıxış edərək son zamanlar məhkəmələrdə görülən işlər, ədalət mühakiməsində vəkillərin rolu, vəkil və hakim münasibətləri barədə məlumat vermişdir. Daha sonra çıxış edən Ədliyyə Nazirliyi Şəki Regional İdarəsinin rəisi Abdulla Yusifov regionlarda yerləşən ədliyyə orqanlarında görülən işlər, aparılan islahatlar və bu sahədə  vəkilərin rolu barədə çıxış etmişdir. Nuru Quliyev və Abdulla Yusifov ölkədə vəkilliyin inkişafını yüksək qiymətləndirmişlər.
 
Müşavirədə Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov vəkillərin etik davranış qaydaları, onların peşə hazırlığının artırılması və dövlət hesabına hüquqi yardımla bağlı təqdimatla çıxış etmişdir. Təqdimatda vəkillərin fəaliyyətlərində yol verdikləri nöqsanlar və bunların qarşısınən alınması, vəkillərin davamlı tədrisi, bu tədrisin elektron qaydada aparılması və bundan başqa dövlət hesabına hüquqi yardımla bağlı görülmüş işlər, o cümlədən bu sahədə işlərdə müasir İKT-nin tətbiqi, cari və növbəti il üçün mərkəzləşdirilmiş uçot və proqnozlaşdırma barədə ətraflı məlumat vermişdir.
 
Sonda vəkilləri maraqlandıran suallara cavab verilmiş və həmçinin ötən müddətdə faliyyətlərində fəqrlənmiş vəkillərə müvafiq təltiflər təqdim olunmuşdur.