Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkilliyin yükünü daşıyanlar

27 dekabr 2021    2588 share share

AXC qurucularının da bir çoxu Azərbaycanın ilk vəkilləri olub…

Bu il Azərbaycanda vəkilliyin yaranmasının 102, vəkilliyə müstəqillik bəxş edən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun qəbulunun 22, Vəkillər Kollegiyasının təsis edilməsinin isə 17 illiyi tamam olur.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə vəkilliyi müstəqil və özünü idarə edən təsisat kimi tanıyan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 28 dekabr 1999-cu ildə qəbul edildi. Həmin vaxtdan 28 dekabr ölkəmizdə Vəkillər Günü kimi qeyd edilir.

Tanınmış vəkil, Xəzər Universiteti Hüquq Departamentinin baş müəllimi Akif Əlizadə vəkilliyimizin yaranma tarixi, inkişafı, bu günü ilə bağlı maraqlı yazı ilə çıxış edib.

Tarixi əhəmiyyətli yazı ilk dəfə müəyyən ixtisarla vəkillik institutunun yaranmasının 100 illiyi ərəfəsində “Azərbaycan vəkilliyi” jurnalının yubiley nömrəsində dərc edilib. Musavat.com həmin məqalənin yenilənmiş və tam mətnini geniş oxucu kütləsinə təqdim edir:

***

Azərbaycan Rusiya İmperiyasının tərkibində

Azərbaycan vəkilliyinin inkişafı bir neçə tarixi mərhələdən keçib.10 fevral 1828-ci ildə Rusiya Imperiyası ilə Qacar (Məmləkəti Məhrusi Qacar) İmperiyası arasında bağlanan Türkmənçay müqaviləsi Azərbaycan adlı məmləkətin şimal və cənub hissələrə bölünməsinin təsdiqi və sonu oldu. Bu müqavilədən sonra Araz çayı sərhəd olmaqla Azərbaycanın şimal ərazisi Rusiya İmperiyasının, cənubu isə həmin dövrdə Qacar İmperiyası, 20-ci əsrin əvvəllərindən isə İran adlanan dövlətin idarəçiliyinə keçdi.
 


 

Azərbaycanın şimal hissəsinin işğalından 30-40 il sonra, 19-cu əsrin ikinci yarısı Rusiya imperiyası əhəmiyyətli islahatlarla yadda qaldı. 1861-ci ildə təhkimçiliyin ləğvindən sonra imperiyada ciddi məhkəmə islahatı aparılmağa başlandı və bütün çarlıq ərazisini əhatə edən 20 noyabr 1864-cü il tarixli Məhkəmə Nizamnaməsi qəbul edildi.

1864-cü il Məhkəmə Nizamnaməsinə uyğun olaraq imperiya ərazisində yeni vəkillik institutu yarandı. Nizamnaməyə görə vəkillik 2 hissədən ibarət idi: ali kateqoriyalı vəkillər – andlı müvəkkillər, aşağı kateqoriyalı vəkillər – şəxsi müvəkkillər adlanırdı. Andlı müvəkkilləri yerli özünüidarə orqanı seçir və onların fəaliyyətinə nəzarət edirdi. Andlı müvəkkillər ali hüquq təhsilli, 5 il hüquq ixtisasına malik, yaşı 25-dən az olmayan və məhkum olmamış şəxslər seçilə bilərdi. Şəxsi müvəkkillərin isə ali hüquq təhsili olmaya da bilərdi, onlar məhkəmədə imtahan verərək yalnız qeydiyyatdan keçdikləri məhkəmədə az əhəmiyyətli işlərlə məşğul ola bilərdi.

A picture containing text, receiptDescription automatically generated
 

1864-cü il Məhkəmə Nizamnaməsinə uyğun aparılan məhkəmə islahatı xüsusi qərarla 22 noyabr 1866-cı ildən Cənubi Qafqaza (Azərbaycana) da şamil olundu. Azərbaycan əyalətlərində (Bakı və Yelizavetpol quberniyaları) məhkəmə idarələri bir sıra məhdudiyytələrlə 1868-1869-cu illərdən fəaliyyət göstərməyə başladı. O vaxta qədər isə əyalətlərdə dünyəvi məhkəmələrin və bu məhkəmələrdə fəaliyyət göstərən vəkillik təsisatının olması haqda səhih məlumat vardır. Xanlıqlar dövründə yerlərdə şəriət məhkəmələri (qazilər) və onların yanında fəaliyyət göstərən mirzələr olub. Şəriət məhkəməsi və mirzəlik bizim indiki məhkəmə və vəkillik təsisatımıza bənzəsə də, bir az dünyəvi, bir az da dini olmaqla islam qaydaları və adət-ənənələri ilə fəaliyyət göstərib. Hərçənd ki, Rusiya İmperiyası 10 aprel 1840-cı il inzibati-məhkəmə islahatı ilə Cənubi Qafqazın (əsasən Azərbaycanın) məhkəmə sistemində ciddi dəyişiklik edilməsini – şəriət məhkəmələrinin ləğv edilməsini nəzərdə tutsa da, islahat sona çatdırılmamış, dünyəvi məhkəmə və vəkillik institutu 1864-cü il Məhkəmə Nizamnaməsinin qəbulundan sonra təşəkkül tapmışdır.

1864-cü il məhkəmə Nizamnaməsinin Azərbaycanda tətbiqindən sonra bir neçə azərbaycanlı gənc Rusiya İmperiyasının Moskva, Peterburq, Odessa, Kiyev və Xarkov Universitetlərinin hüquq fakultəsinə daxil olmuş, təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq məhkəmə-vəkillik fəaliyyəti ilə məşgul olmuş, Məhkəmə Nizamnaməsinin Azərbaycanda gerçəkdən reallaşmasına və mənsub olduqları xalqın hüquq və azadlıqlarının müdafiə edilməsinə çalışmışlar.

Azərbaycan vəkilliyinin baniləri: 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində vəkil olan tanınmış şəxslər


A person sitting in a chairDescription automatically generated
 

Azərbaycan vəkilliyinin banisi (və ya banilərindən birincisi) - 1863-cü il mayın 4-də Tiflis şəhərində anadan olmuş Əlimərdan bəy Topçubaşov ilk təhsilini Tiflisdə müsəlman mədrəsəsində almış, daha sonra Tiflis Birinci Klassik gimnaziyasında təhsilini ugurla başa vuraraq Peterburq Universitetinin tarix-filologiya fakultəsinə daxil olmuşdu. Topçubaşov birinci semestrdən sonra həmin universitetin hüquq fakultəsində təhsilini davam etdirmiş,1888-ci ildə hüquq fakultəsini fərqlənmə diplomu ilə bitirərək həmin il də dissertasiya müdafiə edib hüquq elmləri namizədi elmi dərəcəsini almışdı. Universitetin hüquq fakultəsinin Elmi Şurası Topçubaşovun mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi almaq üçün hazırlanması haqqında qərar qəbul etmişdi. Lakin bu qərar o halda qüvvədə ola bilərdi ki, Topçubaşov provaslavlığı qəbul etsin. Ə.Topçubaşov provaslavlığı qəbul etməkdən imtina etdiyindən ona təhsil aldığı Universitetdə qalaraq elmi fəaliyyətini davam etdirməyə və dərs deməyə icazə verilməmişdi. Bundan sonra o, anadan olduğu Tiflis şəhərinə qayıtmış, Tiflis Dairə Məhkəməsində əvvəlcə katib, daha sonra isə müstəntiq və hakim işləmişdir.

Ə.Topçubaşov 1893-cü ildə böyük mütəfəkkir Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə quraraq Bakı şəhərinə köçmüşdür. Ə.Topşubaçov 1896-cı ildən Bakı Dairə Məhkəməsində andlı müvəkkil statusunda vəkillik fəaliyyətinə başlamış və tez bir zamanda tanınmış, nüfuzlu və ilk peşəkar azərbaycanlı vəkil olmuşdur. Məhz buna görə də Azərbaycan vəkilliyinin başlanğıcı Əlimərdan bəy Topçubaşovun adı ilə bağlıdır.

Ə.Topçubaşov Bakıda peşəkar vəkilliklə yanaşı ictimai-siyasi sahədə də fəaliyyət göstərmiş, 1897-ci ildə Bakı şəhər Duması seçkilərində uğur qazanan ilk 3 müsəlman ziyalıdan biri olmuşdur. Bundan başqa o, 1898-ci ildən o dövrün ən populyar nəşri olan “Kaspi” qəzetində baş redaktorluq etməyə başlamış, bu nəşrdəki məqalələri ilə müsəlmanların (azərbaycanlıların) azadlıq və dirçəliş yoluna işıq salmışdır.

Ə.Topçubaşov 1902-ci ildə Bakı şəhər Dumasının (Özünü idarə edən orqanın) sədri seçilmişdi. 20-ci əsrin əvvəllərində bütün çar Rusiyasında görkəmli siyası xadim kimi tanınan Topçubaşov 1905-ci ildə Rusiya 1-ci Dövlət Dumasının üzvü seçilərək müstəmləkədən azad olmaq mübarizəsində mənsub olduğu xalqının önündə getmiş və bu yol onu müstəqil Azərbaycan Xalq Cumhuriyyətinin əsas qurucularından birinə çevirmişdi.

Ə.Topçubaşov Azərbaycan Xalq Cumhuriyyəti (AXC) dövründə (1918-1920) Parlamentin sədri olmuşdur. AXC-nin süqutundan sonra Ə.Topçubaçov Fransada qalmağa məcbur olmuş və 08 noyabr 1934-cü ildə Parisdə vəfat etmişdir.

A person with a mustacheDescription automatically generated with medium confidence

1875-ci il noyabrın 25-də Şəki şəhərində anadan olan Fətəli xan Xoyski 1897-ci ildə Moskva Universitetinin hüquq fakultəsini bitirmiş, həmin ildən Gəncə (Yelizavetpol) Dairə Məhkəməsi yanında kiçik məhkəmə məmuru təyin edilmişdir. 1907-ci ildən qısa müddətdə F.Xoyski Kutaisidə və Suxumidə də məhkəmə sistemində çalışmış, daha sonra Bakı Dairə Məhkəməsində andlı müvəkkil statusunda vəkillik etmişdir.

F.Xoyski vəkillik fəaliyyəti ilə yanaşı siyasi fəaliyyətlə də məşğul olmuş, 1907-ci ildə Gəncə (Yelizavetpol) quberniyasından Rusiya 2-ci Dövlət Dumasının üzvü seçilmişdir. F.Xoyski də Azərbaycan Xalq Cumhuriyyətinin əsas qurucularından biri olmuşdu. O, AXC dövründə hökumət başçısı, daxili işlər və xarici işlər naziri vəzifələrini tutmuşdu. AXC-nin süqutundan sonra F.Xoyski Tiflisə köçmüş, 19 iyun 1920-ci ilə orada bolşevik-erməni daşnak qüvvələri tərəfindən qətlə yetirlmişdir.


A person with a mustacheDescription automatically generated with medium confidence

1867-ci il avqustun 15-də Gəncə şəhərində (Yelizavetpol quberniyası) anadan olmuş İsmayıl xan Ziyadxanov Moskva Universitetinin hüquq fakultəsini bitirərək əvvəlcə Tiflis Dairə Məhkəməsində prokuror müavini, 20-ci əsrin əvvəllərindən isə Gəncə və Bakı Dairə Məhkəmələrində andlı müvəkkil statusunda vəkillik etmişdir.

İsmayıl xan ZiyadxanovAzərbaycan milli istiqlal hərəkatının ən fəal üzvlərindən biri olaraq Xalq Cumhuriyyətinin əsas qurucularından olmuşdu. O, AXC dövründə hərbi müvəkkil və Xarici İşlər Nazirinin birinci müavini olmuş, Cumhuriyyətin süqutundan az sonra, 05 may 1920-ci ildə işğalçı Qızıl Ordunun hərbi səhra məhkəməsi tərəfindən güllələnmişdir.

A person with a mustacheDescription automatically generated with medium confidence

1870-ci il Gəncə şəhərində (Yelizavetpol quberniyası) anadan olmuş Xəlil bəy Xasməmmədov 1895-ci ildə Moskva Universitetinin hüquq fakultəsini bitirərək əvvəlcə Yekatirinodar Dairə Məhkəməsində müstəntiq, 20-ci əsrin əvvəllərindən isə Gəncə və Bakı Dairə Məhkəmələrində andlı müvəkkil statusunda vəkillik fəaliyyəti ilə məşğul olmuşdur.

Xəlil bəy Xasməmmədov nüfuzlu vəkil olmaqla yanaşı görkəmli dövlət xadimi kimi də tanınmış, digər həmkarları ilə birgə Azərbaycan milli istiqlal hərəkatının öncüllərindən olmuşdur. O, 1907-ci ildə Rusiya 2-ci Dövlət Dumasının üzvü seçilmiş, 1913-1918-ci illərdə isə Gəncə (Yelizavetpol) şəhər Bələdiyyəsinin rəisi olmuşdur.

Azərbaycan Xalq Cumhuriyyətinin əsas qurucularından biri kimi X.Xasməmmədov milli hökumətdə Ədliyyə Naziri və Daxili İşlər Naziri vəzifələrini tutub. 1920-ci ilin aprel ayında Xasməmmədov Türkiyə Cumhuriyyətinə səfir təyin edilmiş, işğaldan sonra İstanbulda yaşamış və bütün həyatını Azərbaycan istiqlaliyyətinin bərpa edilməsinə həsr etmiş, 1945-ci ildə İstanbulda vəfat etmişdir.


A person with a beardDescription automatically generated with low confidence

Fətəli xan Xoyskinin kiçik qardaşı - 1888-ci il noyabrın 5-də ildə Şəki şəhərində anadan olan Rüstəm xan Xoyski 1913-cü ildə Peterburq Universitetinin hüquq fakultəsini bitirmiş, Gəncə və Bakı Dairə Məhkəmələrində andlı müvəkkil statusunda vəkillik etmişdir.

R.X.Xoyski Rusiyadakı 1917-ci il fevral burjua inqilabından sonra siyasi fəaliyyətlə də məşğul olaraq Azərbaycan Xalq Cumhuriyyətin qurucularından olmuş, yeni formalaşan milli hökumətdə müxtəlif rəhbər vəzifələrdə işləmişdir. AXC-nin süqutundan sonra R.X.Xoyski həbs edilərək sürgünə göndərilmiş, bir neçə illik sürgün həyatından sonra Moskvaya getmiş və 1939-cu ildə orada vəfat etmişdir.

A person with a mustacheDescription automatically generated with medium confidence

1880-cı il martın 12-də Naxçıvanın Şahtaxtlı kəndində anadan olan Həmid bəy Şahtaxtinski 1912-ci ildə Odessa Universitetinin hüquq fakultəsini bitirmiş, həmin ildən Gəncə (Yelizavetpol) Dairə Məhkəməsində iki il andlı müvəkkilin köməkçisi, sonra Bakı Dairə Məhkəməsində andlı müvəkkil kimi fəaliyyətini davam etdirmişdir.

Həmid bəy Şahtaxtinski də digər həmkarları kimi AXC-nin qurucularından olmuş, milli hökumətdə müxtəlif vəzifələr tutmuşdu. Cumhuriyyətin süqutundan sonra Həmid bəy Şahtaxtinski Bakıda qalaraq müxtəlif vəzifələrdə işləmiş, 1941-ci ildə həbs edilərək Rusiyanın Arxangelsk şəhərindəki həbsxanaya göndərilmiş və 1943-cü ildə orada vəfat etmişdir.

A picture containing text, person, person, posingDescription automatically generated

1881-cı il sentyabrın 30-da Gəncə qəzasının Səfikürd kəndində anadan olan Aslan bəy Səfikürdski 1901-ci ildə Xarkov Universitetinin hüquq fakultəsinə daxil olmuş, 1902-ci ildə öz xahişi ilə Peterburq Universitetinə köçürülmüş, 1907-ci ildə hüquq fakultəsini bitirdikdən sonra Gənşə şəhərinə qayıtmışdır. O, 1907-1911-ci illərdə Gəncə Dairə Məhkəməsində andlı müvəkkil köməkçisi, 1911-1917-ci illərdə isə andlı müvəkkil statusunda vəkillik fəaliyyəti ilə məşğul olmuşdur.

Aslan bəy Səfikürdski də digər həmkarları kimi yaşadığı dövrün nəinki tanınmış vəkili, həm də görkəmli siyası xadimi, Azərbaycan milli istiqlal hərəkatının ən fəal üzvü və öncüllərindən olmuşdur. Azərbaycan Xalq Cumhuriyyətinin əsas qurucularından və liderlərindən biri olan Səfikürdski milli hökümətdə əmək, ədliyyə, poct və teleqraf naziri vəzifələrini tutmuşdu. AXC-nin süqutundan sonra A.Səfikürdski həbs edilərək cəzaya məhkum edilmiş, 1925-ci ildə cəza müddəti bitdiyindən Bakıya qayıdaraq burada yaşamış, cəza müddətində aldığı məhrumiyyətlər üzündən ağır xəstəliyə tutulmuş və 1937-ci ildə vəfat etmişdir.

A person with a mustacheDescription automatically generated with medium confidence

1889-cu ildə Şuşa şəhərində (Yelizavetpol quberniyası) anadan olmuş Nəriman bəy Nərimanbəyli 1915-ci ildə Xarkov Universitetinin hüquq fakultəsini bitirərək İrəvan şəhərində andlı müvəkkil statusunda vəkillk fəaliyyəti ilə məşğul olmuşdur. N.Nərimanbəyli də Azərbaycan milli istiqlal hərəkatının ən fəal üzvlərindən biri kimi Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasında yaxından iştirak etmiş, milli hökumətdə dövlət müfəttişi vəzifəsini tutmuşdur. Aprel işğalından sonra N.Nərimanbəyli Bakı şəhərində vəkil işləmiş, 1937-ci ildə represiyaya məruz qalmışdır.

A person with a mustacheDescription automatically generated with medium confidence

1880-cı il matrın 28-də Salyanda nüfuzlu ruhani, sonralar (1894-cü ildən) Qafqaz Müsəlmanları İdarəsinin rəisi - şeyxülislam olmuş Əbdüssalam Axundzadənin ailəsində doğulmuş Rəşid bəy Axundzadə 1912-ci ildə Kiyev Universitetinin hüquq fakultəsini bitirərək Bakı Dairə Məhkəməsində andlı müvəkkil statusunda vəkillik etmişdir. R.Axundzadə də Azərbaycan milli istiqlal hərakatının fəal üzvü olmuş, Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasında yaxından iştirak etmiş, milli hökumətdə işlər idarəsinin müdiri, daha sonra Bakı şəhərinin qubernatoru təyin edilmişdir. Aprel işğalından sonra təqiblərə məruz qalaraq represiya qurbanlarından olmuş, 1937-ci ildə sürgünə göndərilmiş və 1940-cı ildə sürgündə vəfat etmişdir.

Azərbaycan Xalq Cumhuriyyəti dövrü

20 noyabr 1864-cü il Məhkəmə Nizamnaməsi Azərbaycan Xalq Cumhuriyyəti dövründə də işlək olmuşdur. Ancaq AXC-nin Ədliyyə Nazirliyi 30 iyul 1919-cu ildə Azərbaycan Dairə Məhkəmə Palatası Andlı Müvəkkillər Şurasının yaradılması haqqında qərar qəbul etmiş və vəkillik AXC devrilənə qədər adı çəkilən Şuranın rəhbərliyi altında fəaliyyət göstərmişdir.

Qürurverici haldır ki, Azərbaycan Xalq Cumhuriyyəti qurulana qədər Bakı və Gəncədə fəaliyyət göstərən vəkillərin hamısı milli hökumət quruculuğunda fəal iştirak edərək gənc dövlətin liderliyinə qədər yüksəlmişlər.

AXC liderlərindən Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, İsmayıl xan Ziyadxanov, Xəlil bəy Xasməmmədov, Rüstəm xan Xoyski və Rəşid bəy Axundzadə 20-ci əsrin əvvəllərində Məhkəmə Nizamnaməsinə uyğun olaraq vəkillərin reyestrində - Bakı Dairə Məhkəməsi Andlı Müvəkkillərin Siyahısında qeydə alınsalar da, AXC yaranana qədər vəkillik (andlı müvəkkillər) fəaliyyəti ilə məşğul olmuş, Cumhuriyyət quruculuğunda fəal iştirak edən və sonradan milli hökumətdə yüksək vəzifə tutan digər vəkillər - Həmid bəy Şahtaxtinski, Aslan bəy Səfikürdski və Nəriman bəy Nərimanbəyli məlum olmayan səbəbdən nə Bakı, nə də Gəncə Dairə Məhkəməsinin Andlı Müvəkkillərinin Siyahısında qeydə alınmamışlar.

Bir məqamı da vurgulamağı zəruri sayıram. 1828-ci il işgalından sonra Rus imperiyasının bütün milli ucqarlarda olduğu kimi Cənubi Qafqazda (Azərbaycanda) da apardığı anti müsəlman-türk siyasətinin nəticəsi idi ki, 1870-ci ildən başlayaraq ən azı yarım əsr ərzində Gəncə və Bakı Dairə Məhkəmələrinin hakimləri və andlı müvəkkillərin (vəkillər) böyük hissəsi qeyri-türk (müsəlman) müllətindən olmuşdur. Bakı Dairə Məhkəməsi sədrinin Ədliyyə Nazirliyinə ünvanladığı 14 avqust 1919-cu il tarixli, 4254 nömrəli məktubuna əlavə edilmiş Bakı Dairə Məhkəməsi Andlı Müvəkkillərin siyahısında 106 nəfər andlı müvəkkildən cəmi 6 nəfəri - Ə.Topçubaşov, Fətəli xan və Rüstəm xan Xoyski qardaşları, Xəlil bəy Xasməmmədov, İsmayıl xan Ziyadxanov və Rəşid bəy Axundzadə müsəlman-türk olmuş, digər andlı müvəkkillər isə rus, erməni, yəhudi və digər millətlərdən olmuşlar. Gəncə Dairə Məhkəmə sədrinin Ədliyyə Nazirliyinə ünvanladığı 09 avqust 1919-cu il tarixli, 1496 nömrəli məktubuna əlavə edilmiş Gəncə Dairə Məhkəməsi Andlı Müvəkkillərin siyahısında 5 nəfər andlı müvəkkilin 2-i rus, 3 nəfəri isə erməni olmuşdur. Bu ona görə baş vermişdir ki, imperiyanı idarə edənlər milli azlıqların rus ali məktəblərinə daxil olmasına süni əngəllər yaradır və hər vəchlə çalışılırdı ki, milli əyalətlərdə yerli xalqın nümayəndəsi olan daha az məmur olsun. Bu barədə o dövr andlı müvəkkil kimi fəaliyyət göstərən, Gəncədən (Yelizavetpol quberniyası) Rusiya İmperiyası 1-ci Dövlət Dumasının üzvü olan millət vəkili İsmayıl xan Ziyadxanov 1906-cı ildə Dumanın iclasinda söylədiyi nitqində demişdi: “Biz müsəlmanlara bəzi ali məktəblərə girmək haqqı verilməmişdir. Başqa ali məktəblərə isə yalnız diplom almaq xatrinə girilməkdədir. Məmur olmaq məsələsinə gəlincə, bu gün Qafqaz daxilində bir yüksək təhsilli mülki hakim istisna edilərsə, öz vətənində xidmət edən bir müsəlman məmuruna rast gəlməzsiniz”

Fikrimcə, 1896-1920-ci illəri əhatə edən dövrü Azərbaycan vəkilliyinin inkişafı tarixinin birinci mərhələsi hesab etmək olar.

Azərbaycan Sovet dövrü

Azərbaycan Xalq Cumhuriyyəti höküməti 28 aprel 1920-ci ildə devrildikdən az sonra hakimiyyəti mənimsəyən bolşevik hökuməti - Azərbaycan İnqilab Komitəsi əvvəlki vəkillik institutunu (andlı və şəxsi müvəkkillər) ləğv etmiş, əvəzində İttihamçılar və Müdafiəçilər Kollegiyasının yaradılması haqqında 13 may 1920-ci il tarixli qərar qəbul etmişdir. 23 may 1920-ci ildə Bakı şəhərində 36 nəfərdən ibarət İttihamçılar və Müdafiçilər Kollegiyası təsis edilmişdi.

Azərbaycan Xalq Komissarları Sovetinin 9 aprel 1922-ci il tarixli, 24 saylı dekreti ilə isə əvvəlki İttihamçılar və Müdafiçilər Kollegiyası ləğv edilmiş və hüquqi yardım büroları vasitəsilə əhaliyə hüquqi yardım göstərməli olan Müdafiəçilər Kollegiyası yaradılmış, daha sonra Azərbaycan SSR-nin Mərkəzi İcraiyyə Komitəsinin 17 noyabr 1923-cü il tarixli Dekretilə “Məhkəmə quruluşu haqqında” Əsasnamə qəbul edilmiş, vəkillik fəaliyyəti bu əsasnaməyə uğun olaraq Cinayət və Mülki İşlər üzrə Müdafiəçilər Kollegiyası kimi xalq dairə məhkəmələrinin nəzdində fəaliyyət göstərmişdir.

1927-ci ildə Azərbaycan Xalq Komissarları Soveti və Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin birgə qərarları ilə “Məhkəmə quruluşu haqqında” Əsasnamə qəbul edilmişdi. Bu Əsanamə ilə vəkillik institutunun təşkilində bəzi dəyişikliklər edilmiş, vəkillik fəaliyyəti xalq dairə məhkəmələrinin nəzdindən ayrılaraq Ali Məhkəmənin nəzdində və nəzarətində olan Müdafiəçilər Kollegiyası kimi təşkil edilmişdi.

1930-cu ildə Azərbaycan Xalq Komissarları Soveti və Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi həmin Əsasnamədə hüquqi yardımla bağlı bəzi dəyişikliklər etdi. Bu dəyişikliyə görə vətəndaşlar hüquq yardımı üçün hüquq məsləhətxanalarında birləşən kollektivin istənilən üzvünə müraciət edə bilərdilər. Ali Məhkəmənin nəzdində və nəzarətində olan Müdafiəçilər Kollegiyası daha uzun müddətə - 1939-cu ilədək mövcud olmuşdu.

1920-1939-cu illər arasındakı dövrü Azərbaycan vəkilliyinin inkişafı tarixinin ikinci mərhələsi hesab etmək olar.

SSRİ Xalq Komissarları Sovetinin 16 avqust 1939-cu il tarixli qərarı ilə təsdiq edilmiş “SSRİ-də vəkillik haqqında Əsasnamə”nin qəbulundan sonra Azərbaycan SSR-də (bu vaxta qədər mövcudluğunu cüzi də olsa saxlayan) Vəkillər Kollegiyası yarandı. Bu Əsasnaməyə uyğun olaraq yaradılan Vəkillər Kollegiyasının əsas vəzifəsi hüquq məsləhətxanaları vasitəsilə əhaliyə hüquq yardımın göstərilməsi idi. Bu Əsanaməyə görə Vəkillər Kollegiyasının üzvü seçkili vəzifə və elmi- pedaqoji fəaliyyətdən savayı dövlət qulluğunda işləyə bilməzdi. Hansı ki, həmin vaxta qədər mövcud olan Əsasnamə vəkillərə istənilən dövlət (və ya kollektiv) müəsisəsində hüquq məsləhətçisi vəzifəsi tutmağa imkan verirdi. Bu Əsasnamə 2-ci dünya müharibəsi və sonrakı uzun illər ərzində işlək olmuşdur. Bunu da vurğulamağı istərdim ki, ikinci dünya müharibəsi zamanı Azərbaycan Vəkillər Kollegiyasının 119 üzvü cəbhəyə yollanmış və Azərbaycan adına vətən uğrunda döyüşmüşlər.

25 dekabr 1958-ci ildə qəbul edilən “SSRİ müttəfiq respubkalarının məhkəmə quruluşu haqqında qanunvericiliyin əsasları”na görə Vəkillər Kollegiyası hər bir müttəfiq respublikanın Ali Sovetinin qəbul etdiyi qanunvericilik əsasında fəaliyyət göstərməli idi. Sözügedən “Əsaslara” uyğun olaraq Azərbaycan SSR Ali Soveti 8 dekabr 1960-cı ildə “Vəkillik haqqında Əsasnamə” qəbul etmiş, bu Əsasnaməyə görə Vəkillər Kollegiyasının fəaliyyətinə nəzarəti Nazirlər Soveti həyata keçirmişdir. Azərbaycan SSR Ali Sovetinin 20 oktyabr 1965-ci ildə qəbul etdiyi “Vəkillik haqqında Əsasnamə”yə görə isə Vəkillər Kollegiyasının fəaliyyətinə nəzarəti Ədliyyə Nazirliyi həyata keçirmiş, bu Əsasnamə 1980-cı ilə qədər qüvvədə olmuşdur.

1939-1979-cu illər arasındakı dövrü Azərbaycan vəkilliyinin inkişafı tarixinin üçüncü mərhələsi hesab etmək olar.

30 noyabr 1979-cu ildə “SSRİ-də vəkillik haqqında” yeni qanun qəbul olunmuş, bu qanuna uyğun olaraq Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi 13 noyabr 1980-cı il tarixli qanunla “Azərbaycan SSR-də vəkillik haqqında” yeni və təxminən 19 il – 1980-1999-cu illər ərzində işlək olan Əsasnamə qəbul edilmişdir. Bu Əsasnaməyə görə Vəkillər Kollegiyası vəkillik fəaliyyəti ilə məşğul olan vəkillərin könüllü birliyi olmuşdur. Vəkillər Kollegiyası ali hüquq təhsilli şəxslərdən ibarət təsisçilər qrupunun təklifi əsasında və ya müvafiq Xalq Deputatları Sovetinin icra və sərəncam orqanının təşəbbüsü ilə yaradılırdı. Əsasnaməyə görə Vəkillər Kollegiyasını yaratmaq haqqında təklif Azərbaycan SSR Ədliyyə Nazirliyinə göndərilir, nazirlik təkliflə razılaşdıqda təsdiq və qeydiyyat üçün onu Nazirlər Sovetinə, yaxud da yerli İcra orqanına göndərirdi. Bu əsasnamə əsasında yaradılan Vəkillər Kollegiyası əvvəlkitək (dolayısı ilə) Ədliyyə Nazirliyinə tabe etdirilmişdi. Əsasnamədə indiki “Vəkillər və vəkillik fəaliyyəti haqqında qanun”a oxşar xeyli məqamlar olsa da, fərqli cəhətləri də az olmamışdur. Bu Əsasnamədə vəkillər kollegiyasının orqanları, vəkilliyə qəbul qaydaları, vəkilin pulsuz hüquq yardımı göstərməsi, vəkilin intizam məsuliyyətinə alınması məsələləri və sair tam fərqli qaydada nizamlanmışdır. “Azərbaycan SSR-də vəkillik haqqında” həmin (və sonuncu) Əsasnaməyə görə Vəkillərin ixtisas komissiyası olmamış, vəkilliyə qəbul zamanı iki il hüquq stajı tələb olunmuş, bu staj ümumiyyətlə olmadıqda və ya iki ildən az olduqda altı aydan bir ilə qədər kollegiyada staj keçməklə üzv olmaq imkanı olmuş, vəkilin bütün yox, yalnız konkret mülki işlərdə (məsələn aliment və əmək mübahisələri ilə bağlı) pulsuz hüquq yardımı göstərə bilmək hüququ olmuşdu. Əsasnaməyə görə Ədliyyə Nazirinin vəkilin intizam məsuliyyətinə dair iş qaldırmaq barədə Reyasət Heyyətinin sədrinə təklif vermək səlahiyyəti olmuşdur. Əsasnamədə vəkil andı, vəkil etikası və vəkil sirri nəzərdə tutulmamışdır. Əsasnaməyə görə hüquqi yardım göstərilməsi işinin həcmi kifayət qədər olmadıqda rəyasət heyyəti vəkilin hüquq məsləhətçisi kimi işləməsinə icazə verə bilərdi.

Azərbaycan vəkilliyinin inkişafı tarixinin dördüncü mərhələsi hesab edilən 1980-1991-ci illər arasındakı dövrdə vəkillik tarixində ilk dəfə bir neçə tanınmış vəkil fəxri ad almışdır. “Vəkillərin bir qrupuna “Azərbaycan SSR əməkdar hüquqşünası” fəxri adının verilməsi haqqında” Azərbaycan SSRİ Prezidentinin 4 fevral 1991-ci il tarixli, 172 nömrəli Fərmanı ilə vətəndaşların, təşkilatların, müəssisələrin mənafeyinin hüquqi mühafizəsi və hüquqi biliklərin yayılması sahəsində uzun illər səmərəli işlədiklərinə görə vəkillər Atakişiyev Salam İbrahim oğlu, İsmiyev Teymur Əlibaba oğlu, Skirta Sergey Mixayloviç və Carçıyev Davud Hacıkərim oğluna Azərbaycan SSR əməkdar hüquqşünası fəxri adı verilmişdir.

Azərbaycan müstəqillik dövründə

Text, letterDescription automatically generated

18 oktyabr 1991-ci ildə ölkəmizin parlamenti “Müstəqillik haqqında” Konstitusiya Aktını qəbul etdi və SSRİ adlanan dövlətdən ayrılan (ittifaqdan çıxan) Azərbaycan Respublikası müstəqil dövlət oldu. Müstəqilliyin ilk illərində bir çox qanunlar kimi 13 noyabr 1980-cı il tarixli qanunla təsdiq edilmiş “Azərbaycan SSR-də vəkillik haqqında” Əsasnamə də 1999-cu ilə qədər – hazırda qüvvədə olan qanunun qəbuluna qədər qüvvədə olmuşdur.

Qeyd etmək lazımdır ki, 1992-2000-ci illərdə adıçəkilən əsasnamə əsasında vəkillik fəaliyyəti ilə yanaşı (sahibkarlıq fəaliyyəti kimi göstərilən) xüsusi razılıq əsasında pullu hüquqi xidmət növü də mövcud olmuş, belə xidməti göstərənlər isə mülki və inzibati işlərlə yanaşı hətta cinayət işlərində də müdafiəçi qismində iştirak edə bilmişlər.Vəkillər Kollegiyasının Bakı şəhərində, eləcə də digər şəhərlərdə və rayonlarda fəaliyyət göstərən hüquq məsləhətxanaları ilə yanaşı müxtəlif adlarla pullu hüquq xidməti göstərən özəl – Vəkillər Kollegiyasından kənar hüquq firmaları və şirkətləri də fiziki və hüquqi şəxslərə “vəkil” adı ilə hüquqi yardım göstərmişdir.

Müstəqilliyinin ilk illərini yaşayan Azəbaycan Respublikasında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 12 noyabr 1995-ci ildə hüquqi dövlətin tələblərinə tam cavab verən Konstitusiya qəbul olunmuş, ölkə tarixində ilk dəfə olaraq hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ konstitusiya ilə təsbit edilmişdir. Konstitusiyada qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardımın ödənişsiz, dövlət hesabına göstərilməsi, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ təsbit edilmişdir.

Bundan sonra Azərbaycan Respublikasının Milli Məclisi “Vəkillər və vəkillik fəaliyyəti haqqında” 28 dekabr 1999-cu il tarixli qanun qəbul etmiş, Azərbaycan vəkilliyi bu vaxtadək bu qanun və ona müxtəlif vaxtlarda edilən əlavə və dəyişikliklərə əsasən faəliyyət göstərməkdədir. Bu qanunla ilk dəfə olaraq vəkillik təsisatı tam müstəqil, özünü idarəedən, heç bir dövlət orqanından asılı olmayan qeyri-dövlət qurumu kimi formalaşdı. Bu qanunda əvvəlki hüquqi aktlardan fərqli olaraq vəkillərin hüquqları və vəzifələri genişləndirilmiş, vəkillik fəaliyyətində yeni institutlar yaranmış və demək mümkünsə vəkillik fəaliyyətində ciddi və mütərəqqi “nizam-intizam” müəyyənləşmişdir. Belə ki, sözügedən qanunun qəbulundan sonra cinayət işləri üzrə məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda müdafiçi qismində yalnız Vəkillər Kollegiyasının üzvlərinin iştirak edə bilməsi təsbit edilmiş, daha sonra qanuna edilən 11 iyun 2004-cü il tarixli dəyişikliklə cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi, məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraatda fiziki şəxsin müdafiəsi, mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikası Ali Məhkəməsində təmsil edilməsi, habelə hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində təmsil edilməsi vəkillik fəaliyyətinin müstəsna dairəsi hesab edilmişdir. Bundan başqa qanunda vəkillik fəaliyyətinin təminatı, qanunda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən vəkil adından qanunsuz istifadə olunmasının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olması, vəkil andı, vəkil sirri, vəkil etikası, vəkilliyə qəbul qaydaları, ixtisas komissiyası və sair əhəmiyyətli məsələlərlə bağlı müddəalar əksini tapmışdır.

28 dekabr 1999-cu ildə qəbul edilmiş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun “Keçid müddəaları”nın 2-ci bəndində “Bu Qanunun Keçid müddəalarının qüvvəyə mindiyi gündən üç ay müddətində yeni Vəkillər Kollegiyasını təsis etmək üçün təsis yığıncağının keçirilməsi” nəzərdə tutulsa da, təsis yığıncağının keçirilməsi 2004-cü ilin sonuna qədər yubanmışdır.

Azərbaycan vəkilliyinin inkişafı tarixinin beşinci mərhələsi hesab edilə bilən 1992-2004-cü illəri əhatə edən dövrü bəzi müşahidəçilər vəkilliyin inkişafı baxımından durğunluq və “vəkillik fəaliyyətində qeyri-müəyyənliyin” hökm sürdüyü dövr kimi də xarakterizə edirlər. Ona görə ki, bu dövrdə adı çəkilən qanun qəbul olunaraq qüvvəyə minsə də, qanuna uyğun yeni Vəkillər Kollegiyası yaradılmamış, çox az sayda üzvləri olan və üzvlüyə qəbul prosesində çətinlikləri olan Vəkillər Kollegiyası demək mümkünsə əvvəlki “sovet ənənəsi” ilə fəaliyyət göstərmiş, vəkillikdə hər hansı irəliləyiş olmamışdır.

Azərbaycan vəkilliyinin inkişafı tarixinin altıncı mərhələsi hesab edilən dovr “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun keçid müddəalarına uyğun qaydada vəkillərin Təsis Yığıncağının keçirilməsi və Azərbaycan Respublikasında (yeni) Vəkillər Kollegiyasının təsis edilməsi ilə başlamışdır. Ancaq bəri başdan demək olar ki, bu dövr də özündən əvvəlki dövrdən “durğunluğuna” görə fərqlənməmişdir. Vəkillər Kollegiyasının 04.11.2004-cü il tarixli Təsis Yığıncağının qərarına əsasən (Yeni) Vəkillər Kollegiyası təsis edilsə də, uzun müddət vəkillik fəaliyyətində “köhnə sovet” ənənəsi yenə də üstünlük təşkil etmiş, nəzəri yeniliklər təcrübədə tam təşəkkül tapa bilməmiş, vəkilliyin maddi-texniki təminatında heç bir irəliləyiş – inkişaf olmamış, vəkil qurumları Vəkillərin baş ofisinin yerləşdiyi bina kimi sovetdən qalma “köhnə-külüş” və darısqal məkanlardan çıxa bilməmiş, Kollegiyanın beynəlxalq əlaqələri demək olar olmamış, Kollegiyaya üzv olmaq üçün xeyli problemlər olduğundan ölkədə çox az sayda, 300 nəfərdən bir az çox vəkil olmuş, regionlarda hər kəsin yüksək keyfiyyətli hüquq yardımı almaq kimi konstitusion hüququ məhdud həddə olmuş, Azərbaycanın əksər rayonlarında vəkil qurumları olmamış, mülki işlər üzrə məhkəmə prosesində qanundan və sivil qaydalardan kənar “özbaşına nümayəndəlik institutu” tüğyan edərək qanuni vəkillik fəaliyyətini sıxışdırmış, dövlət hesabına pulsuz hüquq yardımının göstərilməsində çox ciddi qüsurlar olmuş, hər kəsin konstitusion yüksək keyfiyyətli hüquq yardımı almaq hüququ çox tez-tez pozulmuş və ən acınacaqlısı odur ki, həmin dövr Vəkillər Kollegiyasının rəhbərliyi bütün baş verənləri sadəcə seyr etməklə kifayətlənmiş, nəinki vəkillik təsisatının nüfuzuna, eləcə də dövlətin və cəmiyyətin maraqlarına cavab verən hər hansı tədbirlər görməmiş və ya buna təşəbbüs göstərməmişdir.
Text, letterDescription automatically generated

04.11.2004-cü il tarixdə (Yeni) Vəkillər Kollegiyası təsis edilməsindən az sonra Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə” 11 mart 2005-ci il tarixli, 669 nömrəli Sərəncam vermişdir. Həmin Sərəncamla ölkə Konstitusiyasında təsbit edilmiş hüquqi yardım almaq hüququnun daha səmərəli həyata keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının yeni təsis edilmiş Vəkillər Kollegiyasının maddi-texniki təminatını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdı ki, iki ay müddətində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fəaliyyətinin təşkili üçün müvafiq bina və maddi-texniki təminat ilə bağlı məsələləri həll etsin, nəqliyyat vasitələrinin alınması və vəkillərin xüsusi geyim formasının hazırlanması üçün vəsait ayırsın. Buna baxmayaraq nəinki vəkilliyin maddi-texniki təminatı, həm də vəkilliyin baş ofisinin də şəraiti əvvəlki “sınıq-salxax” vəziyyətindən çıxa bilməmişdir.

Azərbaycan vəkilliyinin ən yeni tarixi

A person in a suit sitting at a deskDescription automatically generated with medium confidence

Azərbaycan vəkilliyinin inkişafı tarixinin yeddinci mərhələsi hesab edilən dövr 07 dekabr 2017-ci ildə keçirilən Vəkillər Kollegiyasının konfransı ilə başladı. Bundan öncə vəkillər Kollegiyasının əvvəlki sədri Azər Tağıyev səhhəti ilə əlaqədar vəzifəsindən istefa vermişdi. 110 nümayəndənin iştirak etdiyi konfransda hüquq elmləri üzrə fəlsəfə doktoru, Hakimlərin Seçki Komitəsinin üzvü, Ədliyyə Akademiyasının “Vəkillərin peşəyə buraxılış və ixtisasartırma fakültəsi”nin dekan əvəzi, Akademiyanın elmi şurasının üzvü, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 may tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən tanınmış və nüfuzlu vəkil Anar Bağırov Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri, tanınmış vəkillər Aydın Axundov və Pərviz Ələkbərov isə sədrin müavinləri seçildilər. Əvvəlcədən deyə bilərəm ki, bu konfrans Azərbaycan Respublikası Vəkillər Kollegiyasına yeni rəhbərliklə yanaşı həm də vəkilliyə yeni nəfəs gətirdi.

Vəkillər Kollegiyasının rəhbəriyində olan kadr dəyişikliyindən az sonra vəkilliyin acınacaqlı durumunun sürətlə dəyişilməsi və inkişafı məqsədilə Anar Bağırovun rəhbərlyi altında vəkillik təsisatında dövlət və cəmiyyət üçün həyati əhəmiyyət daşıyan islahatlar həyata keçirilməyə başlandı. İslahatlar komleks şəkildə aparıldı və hazırda da davam etməkdədir. Belə ki, yeni rəhbərlik bir tərəfdən müəyyən qismi yuxarda sadalalan, uzun illər yığılıb qalmış problemlərin köklü həllinə başladı, digər tərəfdən isə Kollegiyanın əvvəllər olmayan beynəlxalq əlaqələrinin yaradılması və Azərbaycan vəkilliyinin səviyyəsini sivil ölkələrin vəkilliyinə çatması üçün xeyli işlər gördü və bu işlər indi də davam edir.

Bu dövrə təsadüf edən bir məqamı da xatırlatmaq yerinə düşərdi. 2017-ci ilin payızı məhkəmədə nümayəndəlik institutunun yenidən təşkili, hüquqi yardımın Azərbaycan Respublikası Konstitusiyaının 61-ci maddəsinə uyğun təşkil edilməsi üzrə diskussiyalarla yadda qaldı. Azərbaycan dövləti hər kəsin yüksək keyfiyyətli hüquqi yardımla təmin olunması öhdəliyinin icrasını qanunla vəkillik təsisatının üzərinə qoyub. Bu baxımdan məhkəmədə şəxsin hüquq və azadlıqlarını yüksək səviyyədə müdafiə etmək Konstitusiya və qanunla vəkilliyin birbaşa vəzifəsi olsa da, bu sahədə uzun müddət tüğyan edən özbaşınalığa və ya “anarxiyaya” vaxtında və prinsipial etiraz bildirilməmişdi. Bütün hüquqi dövlətlərdə məhkəmədə hüquq və azadlıqların müdafiəsi ilə vəkillər, yaxud da bu fəaliyyətlə məşğul olmağa müvafiq dövlət orqanı tərəfindən verilmiş xüsusi razılıqla hüquqşünaslar məşğul olurlar. Hüquqi dövlət ərazisində olan hər kəsin yüksək keyfiyyətli hüquqi yardım hüququnu tanıyır. Ona görə də vəkillik fəaliyyətinin nəzarətdən kənarda olmaması məntiqə uyğundur. Təssüf ki, ölkəmizdə uzun müddət özünü vəkil adlandıran “özbaşına” nümayəndəlik mövcud olmaqla vəkillik təsisatının, habelə dövlətin və cəmiyyətin maraqlarına zərbə vurmuşdur. Gec də olsa məhkəmə hakimiyyəti “özbaşına” nümayəndəliyə son qoymaq üçün qanunvericilik təşəbbüsü ilə çıxış etmiş, Milli Məclisin qəbul etdiyi 31 oktyabr 2017-ci il tarixli, 853 VQD nömrəli qanunla Mülki-Prosessual Məcəllədə ciddi dəyişiklik edilərək nəhayət ki, hər kəsin yüksək hüquqi yardım almaq hüququnun kütləvi pozuntusunun qarşısı alınmışdır. 01 yanvar 2018-ci ildən qüvvəyə minən həmin qanunla Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə (AR MPM) 69.1-1-ci maddəsi əlavə edilmişdir. Bu maddəyə görə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Bundan başqa sözügedən qanunla AR MPM-nin 70-ci maddəsi ləğv edilərək mülki prosesdə nümayəndə ola biləcək şəxslərin dairəsi dəqiqləşdirilmiş, bununla da qeyri-hüquqşünasların və ya “özbaşına” nümayəndələrin, eləcə də vəkil adından qanunsuz istifadə edən hüquqşünasların uzun müddətli qanunsuz fəaliyyətlərinə son qoyulmuşdur. Sözügedən ciddi və əhəmiyyətli dəyişiklik vəkillər ordusu, hüquq camesi və cəmiyyət tərəfindən alqışlansa da, etiraz edənlər də olmuşdu. Buna görə Vəkillər Kollegiyasının yeni rəhbərliyi ertirazçılara müraciət edərək onları qanunla nəzərdə tutulmuş qaydada vəkil olmağa dəvət etmiş, yüzlərlə hüquqşünas bu təklifdən bəhrələnərək Vəkillər Kollegiyasına üzv qəbul olmuşlar. “Özbaşına” nümayəndəliyin ləğv edilməsində, eləcə də vəkil adından qanunsuz istifadəyə qarşı mübarizə tədbirlərinin təşkili prosesində hələ sədr seçilmədən də fəal iştirak edən, vəkilliyin nüfuzunun özünə qaytarılması üçün mümkün olanı edən Anar Bağırov sözügedən konfransdan sonra bu sahədə olan problemlərin köklü həlli üçün hər şeyi etdi. Hazırda əminliklə deyə bilərik ki, vəkil adından qanunsuz istifadədən və “özbaşına” nümayəndəlikdən tam xilas olmuşuq.

Graphical user interfaceDescription automatically generated with medium confidence

Azərbaycan vəkilliyinin hazırkı inkişafından danışarkən “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamı xüsusi qeyd edilməlidir. Ona görə ki, Vəkillər Kollegiyasının yeni rəhbərliyi adı çəkilən Sərəncamı öz fəaliyyətində rəhbər tutaraq əməli işlərə başlamışdır. Vəkillər Kollegiyası üzvlərinin sayının artırılması, vəkil olmaq istəyən şəxslərin öz arzularına tez və maneəsiz çatması üçün vəkilliyin tarixində ilk dəfə olaraq 2018-ci ildə 2 dəfə imtahan keçirilmiş və 600 nəfərdən çox hüquqşünas vəkil peşəsinə yiyələnmişdir. Rəqəmlərə diqqət edək: (Yeni) Vəkillər Kollegiyası təsis edilən ərəfədə - noyabr 2004-cü ildə Kollegiyanın 300 nəfərdən bir qədər artıq üzvü olmuş, Kollegiyanın son konfransı keçirilən ərəfədə - dekabr 2017-ci ildə isə üzvlərin sayı 934 nəfərə çatmış, 2018-ci ilin sonuna isə Kollegiya üzvlərinin sayı 1503 nəfər olmuşdur. Bu o deməkdir ki, Kollegiyanın əvvəlki rəhbərliyi dövründə 13 ildə (2004-2017-ci illərdə) 600-ə yaxın hüquqşünas kollegiyaya üzv ola bilmişdirsə, indiki rəhbərliyin dövründə cəmi 1 il ərzində eyni sayda hüquqşünas kollegiyaya üzv ola bilib. Bunu da vurğulamaq yerinə düşər ki, 2019-cu ilin əvvəlində keçirilən imtahanda 100-dən artıq hüquqşünasın uğurlu nəticəsi var və tezliklə o sayda hüquqşünasın da kollegiyaya üzv olacağı və 2019-cu ilin sonuna – vəkilliyin 100 illik yubiley ilində vəkillərin sayının 2000 nəfərə çatdırılması gözlənilir.



2019-cu ilin iyun ayına qədər regionlarda fəaliyyət göstərən vəkillərin sayı 393 nəfər, onlardan 143 nəfəri fərdi qaydada fəaliyyət göstərir. Bakı şəhərindəki vəkillərin sayı isə 1110 nəfər, onlardan 105 nəfəri fərdi qaydada fəaliyyət göstərir. Bakı şəhərində 27 vəkil qurumu, regionlarda isə 15, cəmi 42 vəkil qurumu fəaliyyətdədi və bu rəqəm artmağa doğru gedir.

Azərbaycan vəkilliyinin inkişafı naminə Kollegiyanın yeni rəhbərlyinin 2019-cu ilin ikinci yarım ilinə qədər həyata keçirdiyi kompleks işlərin hamısını sadalaya bilməsəm də, ən əhəmiyyətlilərini vurğulayıram.

Yeni rəhbərlik elə seçildiyi konfransda ona nail oldu ki, “Vəkillərin etik davranış qaydaları” haqqında Əsasnamə qəbul edildi. Vəkil qurumları hüquq məsləhətxanası adından imtina edərək vəkil büroları adlandırıldı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 saylı qərarı ilə dövlət hesabına pulsuz hüquq yardımına görə vəkillərə ödənilən qonararın məbləği üç dəfə artırıldı. Vəkillərin baş Ofisi köhnə və “sovet” məkanından çıxıb yeni və müasir binaya köcdü. Bakı şəhəri və regionlardakı vəkil bürolarının əksəriyyəti müasir tələblərə cavab verən şəkildə təmir edilib vəkillərin istifadəsinə verildi. Həm Bakı şəhərində, həm də regionlarda yeni vəkil qurumları yarandı və ona doğru gedilir ki, Azərbaycanın bütün rayonlarında vəkil büroları yaradılsın və vəkillik üzərinə düşən vəzifəni bütün ölkə boyu yerinə yetirsin. Habelə regional məhkəmələrin yerləşdiyi şəhərlərdə regional vəkil büroları yaradıldı və yaradılmaqda davam edir. Vəkil yardımına çatımlılığı tezləşdirmək və asanlaşdırmaq üçün ASAN Xidməti ilə əməkdaşlığa dair Momerandium imzalanaraq Xidmətin rayonlarda yerləşən mərkəzlərində vəkil büroları yaradılaraq fəaliyyətə başladı.

İlk dəfə olaraq vəkillərin Azərbaycan və ingilis dilində elektron reyestri yaradıldı. Bu reyestrin sayəsində vətəndaşların vəkillərin ümumi məlumatlarına çatımlılığının təmin edilməsi məqsədilə vəkillərin zəruri anket məlumatları toplanıb və bu məlumatlar Kollegiyanın rəsmi veb-səhifəsində yaradılmış müvafiq bölmədə yerləşdirilmişdir. Bu məlumatlara əsasən, hüquqi yardıma ehtiyacı olan istənilən şəxs öz tələblərinə uyğun vəkili asanlıqla müəyyən edə, onunla rahat şəkildə əlaqə saxlaya bilir. Bundan başqa ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində yaradılmış elektron məhkəmə sistemindən vəkillərin istifadəsinin asanlaşdırılması və stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə əldə olunmuş razılığa əsasən vəkillərin Asan İmza ilə təmin olunması istiqamətində də tədbirlər görülməkdədir.

“Azərbaycan Vəkili” jurnalı nəşr edilməyə başlamış, Vəkillər Kollegiyasının müasir tələblərə cavab verən (internet səhifəsi) saytı yaradılmışdır. Vəkillər Kollegiyası 2018 və 2019-cu ilin 4 ayı ərzində 10-dan çox olkənin Vəkillər Kollegiyası, o cümlədən Türkiyə, Rusiya Federasiyası, Ukrayna, Belarus, Gürcüstan, Qazaxstan, Almaniya və sair ölkələrin Vəkillər Kollegiyası, eləcə də Avropa Vəkillər Birliyi və Beynəlxalq Vəkillər İttifaqı ilə yaxın əlaqələr qurmuş, Kollegiyanın təşkilatçılığı ilə 2018-ci il ərzində Bakı şəhərində vəkillik və vəkilin ədalət mühakiməsindəki roluna dair 3 mötəbər beynəlxalq tədbir keçirilmişdir.

Bu ərəfədə Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixdə verdiyi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı dövlət hesabına göstərilən hüquq yardımının yüksək keyfiyyətlə yerinə yetirilməsinə böyük dəstək hesab edilir. Həmin Fərmanla hökumətə tapşırılmışdır ki, dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin dəqiq proqnozlaşdırılmasını və mərkəzləşdirilmiş uçotunu təmin etmək məqsədilə cari ilin və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılması barədə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Fərmanla hökumətə verilən tapşırıq həll edildikdən sonra əminliklə demək mümkün olacaq ki, dövlət hesabına həyata keçirilən hüquqi yardımın keyfiyyəti daha da yüksək olacaq.

Vəkillər Kollegiyasının gələcək üçün hədəflərindən biri də Vəkillər Kollgiyasına üzv olmaq üçün keçirilən yazılı və şifahi imtahandan savayı namizədlərin yazı və nitq qabiliyyətinin də yoxlanmasıdır. Bu dəyişiklikdə ona istiqamətlənib ki, vəkillərin peşəkarlığı və ədalət mühakiməsindəki rolu daha da artsın.

Hazırda vəkillik fəaliyyəti üçün önəmli məsələ olan - cinayət proseslərində əvvəllər mövcud olmuş və “formal vəkillik” adını almış - dövlət hesabına göstərilən pulsuz hüquq yardımının səmərəliliyini artırmaq məqsədilə kompleks tədbirlər görülür o məqsədlə ki, dövlət hesabına göstərilən hüquq yardımı yüksək keyfiyyətlə hayata keçirilsin.

Beləliklə, 100 illik tarixi olan Vəkillər Kollegiyasının hazırkı fəaliyyətindən görünən odur ki, Azərbaycanda vəkillik fəaliyyətinin səmərəliliyinin müasir çağırışlara cavab verməsi, vəkilin ədalət mühakiməsindəki rolunun gücləndirilməsi və vəkilliyin nüfuzunun öz layiqli yerinə çatması əsas hədəflərdir.

Məqalə ilə buradan tanış ola bilərsiz




Akif Əlizadə

Vəkil, Xəzər Universiteti Hüquq Departamentinin baş müəllimi

 

İstifadə olunan mənbələr:

1.Azərbaycan tarixi: Uzaq keçmişdən 1870- ci ilə qədər. Red. S.S.Əliyarlı. 1996
2.Azərbaycan dövlət və hüquq tarixi. X.X.İsmayılov 2006
3.Конолиальная политика Российского царизма в Азербайджане. Т.И. М-Л 1936
4.Суд Присяжных в Росси. Громкие уголовное процессы 1864–1917. С.М.Казанцев. Лениздат, 1991. стр. 11-12

5.Cumhuriyyət qurucuları. Nəsiman Yaqublu. Bakı -2018
6.Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 1919-cu ilə aid olan Ədliyyə Nazirliyinin Azərbaycan Dairə Məhkəmə Palatası Andlı Müvəkkillər Şurasının yaradılması haqqında qərarı, Bakı Dairə Məhkəməsi sədrinin Ədliyyə Nazirliyinə ünvanladığı 14 avqust 1919-cu il tarixli, 4254 nömrəli məktubuna əlavə edilmiş Bakı Dairə Məhkəməsi Andlı Müvəkkillərin siyahısı və Gəncə Dairə Məhkəməsi sədrinin Ədliyyə Nazirliyinə ünvanladığı 09 avqust 1919-cu il tarixli, 1496 nömrəli məktibuna əlavə edilmiş Gəncə Dairə Məhkəməsi Andlı Müvəkkillərin siyahısı
7. 50 лет Советской адвокатуры в Азербайджане. Статья Заместителя председателя Президиума Коллегии Адвокатов Азербайджанской ССР А.А.Абдуллаева «История организации советской адвокатуры в Азербайджане» стр. 19-31 (Материалы научно-практической конференции Коллегии Адвокатов Азербайджанской ССР. Баку 30.05.1972)
8.История советской адвокатуры. М.П.Шаламов. Москва Юриздат. 1939 стр. 51-53
9.Azərbaycan SSR Vəkilliyi haqqında Əsasnamə. Bakı. 1981