Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Deputat: Azərbaycanda vəkilliyin nüfuzunun artırılması istiqamətində əhəmiyyətli addımlar atılır

26 dekabr 2021    1279 share share

"Bu sərgini təşkil etməklə Vəkillər Kollegiyası Azərbaycan hüquq tarixi üçün çox böyük iş görüb".
 
Millət vəkili, Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc “Dünya Vəkil Cübbələri və Atributları” sərgisi ilə bağlı danışarkən deyib.
 
O, vəkillərin peşə bayramı ərəfəsində belə bir sərginin baş tutmasını əhəmiyyətli hadisə kimi qiymətləndirib: "Sərgi həqiqətən də çox xoş təəssürat yaradır. Burada müxtəlif ölkələrin vəkil, hakim cübbələri və atributları, bundan başqa vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əskinasları nümayiş olunur. Belə bir arxivin yaradılması təqdirəlayiqdir. Bu təkcə vəkillərin xüsusi geyim formalarının nümayişi deyil, bu həm də bir tarixdir. Mən çox istərdim ki, hər kəs gəlib bu sərgi ilə tanış olsun, Azərbaycan vəkilliyinin tarixi barədə məlumat alsın".
 
Z.Oruc son illərdə Azərbaycanda vəkilliyin nüfuzunun nəzərəçarpacaq dərəcədə artdığını deyib: "Anar Bağırovun timsalında bu sahədə həqiqətən də böyük dəyişikliklər var. İlk növbədə son 3 ildə ölkəmizdə vəkillərin sayının artmasını xüsusi olaraq qeyd etmək istərdim. Artıq paytaxtla yanaşı, bölgələrdə də vətəndaşlarımıza hüquqi yardım göstərilməsi ilə bağlı xeyli irəliləyiş əldə olunub. Bundan başqa, qanunvericilik sahəsində dəyişikliklər də vəkilliyin nüfuzunun artmasına müsbət təsir göstərir. Bu gün vəkilliyə qəbul prosesi şəffaf qaydada həyata keçirilir.
 
Ümumiyyətlə, vəkilliyin nüfuzunun artırılması istiqamətində əhəmiyyətli addımlar atılır. Hesab edirəm ki, bu proses davamlı olacaq. Parlament olaraq, İnsan Hüquqları komitəsi olaraq biz Vəkillər Kollegiyasının yanındayıq. Düşünürəm ki, vətəndaşlarımız da bu nüfuzlu təsisatdan maksimum faydalana bilsə, Azərbaycan cəmiyyətinin xeyrinə olar".