Vəkil deyir ki, enerji sistemində və ya enerji təchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində, yaxud aşağı keyfiyyətli elektrik enerjisinin təsirindən istehlakçıya ziyan dəyibsə, enerji təchizatı müəssisəsi Mülki Məcəlləyə uyğun olaraq, istehlakçı qarşısında maddi məsuliyyət daşıyır.
Ölkəmizi fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və abonentlərə yüksək səviyyəli xidmət göstərmək "Azərişıq” ASC-nin əsas missiyasıdır. Bu missiyanın uğurla həyata keçirilməsi üçün son illərdə genişmiqyaslı yenidənqurma və təmir işləri görülüb. Paytaxt Bakıda, eləcə də regionlarda istismar müddəti bitmiş, sıradan çıxmış avadanlıqlar texniki baxımdan daha müasir, güclü və keyfiyyətliləri ilə əvəz olunub. Əlavə olaraq yeni yarımstansiyalar tikilib, komplekt transformator məntəqələri quraşdırılıb. Yeni kabel xətləri çəkilməklə yanaşı, sıradan çıxmış kabel xətləri də yeniləri ilə əvəz edilib. Bu proses, fəaliyyət planına uyğun olaraq davamlı xarakter daşıyır.
Vətəndaşa vurulan ziyan
Təəssüf ki, bəzən Bakı şəhərində, eləcə də rayonlarda hər hansısəbəblərdən elektrik enerjisi təminatında müəyyən fasilələr yaranır. Xüsusən də yay və qış aylarında gün ərzində elektrik enerjisi bir neçə dəfə, özü də heç bir xəbərdarlıq edilmədən kəsilir. Aidiyyəti qurumlar bunu texniki problem, qəza, yüksək gərginlik, yüklənmə və sairlə əlaqələndirirlər. Elektrik enerjisi verilməsinin gün ərzində bir neçə dəfə kəsilməsi mənzillərdə bəzi məişət avadanlıqlarının, o cümlədən televizorun, soyuducunun, kombinin, kompüterin, paltaryuyanın, qabyuyanın sıradan çıxmasına səbəb ola bilər. Nəticə etibarilə vətəndaşa maddi ziyan dəyər.
Söz verdilər, amma əməl etmədilər
Belə olan halda vətəndaş nə etməlidir? Zərərçəkən ona dəymiş ziyanın qarşılanması üçün hansı addım atmalıdır? Qanunvericilik vətəndaşa hansı hüquqları verir? Elektrik enerjisi təminatı ilə məşğul olan qurumun bu situasiyada məsuliyyəti nədən ibarətdir? "Azərişıq”la abonent arasında bu kimi məsələləri əvvəlcədən tənzimləyən hər hansı müqavilə imzalanırmı? Tərəflərin qarşılıqlı olaraq üzərilərinə götürdüyü öhdəliklər nədən ibarətdir? Bu kimi suallara aydınlıq gətirmək üçün ilk növbədə "Azərişıq” ASC-yə sorğu göndərdik. Lakin həftələr, aylar ərzində sorğumuza hər hansı cavab verilmədi. Qurumun mətbuat və ictimaiyyətlə əlaqələrinə məsul şəxslər bizə səbirli olmağı tövsiyə etdilər, sorğunun qısa zamanda cavablandırılacağına söz verdilər amma verdikləri vədə əməl etmədilər.
İstehlakçı qarşısında maddi məsuliyyət
Mövzuya uyğun olaraq hüquqşünasın mövqeyini öyrənmək, vətəndaşları maarifləndirmək qərarına gəldik. Azərbaycan Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev "Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, "Elektrik enerjisindən istifadə” Qaydalarına görə, ehtiyat qida mənbəyi olmadıqda, plan üzrə təmir işlərinin aparılması və yeni elektrik qurğularının qoşulması üçün istehlakçının elektrik şəbəkəsindən açılmasının sayı və müddəti enerjitəchizatı müəssisəsi ilə istehlakçı arasındakı elektrik enerjisinin alğı-satqı müqaviləsi ilə müəyyənləşdirilir. Vəkil dedi ki, bu məqsədlər naminə elektrik enerjisi verilişində fasilələrin dəqiq tarixini (sutkanı və saatını) razılaşdırmaq üçün enerjitəchizatı müəssisəsi üç sutka əvvəl istehlakçını nəzərdə tutulmuş açılma haqqında xəbərdar etməlidir: "Enerjisistemində və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində və ya aşağı keyfiyyətli elektrik enerjisinin təsirindən istehlakçıya ziyan dəyibsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və sair), enerjitəchizatı müəssisəsi Mülki Məcəlləyə uyğun olaraq, istehlakçı qarşısında maddi məsuliyyət daşıyır”.
Kənar şəxslərin düzgün olmayan hərəkətləri
R.Əliyev söylədi ki, enerji təchizatı müəssisəsi bir sıra hallarda dəymiş ziyana görə istehlakçı qarşısında maddi məsuliyyət daşımır: ""Elektrik enerjisindən istifadə” Qaydalarına görə, fors-major hadisə baş verdikdə, kənar şəxslərin düzgün olmayan hərəkətləri nəticəsində baş vermiş qəzalarla əlaqədar vətəndaşa dəymiş ziyan qarşılanmır. Kənar şəxslərin düzgün olmayan hərəkətləri dedikdə, səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik veriliş xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və ya kabel elektrik veriliş xətlərinin mexaniki zədələnməsi kimi hallar nəzərdə tutulur. Bundan başqa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada istehlakçıya elektrik enerjisi verilişinin dayandırılması və məhdudlaşdırılması şərtləri ilə əlaqədar da vətəndaşa dəyən ziyan enerji təchizatı müəssisəsi tərəfindən ödənilmir. Həmçinin istehlakçı elektrik enerjisinin alğı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə sərf etdiyi elektrik enerjisinin haqqını ödəmədikdə, enerji təchizatı müəssisəsi şəbəkəsində və ya enerjisistemində baş vermiş qəza nəticəsində istehlakçıya dəymiş ziyana görə onun qarşısında maddi məsuliyyət daşımır”.
İstehlakçının məhkəməyə müraciət etmək hüququ
Vəkil qeyd etdi ki, enerjitəchizatı müəssisəsi dəymiş ziyan haqqında istehlakçıdan daxil olmuş müraciətə on gündən gec olmayaraq baxmalı və istehlakçıya ödəniş etməlidir. Onun sözlərinə görə, bununla bağlı tərəflər arasında hər hansı mübahisə yaranarsa, istehlakçının məhkəməyə müraciət etmək hüququ var.
Mənbə: www.kaspi.az