25-27 noyabr tarixlərində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavinləri Aydın Axundov və Pərviz Ələkbərov, Rəyasət Heyətinin üzvü Fariz Məmmədov, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov Şəki Apellyasiya Məhkəməsini yurisdiksiyasına daxil olan bəzi ərazilərdə regional səfərdə olmuşlar.
Səfər çərçivəsində Kollegiya rəhbərliyi Zaqatala, Mingəçevir, Yevlax vəkil bürolarını ziyarət etmişdir. Görüş zamanı Zaqatala, Qax, Balakən, Mingəçevir, Yevlax ərazilərində fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclaslar keçirilmiş, Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problem və təkliflərini dinləmişdir.
Həmçinin səfər çərçivəsində Göyçay Vəkil Bürosunun yeni ofisinin açılışı keçirilmişdir. Açılış zamanı büronun müdiri Mətanət Həsənova görülmüş işlər barədə məlumat vermiş, büroda vəkillərin fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradıldığını, büronun müasir kompüter və digər avadanlıqlarla təchiz olunduğunu bildirmişdir.
A.Bağırov öz növbəsində büroda aparılmış təmir işlərini yüksək qiymətləndirmiş və vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini, bu məsələnin Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamında da öz əksini tapdığını bildirmiş, Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər barəsində məlumat vermişdir.
Sonra büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilmiş, onların problem və təkliflri dinlənilmiş, vəkilləri maraqlandıran suallar cavablandırılmışdır.