"Bu gün ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasında vəkillik institutunun çox böyük rolu var".
Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun rəsmi açılış mərasimində çıxış edərkən deyib.
O son illər Vəkillər Kollegiyasının əldə etdiyi uğurlardan danışıb: "Vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşın hüquqi yardıma ehtiyacı olur. Vəkillər Kollegiyası keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün çox böyük işlər görüb. Bu gün cəmiyyətdə vəkillərə münasibət müsbət mənada dəyişib, vəkilliyin nüfuzu artıb. Bütün bunlar sevindirici haldır".
Ə.Ağazadə vətəndaşlara göstərilən pulsuz hüquqi yardıma görə vəkillərə təşəkkür edib: "Millət vəkili, qanunverici orqanın təmsilçisi kimi deyə bilərəm ki, seçicilərimiz arasında hüquqi yardıma çox böyük tələb var, lakin bəzi hallarda onların buna maddi imkanları olmur. Vəkillər Kollegiyasının rəhbərliyinə, vəkillərə təşəkkür edirəm ki, hər zaman bizim çağırışlarımıza cavab verirlər və vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsində bizə kömək edirlər. Arzu edirəm ki, vəkillik hər zaman cəmiyyətimizdə aparıcı qurumlardan olsun".